Aprelin 12-də müğənni Ayan Babakişiyeva çox yaxın dostlarının əhatəsində ad gününü qeyd edib. AZXEBER.COM-un məlumatına görə, 24 yaşı tamam olan müğənni ən özəl gününə xüsusi təmtəraqla yanaşmasa da, düzənlədiyi məclisdə qonaqların əylənməsi üçün maksimum şərait yaratmışdı. Gözoxşayan gecə libasında məkana təşrif buyuran Ayan ilk dəqiqələrdən hədiyyə yağışına tuş gəldi. Prodüser dostu Cavidin 101 qızıl gülü özündə birləşdirən çələngi ona hədiyyə etməsi səbəbkarın əhvalını maksimum pozitivə yüklədi. Çox keçmədi ki, dəvətlilərin hamısı məkana toplaşdı və Babakişiyevanın yaxın dostu şoumen Ruslanın aparıcılığı ilə ad günü məclisinə start verildi. Rejissorlar Ceyhun İbrahimoğlu, Ceyhun Kərimov, aktyor Azər Aydəmir, stilistlər Roma, Səbinə İmanova, tanınmış qənnadçı Bəhruz Qəlbinur və başqa dostlarının iştirak etdiyi gecəni elə qonaqların özləri qızışdırdılar. Ruslanın keçirdiyi müxtəlif oyunlarda iştirak edib Ayanın sevincinə şərik olduğunu nümayiş etdirdilər. Hədiyyələr içində diqqət çəkənləri “Əsrin aktrisası Ayan Babakişiyeva” yazılmış “Oskar” heykəlciyi ilə öpüşlərə qərq olmuş ürək tortu oldu. Ayanın iki klipində baş rolu canlandıran aktyor Azər seçilmək məqsədi ilə dostunu “Oskar”a layiq gördüyünü dilə gətirdi: “İnanıram ki, illər keçdikcə Ayanın səsi dünyanın ən mötəbər müsabiqələrinin təşkil olunduğu səhnələrdən eşidiləcək. O, neçə-neçə mükafatlara layiq görüləcək”. Ürək formalı tortun müəllifi isə illərdir Babakişiyeva ilə ailəvi dostluq edən Bəhruz idi. Müğənninin çox gözəl ürəyə sahib olduğunu söyləyən qənnadçı, yaxın dostunun xoş günlərində həmişə bu kimi ideyalarını gerçəkləşdirdiyi gizlətmədi. Gecəyarısına qədər davam edən məclisdə Ayan qonaqlarına təşəkkür etməyi də unutmadı: “Həyatımda ilk dəfədir ki, qardaşım Samir olmadan özümə doğum günü qeyd edirəm. Məlum olduğu kimi biz əkiz doğulmuşuq və bu səbəbdən də sevincli günlərimizi hər zaman birlikdə qeyd edirik. O, İstanbulda yaşayır, bəzi səbəblər üzündən yanımızda ola bilmədi. O, mənim canımdan olan bir candır. Mən çox xoşbəxtəm və bu xoşbəxtliyimin səbəbkarları anam və qardaşımdır. Özüm-özümə ünvanladığım arzular o qədərdir ki... Zamanı gəldikcə hər birini gerçəkləşdirirəm. Allah-Təaladan ən böyük arzum isə yanımda həmişə sizin kimi güvəndiyim dostlarım olmasıdır. Söz verirəm ki, gələn il 25 yaşımı daha təmtəraqlı keçirəcəyəm. Və hamınızla o məclisdə yenidən görüşəcəyik”.Ozal İbrahimli