ATƏT-in Bakı Ofisi onlarda yoxlama aparılması barədə yayılan məlumatlara aydınlıq gətirib. ATƏT-in Bakı Ofisindən Trend-ə bildiriblər ki, bu gün Azərbaycanın bəzi media orqanları ATƏT-in Bakı Ofisi haqqında həqiqətə uyğun olmayan məlumatlar dərc edib. "Bununla əlaqədar bəyan edirik ki, hazırda ATƏT-in Bakı Ofisində heç bir yoxlama aparılmır. Ofis həmişəki fəaliyyətini, o cümlədən layihələrin icrasını, eləcə də hökumət orqanları və vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlığı davam etdirir", ATƏT-in Bakı Ofisinin bəyanatında deyilir. Bəyanatda qeyd olunub ki, digər tərəfdən, media orqanlarının ATƏT-in Bakı Ofisinin mövqeyini öyrənmədən bu cür xəbərləri yayması təəssüf doğurur. "Bunun jurnalist etikasına zidd olduğunu bir daha xatırlatmaq istərdik", bəyanatda bildirilib. “Qafqazinfo”nun məlumatına görə, bu gün Müsavat qəzetində “ATƏT-in Bakı ofisinə müdhiş müdaxilə” başlıqlı xəbərdə ATƏT-in Bakı ofisində yoxlamalar aparıldığını və ofisin rəhbərinin yaxın aylarda Azərbaycandan geri çağırılacağı qeyd olunub: “Bu barədə xəbər redaksiyamıza hökumət çevrələrindəki qaynaqlardan daxil olub. Xəbərdə deyilir ki, ATƏT-in Bakı ofisində yoxlamaları təşkilatın Vyanada yerləşən baş ofisi başladıb. Vyanadan gələn təlimat əsasında xüsusi müfəttişlər ofis əməkdaşlarının yazışmalarını, təmaslarını, təşkilatın həyata keçirdiyi proqramlara dair sənədləri ciddi şəkildə araşdırır. Prosesin sonunda ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqayın vaxtından əvvəl Bakıdan geri çağırılması gözlənilir”.