"Uşaqlar hər bir ölkədə əhalinin təxminən 20-25%-ni təşkil edir. Ayrı-ayrı ölkələrdə onlar müxtəlif təhlükələrə məruz qalırlar ki, onlardan qorunmaq lazımdır. İnkişaf etmiş ölkələrdə bunlar televizor və kompüter aludəçiliyinin mənfi nəticələridir (ciddi araşdırmalar göstərir ki, uşaqlar həyatda etdikləri qəddar hərəkətləri kopyalamağa meyllidirlər)".
Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.
Onun sözlərinə görə, Qərbi Avropada uşaqların çox erkən cinsi inkişafından narahatdırlar:
"Belə ki, Avropa Şurasına görə, Avropada hər 5 uşaqdan 1-i bir növ cinsi zorakılıqla qarşılaşır. İngiltərədə yerləşən Uşaq İşgəncələrinin Qarşısını Alma Milli Birliyinin (NSPCC) məlumatına görə, ölkədə 20 uşaqdan 1-i cinsi istismara məruz qalır. İsveçrə Pediatriya Birliyinin (SSP) topladığı son statistikaya görə, 2018-ci ildə ölkədə uşaq istismarı qurbanlarının sayı əvvəlki ilə nisbətən yüzdə 10 artıb. İsveçrənin 9,5 milyon əhalisinə baxmayaraq, hər il təxminən 11 min uşaq istismarı hadisəsi qeydə alınır. Almaniyanın Universiteti tərəfindən 2017-ci ildən bəri tərtib edilən məlumatlara görə, ölkədə 7 nəfərdən 1-i uşaqlıq və ya yeniyetməlik dövründə cinsi istismara məruz qalır.
Avstraliya uşaqlara qarşı sui-istifadə halları ən yüksək olan ölkələrdən biri kimi seçilir. 2017-ci ildə uşaqlara qarşı sui-istifadə ilə bağlı 5 illik hökumət araşdırmasından sonra hazırlanan hesabatda ölkədəki bir çox qurumda uşaq istismarının baş verdiyi ortaya çıxdı. Hollandiya uşaqlara qarşı cinayət görüntülərinin internetdə ən çox yükləndiyi ölkə olaraq seçilir. IWF 2018-ci ildə uşaqlara qarşı sui-istifadə görüntülərinin yayımlandığı 105 mindən çox veb saytın 47 faizinin Hollandiyada olduğunu bildirmişdi. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 2017-ci ildə aparılan bir araşdırmaya görə dünya miqyasında uşaqların 23% -i fiziki istismara, ümumilikdə 26% -i cinsi istismara, 36% -i mənəvi istismara məruz qalır. Onların 16% -i baxımsızdır. Yaponiyada onlar əsas təhlükəni ənənəvi təhsil üsullarının məhv edilməsində və Qərb vərdişlərinin və davranışlarının artan nüfuzunda görürlər. Bəzi ölkələrdə uşaqların sağlamlığı pisləşir. Bütün bunlar müasir dünyada pis ekoloji şərait, eləcə də düzgün qidalanmamaq, çoxlu stresslə bağlıdır. Son on ildə müxtəlif psixi pozğunluqlardan əziyyət çəkən uşaqların sayı xeyli artmışdır. Uşaq və yeniyetmələr arasında aqressivlik, vandalizm, intihar hallarına daha çox rast gəlinir. Afrika və Asiyada uşaqları aclıq, QİÇS, hərbi münaqişələr və savadsızlıq təhlükəsi gözləyir. Orada həkim və dərman çatışmazlığından uşaqlar ölür. Təəccüblü deyil ki, belə ölkələrdə uşaq ölümünün səviyyəsi dəfələrlə çoxdur. Bundan başqa, onlar təhsil müəssisələrinin olmaması səbəbindən lazımi təhsil almırlar".
Komitə sədri bildirib ki, bəzi ölkələrdə uşaqlar ucuz işçi qüvvəsi kimi istifadə olunur, onların əməyi istismar edilir və hətta köləliyə satılır:
"Bəzi ölkələrdə isə qız uşaqları çox erkən yaşlarda nikaha girməyə məcbur edilir. Dünyada uşaq məşğulluğunun regional bölgüsü üzrə 1-ci yeri Afrika, 2-ci yeri Asiya və Sakit Okean, 3-cü yeri Amerika, 4-cü yeri Avropa və Orta Asiya, 5-ci yeri isə Ərəb ölkələri tutur".