Azərbaycan Respublikasının Gənclər Fondu, Dənizkənarı Bulvar İdarəsinin dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə 20 Yanvar - Ümumxalq Hüzn Gününün 35-ci ildönümünə həsr olunmuş "#20JANUARY” adlı fləş-mob keçirilib.
AZXEBER.COM xəbər verir ki, bu barədə ATGTİ-dən bildirilib. Fləş-mobda Bakı və Sumqayıtda fəaliyyət göstərən ali və orta təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatlarının (TGT) 4 minə yaxın fəal tələbəsi iştirak edib.
Fləş-mobun keçirilməsində başlıca məqsəd Azərbaycan xalqının azadlıq uğrunda mübarizə tarixinin qəhrəmanlıq səhifəsini təşkil edən 20 Yanvar faciəsinin hər bir tələbə gəncin qəlbində yaşatmaq, onların xatirəsini daim ehtiramla yad etmək və 20 Yanvar həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq olub.
"Unudulmaz Tarix!” şüarı ilə reallaşan fləş-mob tələbə gənclərdən ibarət formalaşdırılan "#20JANUARY” kompozisiyası Bakıda sovet qoşunlarının müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı törədilmiş amansız cinayətin hər zaman yaddaşlarda qaldığına işarə edib.
Dənizkənarı bulvarda panorama çarxı yaxınlığında baş tutan fləş-mob 84 metr uzunluğu, 8 metr enində təşkil olunub. Həyata keçirilən fləş-mob və onun tərkib hissəsi olan kompozisiya şəhər sakinlərinin marağına səbəb olub.