Avropada liberal dəyərlər və multikulturalizm böhrandadır

DÜNYA
12:00 21.01.2013
3268
Həm Avropada, həm də bütün dünyadakı sosial-siyasi və iqtisadi proseslərin inkişafının gedişi Avropada liberal dəyərlərin və multikulturalizmin böhranı mövzusunun durmadan aktuallaşmasına səbəb olur. Bu məsələ yenicə yaranmış dövlətlərdə, o cümlədən postsovet dövlətlərində və bir vaxtlar sosialist düşərgəsinə daxil olan, indi isə Avropanın siyasi və sosio-mədəni məkanına inteqrasiya etmiş ölkələrdə müşahidə olunan demokratik resessiya prosesinin fonunda xüsusilə aydın görünür. Liberal dəyərlərin problemli demokratiyaya malik dövlətlər adlandırılan ölkələrdəki böhranı təkcə bu dövlətlərin siyasi elitalarının getdikcə artıb güclənən avtoritar siyasi istəkləri ilə şərtlənib müəyyən olunmur (hərçənd siyasi elitalar da həlledici rola malikdir). Bunun daha dərin səbəbləri var. Şərqi Avropanın və MDB-nin bir çox ölkələrində, o cümlədən Azərbaycanda dəyərlər sisteminin böhranı ilk növbədə Avropanın özündə müşahidə olunan liberal dəyərlərin və multikulturalizmin böhranından irəli gəlir.
Son bir neçə ildə, xüsusilə də yeni iqtisadi depressiyadan sonra bəzi Qərbi Avropa ölkələrində demokratik proseslərin sürətinin azalması kimi ümumi bir tendensiya müşahidə olunur. Qlobal iqtisadi böhran Avropanın əksər ölkələrinin siyasi inkişafında əvvəl mövcud olan neqativ meylləri bir az da ön plana çıxardı, həmçinin bütün dünyadakı avtoritar rejimlərin gücünü artırdı. Dünya miqyasında gedən çoxillik demokratikləşmə prosesi son illər faktiki olaraq dayanıb. Və resessiya adlanan proses indi heç də hər yerdə müşahidə olunmur. Demokratikləşmə sahəsində əvvəllər əldə olunmuş tarixi tərəqqi və nailiyyətlərdən geri çəkilmək indi artıq dünyanın əksər regionlarında, o cümlədən elə Avropanın özündə də aparıcı modelə çevrilib. Bütün dünya üzrə etiraz hərəkatlarının artımı qeydə alınır. Nəzərə almaq lazımdır ki, sosial çaxnaşmalar və avtoritarizm meylləri hətta möhkəm və oturuşmuş demokratiyaya malik Avropa ölkələrində də liberal dəyərlərə real təhlükə törədə bilər.
2011-ci ildə ərəb dünyasında inqilabi dəyişikliklər uğrunda başlayan və “ərəb baharı” adı altında yeni tarixi mərhələnin əsasını qoyan etiraz hərəkatının misilsiz yüksəlişi ilkin dövrlərdə demokratikləşmənin yeni dalğası ilə bağlı ümid və gözləntiləri gücləndirsə də hadisələrin sonrakı gedişi göstərdi ki, demokratikləşmə dünyanın əksər regionlarında olduğu kimi Yaxın Şərq regionunda da hələ həddən artıq mürəkkəb və qeyri-müəyyən perspektivlərə malik bir proses olaraq qalır. Əksər avtokratik rejimlər inqilab təhlükəsinin artması fonunda amansız repressiyalarla formal kosmetik dəyişiklikləri birləşdirmək üsuluna əl atmaq yolu ilə yeni situasiyaya uyğunlaşmağa çalışdılar. Dünyanın bir çox ölkələrində, o cümlədən postsovet məkanında demokratikləşmə prosesləri ləngiyib dayandı, gerilədi, ya da demokratiyanın imitasiyası kimi eybəcər fenomenlə əvəzləndi.
Avtoritarizm meylləri keçmiş Sovet İttifaqının əksər ölkələrində daha da gücləndi. Liberal dəyərlərin aşınması prosesi isə tədricən Avropa İttifaqının bir sıra dövlətlərini, ilk növbədə Şərqi, Mərkəzi və Cənubi Avropa ölkələrini öz ağuşuna aldı. Dünyanın əksər regionlarında müşahidə edilən demokratik proseslərdən məyusluq hissi və siyasi təsisatlara etimadın azalması kimi hallar ötən əsrin 90-cı illərinin əvvəllərində formalaşmış təsəvvürləri - dünyada liberal-demokratik dəyərlərin mütləq təntənəsi, habelə Şər imperiyalarına qalib gələn və insan hüquqlarının üstünlüyü barədəki nəzəriyyəni bəyan edən Qərb liberalizminin aparıcı rolu barədəki aldadıcı və yanlış təsəvvürləri şübhə altına saldı.
Şərqi və Mərkəzi Avropa dövlətlərinin siyasi problemləri regionda demokratik dəyişikliklər məsələsi ilə bağlı xeyli neqativ suallar doğurur. Xarici siyasətdə ikili standartların tətbiqi və vətəndaş azadlıqlarının üzərinə getdikcə artan hücumlar bəzi Qərb ölkələrinin xüsusilə də Macarıstanda demokratik sistemin böhranı, Bolqarıstanda korrupsiya piramidasının yaranması, Rumıniyada hakimiyyətin diskriminasiya siyasəti və s. fonunda siyasi riyakarlıqda ittiham olunmasına gətirib çıxardı.
Hətta Qərbi Avropanın ən inkişaf etmiş ölkələrində də demokratiyanın səviyyəsi ümumi şəkildə aşağı düşdü. Bu da hər şeydən əvvəl borc böhranlarının, avrozonadakı iqtisadi qeyri-müəyyənliyin, sosial rifah ideyasına parazit kimi daraşan və geniş miqyasda etiraz əhval-ruhiyyəsi doğuran bir çox dövlətlərin iflasının, yekun olaraq da qeyri-mükəmməl siyasi idarəçiliyin nəticəsi idi. Qərbi Avropanın bir sıra inkişaf etmiş ölkələrində (Almaniya, Böyük Britaniya, Fransa, Belçika, İtaliya, İspaniya, Portuqaliya) dövlətin fəaliyyətindəki çatışmazlıqlar artdı, əhalinin siyasi həyatda iştirak səviyyəsi isə vətəndaş azadlıqlarının məhdudlaşdırılması təhlükəsi ilə əlaqədar kəskin şəkildə azaldı.
Hakimiyyətlə cəmiyyət arasındakı uçurumun getdikcə dərinləşməsi, formal demokratik üstquruma çevrilən ənənəvi siyasi institutlara və partiya sistemlərinə etimadın azalması Avropa dövlətlərinin böyük hissəsində xarakterik cəhətə çevrildi. Siyasi elitaların siyasi həyasızlığı, sistemli korrupsiyası və ellik zəmanət (hamının bir nəfərə, bir nəfərin hamıya zamin durması) prinsipi ona gətirib çıxardı ki, liberal iqtisadiyyatın böhranı tədricən liberal dəyərlərin, ən son nəticədə isə Avropa demokratiyasının özünün böhranına çevrilməyə başladı. Avrosentrizm platformasının və multikulturalizm nəzəriyyəsinin getdikcə dərinləşən böhranı dalğasında isə suverenləşmə təmayülləri gücləndi, “Ümumavropa evi” və “Sərhədsiz Avropa” dəyərləri unudulmağa başladı, mühacirlərə (miqrantlara) münasibət pisləşdi, sosial inteqrasiya siyasəti zəiflədi. Bütün bunlar isə öz növbəsində böhran hallarını, dinlərarası və millətlərarası gərginliyi yalnız daha da gücləndirib son həddə çatdırdı.
Əgər Avropa identikliyinin əsaslarına baxsaq görərik ki, müxtəlifliklərin (sosio-mədəni və etnik) yanaşı mövcud olub yaşamasını nəzərdə tutan multikulturalizm bir konsepsiya olaraq birmənalı deyil. Avropa İttifaqı demokratiya, tolerantlıq, insan hüquq və azadlıqlarına, söz azadlığına hörmət və s. bu kimi fundamental dəyərlərin birləşdirdiyi dövlətlərin birliyidir. Multikulturalizm öz mahiyyəti baxımından avropalılğın bütün bu meyarlarına ziddir: Avropa İttifaqının demokratik ölkələrində insan haqları anlayışını qəbul etməyən (məsələn, müsəlman dünyasında qadın hüquqlarını rədd edən), söz azadlığını özünə yad sayan, demokratiyaya tənqidi münasibət bəsləyən, ən vacibi və ən əsası isə özlərini yaşadıqları ölkələrlə (onların mədəniyyəti, ənənələri, dünyagörüşü, həyat tərzi və s.) bir yerdə təsəvvür etməyən dini icmalar var.
Qeyd etmək lazımdır ki, bu halda söhbət heç də bütün miqrantlardan getmir. Amma hər halda başqaları yox, məhz sayı Avropada nəzərəçarpacaq dərəcədə artmış müsəlmanlar multikulturalizm siyasətinin iflasa uğraması mövzusunda müzakirələr aparmağa əsas yaradırlar. Bir sıra avropalı siyasətçilərin qənaətinə görə, məhz miqrantların (xüsusilə də müsəlmanların) Qərb cəmiyyətinin bir parçasına çevrilməyi bacarmaması irqçilik və millətçilik kimi mənfi və qorxulu halların baş qaldırmasına, ekstremizm əhval-ruhiyyəsinin güclənməsinə, sosial özgələşmə və uzaqlaşmaya, düşmənçiliyə doğru aparır. Radikal İslam tərəfdarlarının Qərbi Avropanın bu sosio-mədəni mühitini bu cür mənfi yöndən qavraması sayəsində də əsassız ittihamlar meydana gəlir. İslam mədəniyyətinin nümayəndələrini beynəlxalq terrorizm ideologiyasının potensial daşıyıcıları ilə eyniləşdirən stereotip də bu zəmində formalaşır. Belə bir yanlış təsəvvür yaranır ki, bu zümrə içində olduğu, yaşadığı sosial mühitə inteqrasiya etməyə bəri başdan hazır deyil.
Avropa liderlərinin müəyyən hissəsi miqrantlara münasibətdə tətbiq edilən diskriminasiya əməllərinə Qərb ictimai fikrinə yeridilmiş yuxarıdakı stereotiplərin köməyi ilə haqq qazandırmağa, multikulturalizmdən assimilyasiyaya keçməyin zərurətini bu stereotiplərin yardımı ilə əsaslandırmağa çalışır.
Əgər Fransa, İspaniya, İtaliya, Portuqaliya, Yunanıstan kimi ölkələrin tarixi təcrübəsinə müraciət etsək və onların Avropa siyasətindəki yerini və rolunu təhlil etsək, onda demokratiyanın, habelə siyasi və mülki azadlıqların indeksini müəyyən edən əksər Avropa analitik institutlarının (o cümlədən nüfuzlu “The Economist İntelligence Unit” tədqiqat şirkətinin; yeri gəlmişkən, biz öz araşdırmalarımızda ilk növbədə bu qrupun tədqiq etdiyi məlumatlara əsaslanmışıq) tədqiqatlarına, həmçinin tam demokratiyaya malik ölkələrin reytinq kateqoriyasına əsaslanaraq deyə bilərik ki, adıçəkilən bu ölkələr son illərdə antiliberal meyllərin güclənməsi sayəsində sonuncu “Demokratiya indeksində” kifayət qədər demokratiyanın olmadığı ölkələr qrupuna salınıb. İspaniya “tam demokratiyaya malik ölkələr” siyahısında axırıncı yerini qoruyub saxlasa da özünün dayanmadan enən reytinqi ucbatından “kifayət qədər demokratiyanın olmadığı” ölkələr qrupuna həddən artıq çox yaxınlaşıb.
Yeri gəlmişkən, Fransa, İtaliya, İspaniya (Almaniya və Böyük Britaniya ilə birgə) ənənəvi olaraq liderlik edən dəstəyə, Avropa ölkələrinin elitası adlandıra biləcəyimiz qrupa daxil idilər. Bu üç ölkə özlərini dünyanın nəhəng siyasi və iqtisadi təsir potensialına, oturuşmuş və güclü demokratiyaya malik inkişaf etmiş ölkələri kimi çoxdan təsdiqləmişdilər. Buna görə də onların demokratiya indeksi üzrə reytinq göstəricilərinin qəfildən aşağı enməsi, özlərinin isə “kifayət qədər demokratiyanın olmadığı” ölkələr qrupuna salınması təəccüblü və simptomatikdir.
Uzun müddət liberal dəyərlərin tarixi dayağı kimi tanınan və “Avropa siyasi dəbinin” ifadəçisi kimi çıxış edən Fransanın nümunəsi xüsusilə səciyyəvidir. Bu ölkənin siyasi təsir potensialını, mənəvi nüfuzunu, geosiyasi çəkisini və dünyada gedən qlobal proseslərdəki rolunu nəzərə alanda şübhə yoxdur ki, Fransanın qanunvericilik, idarəetmə və ictimai-siyasi həyatında liberalizmin səviyyəsinin aşağı düşməsi həm bu dövlətin özünün imicinə, həm də bütün dünyadakı və Ümumavropa evindəki demokratik iqlimə, habelə ayrı-ayrı Avropa ölkələrinin inkişaf təcrübəsinə mənfi təsir göstərir.
Fransanın əvvəlki multikulturalizm xəttindən Böyük Britaniya ilə Almaniyanın eyni dərəcədə tədricən geri çəkilməsi (prezident Sarkozinin, baş nazir Kemeronun və kansler Merkelin multikulturalizm siyasətinin iflası haqdakı səs-küylü bəyanatları fonunda), milli identiklik amilinə həddən artıq diqqət yetirilməsi, immiqrasiya siyasətinin sərtləşdirilməsi, ictimai həyatdakı ikili milli-dini standartlar, ayrı-seçkiliyə yol açan və müəyyən sosial qrupların fundamental hüquq və azadlıqlarını məhdudlaşdıran bir sıra qanunların qəbulu (məsələn, “erməni soyqırımının” kriminallaşdırılması, ictimai yerlərdə dua etməyin və hicabın qadağan olunması, Almaniyanın bəzi torpaqlarında sünnətin yasaq edilməsi və s.) - bütün bunlar yalnız sosial toqquşma və çarpışmaların dərinləşməsinə və adıçəkilən ölkələrin demokratik imicinin devalvasiyasına səbəb oldu.
Avropanın qalan hissəsinə gəlincə isə orada hər yerdə multikulturalizmdən assimilyasiya siyasətinə doğru irimiqyaslı dönüş müşahidə olunmaqdadır. Avropada “assimilyasiya” sözündən istifadə olunmasa da aparıcı avropalı sosioloqların (o cümlədən ingilis alimi Ziqmund Baumanın) qənaətinə görə, gündəlik həyatda “inteqrasiya” terminindən istifadə edilməsi gerçək prosesin - assimilyasiyanın mənasının siyasi cəhətdən çox dəqiq şəkildə dəyişdirilməsinin əlamətidir.
Assimilyasiya prosesinə doğru dönüş 2000-ci illərin əvvəllərində baş verdi. Bu da ictimai əhval-ruhiyyənin dəyişməsindən irəli gəlirdi. Bir tərəfdən “welfare state” böhranı, digər tərəfdən isə 11 sentyabr terror aktı cəmiyyətdəki siyasi mühiti kəskin şəkildə dəyişdirmişdi. Ultrasağ siyasi qüvvələrin nüfuzu artmışdı. Onlar kütləvi informasiya vasitələrinin köməyindən səylə yararlanmaqla miqrasiya prosesini Avropa xalqlarının özünü təmin etməsi və identikliyi üçün yeni müstəsna təhlükə şəklində təsvir və təqdim etməyə başlamışdılar. “Ümumi rifah dövlətinə” təhlükə, təhlükəsizliyə təhlükə, sosial mütəşəkkilliyə təhlükə, identikliyə təhlükə kimi və s.
Aparıcı Avropa ölkələri hökumətlərinin də dəstəklədiyi güclü təbliğat nəticəsində aşağıdakı ideoloji effekt yarandı: miqrant kütləsinin strukturundakı marginallaşma əxlaqi-psixoloji problem kimi, miqrantların yeni cəmiyyətə inteqrasiya olunmaq istəməməsinin təzahürü kimi qəbul edilməyə başladı.
Əgər Qərbi Avropanın özündəki, o cümlədən Almaniya və Fransadakı siyasi dairələr siyasi liberalizmin ən başlıca, fundamental prinsiplərinə və demokratiya normalarına saymazyana münasibət nümunəsi göstərməyə başlamışdılarsa, onda yeni demokratiya ölkələrində demokratik normaların və insan haqlarının pozulmasının miqyası ağlasığmaz dərəcədə olmalı idi. Yarımdemokrat və avtoritar ölkələrdəki, o cümlədən postsovet dövlətlərindəki hakim elitalardan daha nə gözləmək olardı?!
Yeni ölkələrin Avropa sosial-siyasi və iqtisadi formasiyasına uyğunlaşması epoxasını əhatə edən yenidənqurmadan sonrakı bir neçə onillik ərzində yeni demokratiya ölkələrində demokratiya və beynəlxalq hüquq normalarının oxşar formada, artıq sxematik və sistematik, nümayişkaranə şəkildə pozulması halları baş verirdi. Bu da özünü seçki prosesinin və seçkilərin nəticələrinin ənənəvi şəkildə saxtalaşdırılmasında, vətəndaşların hüquq və azadlıqlarının kütləvi şəkildə pozulması fonunda xalq etirazlarının boğulmasında, fərqli düşünənlərin və söz azadlığının sistemli şəkildə təqib olunmasında, korrupsiyanın artmasında və s. göstərirdi. Buna baxmayaraq demokratik Qərbin demək olar ki, bütün subyektləri nüfuzlu və mötəbər beynəlxalq təşkilatların hesabatlarında daim tənqid olunan bu “pis rejimlər”lə fəal əməkdaşlıq edirlər. Əsasən məhz elə rəsmi Qərbin bu ikili (üzdə tənqid edib arxada dəstəkləmək) siyasəti, həmçinin liberal dəyərlərin bütün dünya boyunca müşahidə edilən böhranı avtoritar rejimlərdə özlərinin seçilmiş, imtiyazlı və məğlubedilməz olmasına əminlik sindromu yaratmışdı.
Şübhəsiz ki, böhranın iqtisadi və sosial nəticələrinin vurduğu zərbənin təsir gücünü azaltmaq üçün Avropa çox böyük təcrübə və potensial sərvət toplayıb. Lakin ənənəvi Avropa dəyərlərinin yaşadığı böhranın siyasi və ideoloji nəticələrinin vurduğu zərbənin təsir gücünü bərabər şəkildə azaltmaq, multikulturalizm ideyasının tam iflasa uğramasından yayınmaq, kəskin şəkil almış problemləri demokratiyaya zərər vermədən həll etmək mümkün olacaqmı? Bu sual təkcə dəyərlərin böhranı ilə üzləşmiş Qərb ölkələrindəki ictimai şüuru yox, həm də yeni yaranmış dövlətlərin ictimaiyyətini narahat edir. Yeni ölkələrin ictimaiyyəti bunu tam anlayır ki, ümumdünya inkişafının sonrakı gedişini məhz Avropadakı inkişaf konyukturası və demokratik prosesin taleyi müəyyən edəcək.
Bütövlükdə isə bəzi inkişaf etmiş ölkələrdə demokratiyanın və multikulturalizm siyasətinin fəaliyyət göstərməsində yaranan problemlər Avropanın yaxın siyasi perspektivləri ilə bağlı narahatlıq doğurur və “Ümumavropa evinin” özünün mövcudluğunu təhlükə altında qoyur. Bundan əlavə, Avropa dəyərlərinin hazırda müşahidə olunan sistemli böhranı tərəddüd halında olan ölkələrin (bura nəinki təkcə Avrasiya siyasi məkanından, həm də hüquqi dövlət quruculuğu sahəsində böyük və uğurlu nəticələr əldə etmiş Asiya-Sakit Okean regionundan olan ölkələri aid etmək olar) Avropanın demokratik inkişaf yolunu seçməsi yolunda ləngidici, çəkindirici amilə çevrilir. Avropa dəyərlərinin böhranı avtoritar rejimlərin dəyişikliklərə müqavimət potensialını artırıb gücləndirir və demokratiyanın qlobal miqyasda daha inamlı şəkildə irəliləməsi imkanlarını boğur.
Təqdim olunan bu layihənin məqsədi əksər Avropa ölkələrində Avropa dəyərlərinin (hər şeydən əvvəl liberal demokratiya və multikulturalizm dəyərlərinin) sistemli böhranı hallarının kompleks monitorinqini həyata keçirməkdir. Tədqiqat qrupu monitorinq aparmaq üçün ölkə seçərkən kütləvi informasiya vasitələrinin son illərdəki kontent-təhlillərinə, həmçinin “The Economist İntelligence Unit” adlı nüfuzlu tədqiqat şirkətinin “2011-ci ildə dünya ölkələrinin demokratiya indeksi”nə və aparıcı və nüfuzlu beynəlxalq təşkilatların müntəzəm hesabatlarına əsaslanıb.
Məlumat "İnsan haqqları Uğrunda" İctimai Birliyin Beynəlxalq layihəsi "The decline of Europe"nin rəsmi saytından götürülüb 

OXŞAR XƏBƏRLƏR