...Lap ağlıma bir fikir gəldi : atası çəkən siqaretləri balası qutu-qutu çəkər... “Atalar və Oğullar”... Yəqin ki, Turgenevin bu nihilist romanını oxuyubsuz. Turgenev bilsəydi ki, XXI əsrdə o « atalar » Azərbaycanda da « zühur » edəcək, kişi bu romanının ardınca bir roman da yazardı, proloqunu da belə verərdi: “Ata olmaq üçün qadınınla yatmaq lazımdırsa, azərbaycanlı ata olmaq üçün çürük beyinlərin xarabasında, siqaret kötükləri ilə yatmaq və onları qanlı tüpürcəklə mayalandırmaq lazımdır...”
Durun, təxmin edim! İndi hansısa “azərbaycanlı”deyəcək ki, sən öz fikirlərini Turgenevin adına çıxma, kişi ölüb “haqq dünya”dadır (yəni 5 ulduzlu Məva otelində hurilərlə mazaqlaşır)! Amma indi gəlin mən izah edim Sizə, sonra deyin görək, Turgenev kimi nihilist bunu deyərdi, ya yox?!
... Papiros çəkmək nədir??? Denominasiya edilmiş və dörd ayaq müğənnilərimiz kimi kosmetik əməliyyatdan keçmiş yeni manatlarımızı bükmələyib yandırıb sümürmək.. Özü də manatdan-manata fərq olan kimi siqaretdən də siqaretə fərq var. Məsələn, 1 manatlıqla 5 manatlığın tüstüsü eyni deyil. İnanmırsızsa, yandırıb baxın!Eləcə də Yava ilə Kent 8-in.
Leskovun “Gecə adamları”nda keşiş yaxşı deyirdi Katerinanın dərdi üçün: “...Bu yeni bir şeydir, amma köhnə bəladır-nihilizmdir...”İndi bu papirosun dərdi də məni nihilist eləməsin, neyləsin? Yoxsa gedib bir siqaret də mən çəkim dərdimdən?.. Pulum yoxdur vallahi, and olsun, yazdığımız hərflərin sayına, pulum olsa, KİTAB alıb oxuyaram...
Nihilistəm, inkar edirəm! Ayaqlayıram cəhalətin xıltlı ürəyini!
Nihilistəm, inkar edirəm! Tapdayıram riyakarların tərbiyə verməyini!
Nihilistəm, inkar edirəm! Xıncım-xıncım edirəm kifli başların şüursuzluğu üzərində yüksəlməyə can atan gələcəyi də!
Nihilistəm, inkar edirəm! Çünki Bazarov demiş, işimiz inkar etməkdir, ölkəni bəladan qurtarmaq üçün!
Bəs kimdir bu bəla? Cim Kerrinin filminə baxıb hər şeyə “HƏ” deyən varlıqlar! Cavid yaxşı deyirdi:
-“Rəqsi təlim eləyir ağsaqlar...”
Papiros tüstüsündən xışıldayan sinəsindən qan içində qopan səsi ilə, ilk dəfə siqarət çəkdiyini görmüş oğluna, bağıran atanın bağırtısı elə onu çəkdiyi siqaret kimidir.. Siqaret çəkilib qurtarınca onu külqabıya basıb necə söndürürlərsə, bağıran bu atanın da səsi vərəmli sinəsində eləcə basılıb batırılır! Amma Turgenevin bu qəhrəmanları hələ bir həyasızcasına adamın üzünə dururlar ki, özüm papirosa görə bu günə düşmüşəm, ona görə istəmirəm oğlum da çəkə. İndi yəqin bu cızma-qaramızı oxuyanlardan da kimsə elə düşünəcək ki, hə də kişi düz deyir... Ağlı “azərbaycanlı” ağlından bir qarış çox olan ərəb də deyər ki, a kişi, onda birinci özün tərgiz də! Belə hünərlisən, o hünəri, barmaq boyda olan tütünə bükülmüş kağıza görsət də! Qıçın boyda oğluva niyə danlaq verirsən?! İnsanın acizliyi... Div boyda adam, barmağı boyda siqaretə əsir olarmış... Axırda da xortdanağı çıxar, Nəsibənin kuklasına oxşayar.. Al bu da Sənə div! Həə, bizimkilərin divlə köhnə ədavəti var.. Cırtdanlar sağ olsun...
İndi Turgenev belə deyərdi, deməzdi?..
Amma məsələ təkcə onda deyil ki, “atalar” “azərbaycanlı” kimi qırmızı-qırmızı adamın üzünə necə dururlar.. Məsələ həm də ondadır ki, atasının tökdüklərini yığan oğullar var- bir “azərbaycanlı” təbiri ilə desək.. Bəs yaxşı, yığdıqları nədir deyə soruşarsaz, bilin ki, atalarının tökdükləri siqaretlərin külü...! Ona görə də kül olub elə bu gəncliyin də başına! Ağlı başında olan gənclərin sayını bilmək üçün gərək baxça uşağı kimi 100-də yuxarı saya bilməyəsən...
5 nəfərdən 3-ü papiros çəkirsə (gənclər olacaq gəncciyəzlərdən gedir söhbət), əmin olun ki, onlar siqaretdən əvvəl “dərd” çəkirlər. Hansısa “sevgi mərəzi”ni, hansısa, “məhəbbət dərdi”ni çəkirlər... Adama deyərlər, (amma adama!) a kişi, bir bax da Hacıbalaya, o heç olmasa yol çəkir (sonradan yollarda köstəbək hücumları müəyyən olunsa da) !Sözün qısası, hamısı çəkir.. Fərqli də olsa.. Kimisə sifətinə şkatur çəkir, kimisi, özünü apara bilmədiyinə görə özünü elə çəkir, elə çəkir...Kimisi işıqda da qorxudan içini çəkir! Kimisi “şapalaq tərbiyənin sütunudur” deyib, uşağına bir şillə çəkir.. Kimisi, hamamda klip çəkir ( mən bilən hamamdan çimmək və yuyunmaq üçün istifadə edirlər)... Kimisi pəmbə dizilərə baxıb, internata illər əvvəl atmış uşağını görən vicdanını işlətməmiş obrazın riyakar kövrəlməsinə baxıb deyirlər ki, “vay yazıq, gör qan necə çəkir!” Allah da bu azərbaycanlıların əlindən çəkir... Başqa Allah olsaydı, əminəm, Allah özü də allahlığından istefa verərdi, bu atalar və oğullarla bacara bilmədiyi üçün. (Amma deyin bir görək, bir “azərbaycanlı” nihilizmi sevib “azərbaycanlılığı”ndan əl çəkir?..)İndi neynəsin e, durub 2-ci allah yaradası deyil ki...!Hə, qısaca gəncciyəzlərimiz səd əfsus ki, siqaret çəkir... A kişi, belə çəkən oğlansan, get heç olmasa, “ümumrespubllika olmpiya hərəkatı”na qoşul, idmanla məşğul ol, avar çək, bu da olsun bir daşla iki bildirçin. Yox, bizimkilər, küçəyə çıxanda başqasının qadınına fit verib, öz məhləsində qeyrət çəkməyə bir candılar. Namus üstə “srok çəkməy”in avtoriteti isə tamam başqa bir dünya... Ehh.. Biqeyrət dünya... Sən bu “azərbaycanlı”ların öhdəsindən gələ bilmirsənsə, heç kişi deyilsən! Arvadsan! Özü də Sabirin dediyi Tükəzbanlardan...! Kişi düz deyib də:
-“Sonyalar var ikən, Tükəzbanları neylərdin, İlahi?..”
Həə... Əziz “ata”lar... Bu da siqaretinizi damağınızdan dartıb ifşa palçığına salan nihilizm... Əslində o heç nə eləmədi, Nitsşe düz deyib də bəs- ən yüksək dəyərlərin ÖZLƏRİNİN ÖZLƏRİNİ dəyərdən salması...
P.S. Bundan sonra gərək siqaret qutularının üzərinə yazılan "Siqaret çəkmək Sizin sağlamlığınız üçün təhlükəlidir!"- siqnalının yerinə, "Siqaret çəkmək atalarınızın öz oğulları üçün təhlükəsidir!" - sözləri yazılsın. "Yalnız həddi-büluğa çatmış şəxslər üçün!" ifadəsinin əvəzində isə, "Bunu həddi-büluğa çatmış şəxslər istehsal edib!" sözləri yazılsın...
2009.10.10 HəbibHeydər