Əməkdar artist Aybəniz Haşımova sentyabrın 22-si “12 MAY” şirkətinin sponsorluğu və təşkilatçılığı, millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin təşkilati dəstəyi ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında konsert proqramı ilə çıxış edəcək.
AZXEBER.COM-un məlumatına görə, “Dostluq körpüsü” layihəsi çərçivəsində gerçəkləşəcək konsertdə səhnəni Tacikistan müğənnisi Təhminə Niyazova, Qazaxıstan müğənnisi Alişir Karimov və Kuba müğənnisi Emiliya Morales bölüşəcəklər. Əcnəbi müğənnilərlə yanaşı, səhnədə əməkdar artist Səlim Abbasov, gənc müğənnilər Aynişan Quliyeva, Əsgər İsmayılov, Vüqar Ağayev və “Bülbüllər” qrupunun da çıxışları nəzərdə tutulub. Xeyriyyə məqsədi daşıyan konsert kimsəsiz və fiziki cəhətdən qüsurlu olan uşaqlar üçün nəzərdə tutulub. Saat 17.00-da başlayacaq konserti İctimai kanalın tanınmış aparıcısı Saleh Bağırov aparacaq.
Qeyd edək ki, əcnəbi müğənnilər paytaxtımıza ayın 19-u təşrif buyuracaqlar. Konsert gününə qədər qonaqların Fəxri Xiyaban, Şəhidlər Xiyabanı, Heydər Əliyev Mərkəzi və digər mühüm məkanlarla tanışlığı nəzərdə tutulub.







