Avropa İttifaqı Azərbaycanın da daxil olduğu Qara dəniz planını açıqladı

Avropa İttifaqı Azərbaycanın da daxil olduğu Qara dəniz planını açıqladı
SİYASƏT
16:48 28.05.2025
516

Avropa İttifaqı bu gün Qara dəniz bölgəsinin təhlükəsiz, dayanıqlı və firavan gələcəyini hədəfləyən yeni strategiyasını təqdim edib. Plan Cənubi Qafqaz ölkələri - o cümlədən Azərbaycan, Ermənistan və Gürcüstanla əməkdaşlığı gücləndirməyi, regionda infrastruktur, enerji və rəqəmsal əlaqələri inkişaf etdirməyi, həmçinin təhlükəsizlik və ətraf mühitin qorunmasına yönəlmiş tədbirləri önə çıxarır.

AZXEBER.COM Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat verir.

Bildirilir ki, Aİ, Azərbaycan və digər Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığı dərinləşdirərək, onların Avropa İttifaqına inteqrasiyasını dəstəkləmək, qanunvericilik islahatlarını sürətləndirmək və ümumi bazara yaxınlaşmalarına kömək etmək niyyətindədir.

"Strategiya çərçivəsində Cənubi Qafqaz ölkələri ilə nəqliyyat, enerji və rəqəmsal infrastruktur sahəsində yeni layihələr həyata keçiriləcək, həmçinin ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyinə qarşı adaptasiya tədbirləri gücləndiriləcək", - deyə məlumatda vurğulanıb.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen qeyd edib ki, Avropa İttifaqının aktiv rolu Qara dəniz bölgəsində təhlükəsizlik və sülhün irəlilədilməsində həyati əhəmiyyət daşıyır:

"Biz qonşularımızla sıx əməkdaşlıq edərək bölgədə təhlükəsizlik və sabitliyi gücləndirəcəyik. Birlikdə daha güclü və firavan gələcək qura bilərik", - deyə o vurğulayıb.

Növbəti mərhələdə Avropa Komissiyası və yüksək nümayəndə Cənubi Qafqaz ölkələri ilə xüsusi nazirlər görüşü təşkil edərək əməkdaşlığı daha da dərinləşdirməyi planlaşdırır. Bu addım regionda birgə fəaliyyətin genişləndirilməsi və strateji məqsədlərin uğurla həyata keçirilməsi üçün vacib hesab edilir.
OXŞAR XƏBƏRLƏR