'Avropa yaşamağı bacarır, biz isə romantik hislərə qapılmağı' - MÜSAHİBƏ

13:25 05.03.2013
1947

-Azərbaycanda son zamanlar intihar halları artıb. Bu nə ilə əlaqədardır?

-Bəli, Azərbaycanda intihar halları artıb və bunun bir çox səbəbləri var. İlk olaraq insanlar arasında ünsiyyət defisitinin yaranmasını qeyd edə bilərəm. Xüsusən də gənclər arasında real ünsiyyətin səviyyəsi çox aşağıdı, virtuallaşma gedir. Bu isə böyül ölçüdə onların sosial şəbəkələrə meyl etməsindən qaynaqlanır. Burada yaşlılar və orta yaşlılar da var. Get-gedə bu diapazon böyüyür. Ünsiyyət çatışmazlığı sonda ekzistensial boşluq yaradır. İnsanlar çıxış yolu tapa bilmir və intihara cəhd edir.

-İntihara hansı insanlar daha çox cəhd edir?

-Bu insanlar arasında risk qrupuna daxil olan insanlar var ki, bunlara yaşı 40-ı keçən və ailə qura bilməyən insanlar, alkoqoliklər, xroniki xəstəliyi olanlar və s. Ancaq bundan başqa, digərləri də var. Yeniyetmələr, yaxud ailəli insanların, əsasən də qadınların intihar halları ilə rastlaşırıq. Səbəb ailədə baş verən konfliktlər olur. Bir insan kimi həyatda özünü tapa bilməmək sonda intiharla nəticələnir.

-Sizcə, intihar hallarının sayının azaldılması üçün nə kimi tədbirlər görülə bilər?

-Düşünürəm ki, bu istiqamətdə həm araşdırma, tədqiqat aparılmalıdır, həm də çıxış yolu göstərilməlidir. Çıxış yolu isə insanlar arasında real ünsiyyətin təbliğ edilməsi ola bilər. Müxtəlif tədbirlər, treninqlər keçirilməlidi. Adicə universitetlərin özündə tələbə gənclər təşkilatı, həmkarlar ittifaqı fəaliyyət göstərir. Bu təşkilatları tədbirlərində gənclər bir yerə yığışır və ünsiyyətdə olurlar. Bu, onların gələcək inkişafına və fərd olaraq yetişməsinə təkan verir. İnsan bir fərd olaraq yetişdikdə onun intihar riski çox az olur. Həyatda özünü tapa bilməyən insan isə, bayaq qeyd etdiyim kimi, intihara meyl edir.

-İntihar edən insanların əhəmiyyətli hissəsini depressiyada olanlar təşkil edir. Onlara necə kömək etmək olar?

-Düzgün qeyd etdiz. İntihar edənlər arasında risk qrupuna daxil olanlardan biri də, depressiyada olanlardır. Onlar öz durumları ilə, gələcəkləri ilə bağlı çıxış yolu görmürlər və düşünülməmiş addım ataraq intihar edirlər. Əgər valideyn və ya ətrafındakı digər insanlar birinin depressiyada olduğunu görürsə, ona dəstək olmalıdı. Əgər bu insan sənə ürəyini açmırsa, kömək et, qoy bununla məşğul olan mütəxəssisə müraciət etsin. Hansı istiqamətdə olur olsun, ona dəstək vermək lazımdır ki, bu vəziyyətdən çıxsın.

-Mətbuatın bu məsələdə nə kimi rolu ola bilər?

-Yaxşı olardı ki, bu kimi şeylər sadəcə xəbər kimi verilməsin. Məsələn, filankəs intihar etdi, vəssalam. Belə şeylər insanlara çox pis təsir edir. Təcrübədə də rast gəlirik ki, bir çox mövzular işıqlandırıldıqca bu halların sayı artır. Əgər xəbərlə birlikdə izahat da verilərsə, bu, müsbət təsir göstərər. Bəlkə də, kiminsə həyatını xilas edər. İnsanlar çıxış yolunu intiharda görürlər. Lakin bu belə deyil və heç vaxt da ola bilməz. İnsanlara məhz bunu çatdırmaq lazımdır. Önəmli olan yaşamağı bacarmaqdı, ölməyə nə var ki? Avropa bu istiqamətdə bizdən öndədir. Onlar yaşamağı bacarır, biz isə fikir eləməyi, romantik hislərə qapılmağı. Bu isə reallıqla üst-üstə düşmür.

-Televiziyada yayımlanan verilişlərin, xüsusən, xarici teleserialların intihar hallarına nə kimi təsiri ola bilər?

-Xarici teleseriallar intihar hallarına böyük təsir göstərir. Çünki o serialda göstərilən proses, hadisə, ailə modeli, oradakı yeniyetmənin həyat tərzi Azərbaycan üçün real deyil. Ona baxan azərbaycanlı gənc ifrat azadlıq tələb edir, məsələn. O, serialda gördüklərini heç bir halda öz həyatında tətbiq edə bilmir. Və bu halda içində ümidsizlik, inamsızlıq yaranır, depressiyaya düşür. Halbuki, birmənalı şəkildə qəbul edilməlidir ki, hər bir etnosun özünün etnopsixologiyası var və həyat tərzini buna uyğunlaşdırmaq lazımdır. Televiziyalar da bunu nəzərə almalıdı. Hansı teleserial, veriliş yayımlanırsa onun ünvanlandığı yaş qrupu verilməlidir. Bəzisi ailəvi baxmaq üçün, bəzisi 18 yaşından yuxarı olanlar üçün uyğundur və s.

 Ceyhun

OXŞAR XƏBƏRLƏR