Bakıda daha bir sürücü özünün və ətrafındakların həyatını təhlükəyə atan addım atıb.
AZXEBER.COM-a göndərilən fotoda daha bir sürücü sükan arxasında oyun oynayarkən görüntülənib.
Qeyd edək ki, bundan öncə də sosial şəbəkələrdə taksi sürücüsünün maşını sürə-sürə kart oynadığı görüntülər yayılmışdı.
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli AZXEBER.COM-a açıqlamasında bu sürücüləri hansı cəzanı gözlədiyi ilə bağlı məlumat verib.
O bildirib ki, avtomobil idarə edərkən telefondan müxtəlif yollarla istifadə etmək baş verə biləcək ağır yol-nəqliyyat hadisələrinin əsas səbəbləri kimi qiymətləndirilir:
"Belə olan halda İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsinə uyğun olaraq, nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla və ya ondan istifadə etməsi halları 50 AZN məbləğində cərimə oluna biləcək bir haldır. Sürücü idarəetmə zamanı əlləri sükanda, diqqəti isə yolda olmalıdır. Bü cür hərəkətlər baş verə biləcək yol-nəqliyyat hadisələrinin əsas səbəbləri kimi qiymətləndirilir. Yol hərəkəti qaydaları isə həyati əhəmiyyət daşıyır. Ani diqqətsizlik istənilən növ hadisəni qaçınılmaz edir”.
Ayşən Mirzəyeva

