Avtobus sürücülüyündən prezidentliyə gedən yol: Maduro və arvadı kimdir?

Avtobus sürücülüyündən prezidentliyə gedən yol: Maduro və arvadı kimdir?
SİYASƏT
14:02 03.01.2026
1330
Venesuelada illərdir davam edən siyasi və konstitusion böhran ABŞ-nin müdaxiləsinə gətirib çıxarıb.

ABŞ prezidenti Donald Tramp bildirib ki, Nikolas Maduro və həyat yoldaşı saxlanılaraq ölkədən çıxarılıb. 

AZXEBER.COM BBC-yə istinadən Maduronun keşməkeşli həyat hekayəsini təqdim edir: 

Nikolas Maduro Venesuelada "Bolivar inqilabı”nı həyata keçirmək ideyası ilə yola çıxmışdı. O Uqo Çavesin yetirməsi, tərəfdarı və sirdaşı idi. 

Maduro, Çavesin 5 mart 2013-cü ildə vəfat etməsindən üç gün sonra and içərək dövlət başçısı olur. Həmin tarixdən bəri vəzifəsini tərk etməyib və həm həyata keçirdiyi siyasət, həm də həyat yoldaşı ilə birlikdə sürdüyü yaşam tərzi daim müzakirə mövzusu olub.

Ölkədə yaşanan iqtisadi böhran fonunda yetərli tədbirlər görə bilməməsi, konstitusion və sosial böhranın həll olunmaması, eləcə də müxalifətə qarşı sərt siyasəti Maduro hakimiyyətinin legitimliyinin beynəlxalq aləmdə də sual altına düşməsinə səbəb olub. 

Lisey illərindən aktiv siyasətçi

Maduro hələ lisey illərindən aktiv siyasətlə məşğul olub. Atası həmkarlar ittifaqı sədri olan Maduro, Karakasın kənar məhəllələrindən biri sayılan El Valle rayonundakı Xose Avalos Liseyində oxuyarkən tələbə birliyinin sədri seçilib.

Həmin dövrdəki sinif yoldaşları Maduronu mülayim xasiyyətli, asanlıqla kompromisə gedən və dialoqa açıq biri kimi xatırlayırlar.

O, liseyi son sinifdə tərk edib. Qısa müddət bir rok qrupunda musiqi ifa edib. Daha sonra təhsilini tamamlamaq üçün Kubaya yollanıb.

Venesuelaya qayıtdıqdan sonra Karakas Bələdiyyəsində avtobus sürücüsü kimi işə başlayıb, Venesuela Sosialist Partiyasına üzv olub. Həmkarlar ittifaqı nümayəndəsi seçilib və 1990-cı illərin əvvəllərində Çavesin ordu daxilində yaratdığı solçu müxalif qrup olan MBR-200-ün mülki qanadına qoşulub.

Həyatındakı dönüş nöqtələrindən biri də həmin dövrdə gələcək həyat yoldaşı Siliya Floreslə tanış olması olub. Flores, 1992-ci ildə uğursuz hərbi çevriliş cəhdindən sonra həbs edilən Uqo Çavesin müdafiə heyətində yer alırdı.

Çavesin həbsdən çıxaraq 1998-ci ildə prezident seçkilərini qazanması Maduro və Floresin də siyasi yüksəlişinin başlanğıcı oldu.

Flores zamanla deputat, parlament sədri və ədliyyə naziri kimi bir sıra vəzifələrdə çalışdı. Maduro isə yeni konstitusiyanı hazırlayacaq Təsisçi Məclisə seçildi. 1990-cı illərdən bəri birlikdə olan cütlük, Maduronun prezident olmasından qısa müddət sonra evləndi.

Maduronun yüksəlişi Çavesin hakimiyyətini möhkəmləndirməsi ilə paralel şəkildə davam etdi. 2005–2006-cı illərdə Parlamentin sədri, 2006-cı ildən sonra isə xarici işlər naziri oldu. 2012-ci ildə Çaves tərəfindən vitse-prezident təyin edildi və həmin il "xələf” elan olundu.

İqtisadi böhranda xarici qüvvələri günahlandırdı

Qərbli diplomatların nəzakətli və sakit biri kimi təsvir etdiyi Maduro, Çavesin vəsiyyətinə uyğun olaraq prezident seçilsə də, sələfi kimi hakimiyyəti möhkəm şəkildə əlində saxlamaqda çətinlik çəkdi.

2013-cü il seçkilərini çox az fərqlə qazandı. İki il sonra keçirilən parlament seçkilərində isə Milli Assambleyada çoxluq müxalif qüvvələrin əlinə keçdi.

Neft qiymətlərinin düşməsi iqtisadiyyata mənfi təsir göstərdikcə, Maduro hökumətinin böhrana qarşı təsirli addımlar atmaması sosial problemlərin artmasına və insanların küçələrə çıxmasına səbəb oldu.

Dünyanın ən böyük neft ehtiyatlarından birinə sahib olan Venesuelada ixrac gəlirlərinin 95 faizi neftin payına düşür. Lakin neft qiymətlərinin kəskin ucuzlaşması gəlirlərin və valyuta axınının azalmasına gətirib çıxardı.

İdxal mallarının tədarükündə çətinliklər yarandı və bu da qiymətlərin sürətlə artmasına səbəb oldu.

Hökumət baş verənlər fonunda effektiv siyasət formalaşdırmaqda çətinlik çəkdi. Bir tərəfdən qiymət artımını məhdudlaşdırmağa çalışdı, digər tərəfdən isə böyük həcmdə pul çap edərək dövriyyəyə buraxdı. Bu isə inflyasiyanın artdığı, pulun dəyərdən düşdüyü bir dövrə yol açdı.

İqtisadi çətinliklər Çavesin "sosialist inqilab” idealının əsas dayaqları olan təhsil və səhiyyə sahələrində göstərilən xidmətlərin də zəifləməsinə səbəb oldu.

Hökumətin sosial tarazlığı qorumaq məqsədilə minimum əməkhaqqını tez-tez artırmasına baxmayaraq, inflyasiya səbəbindən pulun alıcılıq qabiliyyəti azaldı, büdcə kəsiri isə böyüdü. Bir həkimin orta aylıq maaşı təxminən 100 manat civarındadır.

Beynəlxalq Valyuta Fondunun (BVF) hesablamalarına görə, son beş ildə iqtisadiyyat təxminən 25 faiz kiçilib. BVF həmçinin bu il inflyasiyanın 10 milyon faizə çatacağını proqnozlaşdırır.

Birləşmiş Millətlər Təşkilatı isə 2014-cü ildən bəri iqtisadi səbəblərlə ölkəni tərk edənlərin sayının 3 milyona çatdığını bildirir.

Maduro yaşanan iqtisadi böhranda "xarici qüvvələri” günahlandırdı. Hadisələri Qərbin qurduğu bir plan kimi dəyərləndirdi və iqtisadi problemlərə görə küçələrə çıxan etirazçılara qarşı sərt müdaxilələrə göstəriş verdi.

Maduro ABŞ Prezidenti Donald Trampı "imperator” adlandırdı və iqtisadi böhranın süni şəkildə yaradıldığını iddia etdi. O, başda ABŞ olmaqla Qərb dövlətlərini Latın Amerikasından "əllərini çəkməyə” çağırdı.

2017-ci ildə müxalifətin nəzarətində olan Milli Assambleyanın səlahiyyətləri əlindən alındı və yeni konstitusiyanın hazırlanması üçün Təsisçi Məclisin yaradılması məqsədilə seçkilər keçirildi. Müxalifət bu seçkiləri boykot etdi.

Maduro 2018-ci ilin mayında keçirilən və saxtakarlıq iddiaları ilə müşayiət olunan prezident seçkilərində qalib gəldi və 10 yanvarda and içərək altı illik yeni prezidentlik dövrünə başladı.

Həyat yoldaşı və qalmaqallar

Bir çoxları Maduronun arxasındakı əsas gücün həyat yoldaşı Siliya Flores olduğunu düşünür. Özünü "İlk İnqilabçı Döyüşçü” adlandıran Flores hazırda parlament üzvüdür. Lakin Kanada və ABŞ tərəfindən Venesuelada baş verənlərə görə sanksiya tətbiq edilən şəxslər siyahısına daxildir.

Maduro və Flores avqust ayında keçirilən hərbi parad zamanı partlayıcı maddə ilə yüklənmiş pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilmək istənilən sui-qəsd cəhdindən xilas olublar.

Ölkəsinin və özünün üzləşdiyi bütün çətinliklərə baxmayaraq, Maduro çox vaxt sanki əhvalını itirməmiş kimi davranmağı seçir. O, hələ də radio proqramı aparır və zaman-zaman "İndi salsa vaxtıdır” kimi şən anonslar səsləndirir.

Sentyabr ayında isə iqtisadi böhranın ən ağır dövründə Maduronun həyat yoldaşı ilə birlikdə İstanbulda "Nusr-Et” adlı lüks restoranda yemək yeməsi böyük ictimai narazılığa səbəb oldu.

Son hadisələr, 2014-cü ildə Guardian qəzetinə verdiyi müsahibədə daxilində gizli bir "hippi”nin yaşadığını, Con Lennon və Led Zeppelin pərəstişkarı olduğunu deyən 63 yaşlı Maduro və Venesuela üçün qeyri-müəyyənliklərlə dolu yeni bir dövrün başlandığını göstərir.

Hazırda ölkədə ciddi iqtisadi çətinliklər yaşanır. Venesuela dünyada ən çox iqtisadi miqrant verən ölkədir. Hiperinflyasiya, elektrik enerjisinin kəsilməsi, ərzaq və dərman çatışmazlığı ölkənin üzləşdiyi problemlərin yalnız bir hissəsidir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? - Səfirlə gərgin MÜSAHİBƏ
00:05 07.03.2026
İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? - Səfirlə gərgin MÜSAHİBƏ
Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO
23:55 06.03.2026
Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO
Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının hazırlandığı üzə çıxıb
23:44 06.03.2026
Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının hazırlandığı üzə çıxıb
SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub
23:42 06.03.2026
SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub
Slovakiya Prezidenti: İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik
23:39 06.03.2026
Slovakiya Prezidenti: İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - Fotolar
23:24 06.03.2026
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - Fotolar
Bu kolleclərə yeni direktor müavinləri təyin edildi
23:13 06.03.2026
Bu kolleclərə yeni direktor müavinləri təyin edildi
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı
23:02 06.03.2026
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
23:00 06.03.2026
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
22:58 06.03.2026
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Azərbaycanın builki "Avroviziya" təmsilçisi açıqlandı
22:44 06.03.2026
Azərbaycanın builki "Avroviziya" təmsilçisi açıqlandı
Polşa İranın Azərbaycana PUA hücumunu qətiyyətlə pisləyib
22:39 06.03.2026
Polşa İranın Azərbaycana PUA hücumunu qətiyyətlə pisləyib
Axşam saatlarında İrandan Azərbaycana 210 nəfərin təxliyəsi həyata keçirilib - FOTOLAR
22:29 06.03.2026
Axşam saatlarında İrandan Azərbaycana 210 nəfərin təxliyəsi həyata keçirilib - FOTOLAR
Prezident göstərdiyi həmrəyliyə görə ona minnətdarlığını bildirdi
22:16 06.03.2026
Prezident göstərdiyi həmrəyliyə görə ona minnətdarlığını bildirdi
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç İlham Əliyevə məktub ünvanlayıb
22:14 06.03.2026
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç İlham Əliyevə məktub ünvanlayıb
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO
22:00 06.03.2026
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO