“Atəşkəs sülh deyil, müharibə daha mürəkkəb mərhələyə keçir” – ŞƏRH

“Atəşkəs sülh deyil, müharibə daha mürəkkəb mərhələyə keçir” – ŞƏRH
SİYASƏT
13:11 09.04.2026
421
"İran, ABŞ və İsrail arasında əldə olunan atəşkəs razılaşması müharibənin başa çatması kimi deyil, onun yeni və daha mürəkkəb mərhələyə keçidi kimi qiymətləndirilir”.

Bunu AZXEBER.COM-a açıqlamasında Bahçeşehir Universiteti Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar bildirib.

O deyib ki, atəşkəs tərəflərin vaxt qazanması deməkdir:

"Atəşkəs tərəflərin yenidən mövqe tutması, strategiyalarını dəyişməsi və vaxt qazanması deməkdir. Bu dövrdə tərəflər adətən hərbi güclərini bərpa edir, zəif nöqtələrini analiz edir, yeni ittifaqlar qurur və növbəti mərhələ üçün planlar hazırlayır. Bu səbəbdən də atəşkəs çox vaxt sülhün başlanğıcı deyil, münaqişənin başqa formaya keçidi kimi qiymətləndirilir”.

O qeyd edib ki, atəşkəs mərhələsində informasiya müharibəsi daha da güclənir:

"Bu mərhələdə açıq hərbi qarşıdurma zəifləsə də, informasiya, diplomatiya, kəşfiyyat və psixoloji mübarizə daha da güclənir. Hər iki tərəf ictimai rəyə təsir etməyə çalışaraq özünü qalib kimi təqdim edir. Atəşkəsin ən mühüm göstəricilərindən biri isə hansı tərəfin buna daha çox ehtiyac duymasıdır. Bəzi hallarda bu, zəifliyin əlaməti olsa da, bəzən daha böyük hücum öncəsi taktiki fasilə kimi də qiymətləndirilir. Hazırkı vəziyyət "məcburi, lakin müvəqqəti atəşkəs” kimi xarakterizə olunur. Bu tip razılaşmalar uzunmüddətli sülh vəd etmir və əksər hallarda daha böyük qarşıdurma riskini artırır. Çünki tərəflər nə müharibəni tam dayandırmaq, nə də barış əldə etmək niyyətindədir”.

A. Ağar vurğulayıb ki, atəşkəsdən sonra bölgədə "görünməyən müharibə” mərhələsinin güclənəcəyi gözlənilir:

"İran, ABŞ və İsrail arasında qarşıdurma yalnız regional deyil, həm də ideoloji, geosiyasi və sistem xarakterlidir. Bu mübarizə Yaxın Şərqdə təsir dairəsinin bölüşdürülməsi, qlobal güc balansı və beynəlxalq nizamın formalaşdırılması ilə bağlıdır.

Atəşkəsdən sonra bölgədə "görünməyən müharibə” mərhələsinin güclənəcəyi gözlənilir. Bu mərhələdə qeyri-dövlət aktorlarının aktivliyi, kiberhücumlar, iqtisadi təzyiqlər və kəşfiyyat əməliyyatları ön plana çıxır. Bu cür qeyri-sabit mühitdə təhlükələr birbaşa deyil, dolayı yollarla özünü göstərə, xüsusilə enerji və təhlükəsizlik sahələrində həssaslıq arta bilər”.
 
Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR