“Avropa İttifaqı həm Azərbaycanı, həm də Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin qurbanı hesab edir”
Bütün Xəbərlər
13:41 07.09.2011
1348
“Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesində ATƏT-in Minsk Qrupunun üzərinə düşən vasitəçilik missiyasına yardım göstərməyə can atır”.APA-nın “Novosti-Armenia”ya istinadən yaydığı məlumata görə, bu bəyanatla Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Filip Lefort İrəvanda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla birgə keçirdiyi mətbuat konfransında çıxış edib. “Avropa İttifaqının danışıqlar prosesinin dəstəkləmək və monitorinq üzrə təcrübə və mexanizmləri var və biz Ermənistan və Azərbaycana kömək etmək arzusunu ifadə edirik. Çünki Avropa İttifaqı hər iki tərəfi bu münaqişənin qurbanı hesab edir”. Filip Lefort yeni vəzifəyə təyin olmasına şad olduğunu qeyd edib və bildirib ki, bu, ona regiona tez-tez səfər etmək imkanı verəcək. Diplomatın sözlərinə görə, Avropa İttifaqı çərçivəsində Cənubi Qafqazda xüsusi nümayəndə vəzifəsinin saxlanmasının zəruriliyinə dair uzunmüddətli müzakirələr aparılıb: “Biz bu postu saxlamağa və Gürcüstanda böhran üzrə xüsusi nümayəndənin səlahiyyətləri ilə birləşdirməyə qərar verdik. Bu vəzifə çox vacibdir, çünki Avropa İttifaqı sizin regiona çox böyük önəm verir. Cənubi Qafqaz regionu böyük iqtisadi və mədəni potensiala malikdir”.