"Bu gündən məktəblərdə ibtidai siniflərdə dərslərin başlaması ilə avtobus və dayanacaqlarda yenidən sıxlıq müşahidə olunur. Problemi aradan qaldırmaq üçün yeganə çıxış yolu metronun açılmasıdır".
Bu sözləri AZXEBER.COM-a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.
Onun sözlərinə görə, hazırda Bakı şəhəri üzrə özəl daşıyıcı şirkətlərlə birgə avtobusların sayı təxminən 2400-dür:
"Metro işləyəndə belə avtobuslar sərnişin yükünü daşımaq gücündə deyildi. 2400 avtobus adi günlərdə belə sərnişin yükünü daşıya bilmirdi. Avtobuslarda sərnişinlərin bir-birinin qucağında getməyindənsə, metronun işləməsi daha məqsədəuyğundur. Hesab edirəm ki, metronun fəaliyyətə başlaması üçün müəyyən şərtlər daxilində güzəştlər etmək lazımdır. Məsələn, metro girişlərində və platformalarda polis əməkdaşları qoyula bilər. Onlarda bir-birləri radio qəbuledici vasitə ilə əlaqə saxlayıb sərnişin sıxlığı yaranan kimi gözlətmə mövqeyini həyata keçirə bilərlər. Bunu çox sadə şəkildə tənzimləmək olar. İrəli sürülən təkliflər həyata keçiriləndən sonra hər şey qaydasına düşəcək.
Ümumiyyətlə, avtobuslarda səfər müddəti metroya nisbətən daha uzundur. Məsələn, avtobusla bir saata gedilən məkana metro ilə 20 dəqiqəyə gedilir. Niyə Nazirlər Kabineti yanında Operativ Qərargah və ya aidiyyatı qurumların nümayəndələri bunu təhlil etmir? Ya metroda çox ciddi problem olduğu üçün qorxub ehtiyat edirlər. Ya da kimsə bunu hesablayıb təhlil etmir. Avtobuslarda qucaq-qucağa gedənlər metroda normal şəkildə ara məsəfani saxlamaqla yan-yana səfər edə biləcək. Şünki metroda bir vaqon üç avtobusun yükünü daşıya bilir. Niyə bu baxımdan metronun üstünlüyü qiymətləndirilmir?
İllərdir metroya xeyli vəsait xərclənir. Amma hələ də dövlətə heç bir xeyir vermir. Dövlət başçısı da dəfələrlə bunu öz çıxışlarında deyib”.

Ekspert deyib ki, Operativ qərargah və ya digər aidiyyatı qurumlar metronun fəaliyyətinin bərpa olunmasını həll edə bilməsə, fevralın 15-dən sonra Bakıda sərnişindaşımada xeyli çətinliklər müşahidə olunacaq:
"Fevralın 15-dən sonra yuxarı sinif və universitetlərdə dərslər bərpa oluna bilər. Məsələ həllini tapmasa sərnişindaşımada xeyli çətinliklər olacaq. Metronun açılması məsələsini müzakirə etmək lazımdır. Avtobuslar və dayancaqlardakı sıxlığı aradan qaldırmaq üçün başqa bir variant yoxdur.
Bakıya əlavə 500 avtobus gətirilsə belə problem həll olunmayacaq. Metro işlədiyi zaman sərnişinləri normal daşımaq üçün təxminən 2600-2800 arası avtobus lazımdır. Bu gün isə həm metro işləmir, həm də avtobusların sayı 2400 civarındadır.
Operativ qərargah və digər qurumlar metronun açılması məsələsini müzakirə edib doğru addım atmalıdır. Strategiya düzgün qurulsa, hər şeyin öhdəsindən gəlmək mümkün olacaq”.
Sevinc Yasinqızı