“Avropa Parlamenti Azərbaycana qarşı qərəzli münasibətdədir” - Deputat

“Avropa Parlamenti Azərbaycana qarşı qərəzli münasibətdədir” - Deputat
SİYASƏT
12:23 22.12.2025
263
"Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə subyektiv və qərəzli prinsiplər üzərində formalaşmış bir sənəddir. Bu qətnamə reallığı əks etdirmir, əksinə, Azərbaycanı uydurma iddialar və əsassız səbəblər üzərindən ittiham edir”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib. 

O bildirib ki, Avropa Parlamentinin belə yanaşmasının arxasında ermənipərəst mövqeyi dayanır:

"Qətnamədə adı çəkilən şəxslərlə bağlı məhkəmə prosesləri zamanı onlar cinayət xarakterli əməllərini etiraf ediblər. Söhbət qanunsuz sahibkarlıq fəaliyyəti, külli miqdarda mənimsəmə, qeyri-qanuni valyuta dövriyyəsi və digər hüquqazidd əməllərdən gedir. Bütün bu ittihamlar məhkəmə yolu ilə sübuta yetirilib. Buna baxmayaraq, Avropa Parlamenti özünün əvvəlki ənənəsinə sadiq qalaraq müxtəlif mövzular üzərindən Azərbaycan əleyhinə qərəzli siyasətini davam etdirir. Bu yanaşmanın arxasında ermənipərəst mövqe, eləcə də Avropa Parlamentində fəal olan erməni diasporu və lobbi qruplarının təsiri açıq şəkildə hiss olunur. Zaman-zaman məhz bu qüvvələrin təsiri ilə Azərbaycan əleyhinə qətnamələrin qəbul edildiyini müşahidə edirik. Hətta 44 günlük Vətən müharibəsi zamanı da bu cür cəhdlər edilmiş, Azərbaycan guya insan hüquqlarını pozan tərəf kimi təqdim olunmağa çalışılmışdı. Halbuki beynəlxalq təşkilatlarda və Avropa İttifaqının müxtəlif strukturlarında bu cür ikili standartlara əsaslanan yanaşmalar əvvəllər də mövcud olub”.

Deputat vurğulayıb ki, Avropa Parlamenti ikili standartlarla çıxış edir:

"Azərbaycan bu qətnamələrlə bağlı öz mövqeyini parlament səviyyəsində, eləcə də vətəndaş cəmiyyəti institutları vasitəsilə açıq şəkildə ifadə edir. 
İnsan hüquqlarını daim ön plana çəkən Avropa Parlamenti nə üçün bir milyondan artıq azərbaycanlı məcburi köçkünün hüquqlarının müdafiəsi ilə bağlı heç bir qətnamə qəbul etməyib? Necə ola bilər ki, Azərbaycanın ərazisinin beşdə biri işğal altında olduğu, əhalisinin soyqırıma məruz qaldığı, şəhərlərinin dağıdıldığı, iqtisadiyyatının məhv edildiyi bir dövrdə Avropa Parlamenti bu məsələlərə münasibətdə susqun mövqe sərgiləyib? Bu faktlar açıq şəkildə onu göstərir ki, Avropa Parlamentinin yanaşmasında ikili standartlar və Azərbaycana qarşı qərəzli münasibət mövcuddur”.

Parlamentari qeyd edib ki, AP Ermənistandan daha çox ermənipərəst mövqe sərgiləyir:

"Azərbaycan demokratik dövlətdir və vətəndaşlarının konstitusion hüquqlarını yüksək səviyyədə təmin edir. Beynəlxalq sənədlər, eləcə də Ermənistan tərəfindən səsləndirilən son bəyanatlar Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiqləyir. Ermənistan artıq regionda Azərbaycanın yaratdığı yeni siyasi reallığı qəbul etdiyi halda, Avropa Parlamentinin Ermənistanın özündən daha "ermənipərəst” mövqe nümayiş etdirməsi təəccüb doğurur.  Bu gün Ermənistanda insan hüquqlarının ciddi şəkildə pozulmasına, daxili siyasi qarşıdurmalara və keçmiş illərdə baş vermiş zorakılıqlara Avropa Parlamentinin göz yumması, əvəzində isə Azərbaycanı əsassız ittihamlarla hədəfə alması açıq qərəzin göstəricisidir. Azərbaycan 30 ildən artıq müddətdə Ermənistanın işğalçılıq siyasətinin qurbanı olub, soyqırımı, urbosid və kulturosidə məruz qalıb. Buna baxmayaraq, Avropa Parlamenti bu hüquq pozuntularına lazımi reaksiya verməyib, əksinə, Azərbaycanın qurban olduğu hallarda onu təcavüzkar tərəf kimi təqdim etməyə çalışıb”.

A. Allahverənov əlavə edib ki, hər kəs reallıq görür:

"Beynəlxalq ictimaiyyət reallığı görür və qiymətləndirir. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbə, dövlət suverenliyinin tam bərpa olunması və konstitusiyanın yüksək səviyyədə təmin edilməsi bir çox ölkə rəhbərləri tərəfindən müsbət qarşılanıb və təqdir edilib. Bu faktlar bir daha göstərir ki, Azərbaycan haqq yolundadır, regionda sülh və təhlükəsizliyin təmin olunmasına xidmət edən sülh gündəliyini irəli sürür”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR