"Azərbaycanın əldə etdiyi tarixi zəfərdən sonra siyasi sistemimizin "qarınaltı yükünə” çevrilmiş və inkişafı ləngidən bir çox radikal ünsürlər üzə çıxdı. Eyni zamanda hakimiyyət daxilinə sızmış bəzi qüvvələr zərərsizləşdirildi. Lakin müşahidələr göstərir ki, bu proses hələ uzun müddət davam etməlidir”.
Bu fikirləri deputat Hikmət Babaoğlu Əli Kərimlinin evində axtarış aparılması ilə bağlı xəbərə münasibətində AZXEBER.COM-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ramiz Mehdiyev uzun illər Azərbaycan dövlətinin daxilinə nüfuz edərək siyasi sistemdəki ən radikal qruplara qədər təsir imkanları qazanıb:
"Ramiz Mehdiyev illər boyunca Azərbaycan dövlətinə sızaraq siyasi sistemdə mövcud olan radikal qrupları milli maraqlarımıza zidd fəaliyyətə cəlb edib. Əgər bu gün vətənə xəyanət ittihamı ilə istintaqa cəlb olunan Ramiz Mehdiyev belə dağıdıcı fəaliyyət göstəribsə, deməli, onunla həmfikir olanlar da eyni dərəcədə məsuliyyət daşıyırlar. Xəyanətin miqyası o qədər geniş olub ki, bu, Azərbaycanın düşmən hesab etdiyi imperiyaların belə diqqətini çəkib”.
Deputat qeyd edib ki, bu konteksdə "triyada” adlandırılan bir siyasi xətt formalaşıb:
"Azərbaycan Xalq Cəbhəsi, Milli Şura və Ramiz Mehdiyev triyadası mövcuddur. Bu triyada Azərbaycana qarşı düşmənçilik siyasəti həyata keçirən mərkəzlərin funksional alətinə çevrilib. Bunun ən bariz nümunəsi 2013-cü il prezident seçkiləri ərəfəsində yaradılan Milli Şura və ora Rusiyadakı bəzi şəxslərin cəlb olunmasıdır. O dövrdə ictimaiyyət açıq şəkildə başa düşürdü ki, bu qrupun idarə olunması Moskva tərəfindən koordinasiya edilir və prosesdə Ramiz Mehdiyev xüsusi rol oynayır”.
Hikmət Babaoğlu bildirib ki, hazırda bu mübarizə daha da kəskin mərhələyə keçib:
"Biz milli iradə nümayiş etdirərək tarixi zəfər qazandıq və bu gün müstəqil dövlət kimi milli maraqlarımızı qoruyuruq. Lakin Rusiya–Ukrayna müharibəsinin yekunları müəyyənləşdikdən sonra Azərbaycanın müstəqilliyinə qarşı Rusiya şovinist dairələri tərəfindən addımlar atıla bilər. Onlar bu gün belə Azərbaycana mesajlar göndərməkdən çəkinmirlər. Çünki Qarabağın işğaldan azad edilməsini hələ də qəbul etmək istəmirlər. Məsələn, bəzi rayonlarımızda Rusiya bayrağının, başqa ərazilərdə SSRİ bayrağının qaldırılması həmin şovinist mərkəzlərin Azərbaycana yönəlmiş açıq mesajlarıdır. Bu səbəbdən hüquq-mühafizə orqanları Azərbaycan Xalq Cəbhəsi rəhbərliyi və Milli Şura ilə bağlı daha ifşaedici materiallar toplamalı, ümumilikdə bu qüvvələrin zərərsizləşdirilməsinə nail olmalıdır. Əks halda, gələcəkdə ölkədə hakimiyyətin qəsb edilməsi təhlükəsi yarana bilər və bu, həm tarixi qələbəmizi, həm də dövlətimizin sabitliyini riskə ata bilər”.
Şahanə Ziyad










































