Valeh Ələsgərov Avronest PA-nın iclasında belə deyib
Azərbaycan Milli Məclisinin vitse-spikeri, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov bu gün Bakıda keçirilən Avronest PA-nın Enerji Təhlükəsizliyi Komitəsində Avropa Parlamentinin bir sıra üzvlərini “Nabucco” layihəsi ilə bağlı savadsızlıqda ittiham edib. “APA-Economics”in məlumatına görə, V.Ələsgərov avropalı deputatların bu layihəa ilə bağlı açıqlamalarına etirazını bildirib: ““Son vaxtlar eşidirik ki, bəzi avropalı siyasətçilər və Avropa Parlamentinin üzvləri bildirilər ki, Azərbaycan “Nabucco”ya ildə 30 milyard kubmetr nəql etməyə təminat vermədiyi üçün layihə baş tutmayıb. Bu, düzgün fikir deyil. Çünki bu layihə ortalığa çıxanda Azərbaycan qazının nəqlindən, ümumiyyətlə, söhbət getmirdi. Ona görə də Azərbaycanı bu məsələdə ittiham etmək savadsızlıqdır”. Xəzər hövzəsində qazın ixracatı üçün heç bir riskin olmadığını deyən vitse-spiker bildirib ki, Azərbaycan “Nabucco” layihəsinin həyata keçirilməsinə tam hazırdır, sadəcə, Avropadan bunun üçün siyasi dəstək lazımdır: “Əslində bu layihənin indiyə qədər gecikməsinin səbəbi avropalı siyasətçilərin, deputatların və bəzi ekspertlərin məsələyə əks tərəfindən yanaşmasıdır. “Nabucco”ya yetərli siyasi dəstək verilməli idi. Bizim gözlədiyimiz tərəflərdən bu dəstəyin olmaması üzündən hələ ki bununla bağlı iş ləngiyir. Açıq demək lazımdır ki, buna siyasi dəstək lazımdır. Məsələn, Rusiyanın dəstəyi olmasaydı, Baltik dənizindən keçən böyük qaz kəmərinin istifadəyə verilməsi də mümkün olmazdı”. V.Ələsgərov Azərbaycanın Avropaya enerji ixracına yüksək səviyyədə hazır olduğunu bəyan edib: “Ən azı indiyə qədər Bakı-Tiflis-Ceyhan kəmərinin istifadəyə verilməsi buna misaldır”. Xatırladaq ki, “Nabucco” qaz kəməri Xəzər regionundan təbii qazın Rusiyadan yan keçməklə Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriya vasitəsilə Mərkəzi Avropaya ixracı üçün nəzərdə tutulub. Bu məqsədlə yaradılan “Nabucco Gas Pipeline İnternational GmbH.” konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), “Transgaz” (Rumıniya), “Bulgargaz” (Bolqarıstan), “BOTAŞ” (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub. Tikintisinə 2013-cü ildə başlanması planlaşdırılan “Nabucco” qaz kəmərinin 2017-ci ildə hazır olması gözlənilir. Nəqletmə gücü ildə 31 mlrd. kubmetr olan kəmərlə Azərbaycanla yanaşı, Türkmənistan və İraq qazının da daşınması nəzərdə tutulur. Layihənin dəyərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək. İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3 900 km olacaq.