Prezident seçkiləri yaxınlaşdıqca AXCP və Müsavat partiyaları arasında vahid namizəd məsələsində savaş artıq gizlədilməsi mümkün olmayan bir şeyə çevrilir.
Belə ki, artıq hər iki partiyanın funksionerləri yalnız onların partiyasının sədrinin prezidentliyə namizəd ola biləcəyi haqqında fikirləri və buna əks-fikirlər müxalifət mətbuatının gündəmini tutur.
Bir müddət əvvəl “Reytinq” qəzetinə müsahibə verən AXCP Ali Məclisinin sədri Həsən Kərimov deyib ki, “bu gün Azərbaycanda baş verən siyasi proseslər də, Azərbaycanın ictimai rəyi də, sosioloji sorğuların nəticələri də göstərir ki, AXCP ana müxalifətdir, liderinin də böyük reytinqi var”.
H.Kərimovun sözlərinə əsasən, məhz bu səbəbdən də Əli Kərimlinin prezidentliyə namizədliyi veriləcək və onun ən şanslı namizəd kimi ortaya çıxacağına əmindir.
“Bu seçkilərdə AXCP başqa namizədi müdafiə etməyəcək. Bunu partiyamızın gücünü, liderimizin nüfuzunu nəzərə alaraq birmənalı şəkildə deyirəm”. Əlbəttə ki, belə bir bəyanat qarşı tərəfdə kəskin etirazla qarşılanıb.
“Yeni Müsavat” qəzeti bu açıqlamaya münasibət bildirərək, vurğulayıb ki, “uzun illərdir Azərbaycanda ana müxalifət kimi Müsavat Partiyası tanınır. Müsavat təmsilçiləri də partiyalarının ölkədə ana müxalifət partiyası olduğunu vaxtaşırı vurğulayırlar.
Eyni zamanda təcrübəyə əsaslanaraq başqan İsa Qəmbərin protest elektoratın əsas namizədi olduğunu birmənalı şəkildə söyləməkdən çəkinmirlər. İndi isə seçkiyə 6 ay qaldığı vaxtda Müsavatın müttəfiqindən yuxarıdakı bəyanat verilir”. Qəzet həmçinin Həsən Kərimovun dediklərinə münasibət öyrənmək üçün Müsavat partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılıya da müraciət edib. A.Hacılı Həsən Kərimovun açıqlamalarını bir partiya funksionerinin təbliğat xarakterli fikirləri saydığını deyib:
“Biz 1995-ci ildən indiyə qədər bütün seçkilər ərəfəsində bir çox partiyaların nümayəndələrinin onların partiyalarının Azərbaycanda ən güclü olduğu, namizədinin ən reytinqli olduğu barədə bəyanatlarını həmişə görmüşük.
Azərbaycan müxalifətinin bütün nümayəndələrinin iştirak etdiyi 2003-cü il prezident seçkiləri ərəfəsində də müxalifətdən olan bütün namizədlər onların reytinqinin hamıdan çox olduğunu bəyan edirdilər.
Ancaq nəticə etibarilə müxalifətin üzdə olan demək olar ki, bütün simalarının iştirak etdiyi seçkilərdə İsa Qəmbər onların birlikdə topladığı səslərdən dəfələrlə çox səs alması o fikirlərin əsassız olduğunu təsdiq etdi.
Düşünürəm ki, 2013-cü il prezident seçkiləri də bu baxımdan istisna olmayacaq”.