Aybəniz Haşımova yazdı: "O gün mən də öləcəkdim..."

MƏDƏNİYYƏT
11:00 20.01.2014
2456
Aybəniz Haşımova?Azərbaycanın əməkdar artisti
1990-ci ilin   20 Yanvarı idi. 
Axşam saat 18.00 –da məşqdən qayıdırdım. İndiki 20 Yanvar meydanına çatar-çatmaz, gördüm ki, insanlar yaman təlaş  icindədirlər. Soruşdum ki,  nə olub burada?  Hamı bir ağızdan  dedi ki, Sovet ordusu Bakıya hücum edəcək. Dogrusu, inanmağım gəlmədi, çunki kimin aglina gələrdi ki, ordumuz öz vətəndaşına amansızcasına zülm edər. Artıq saat 23 -ə yaxınlaşırdı.  Birdən ömrümdə eşitmədiyim qışqırıqlar, nalələr, fəryadlar məni evdən eyvana qaçmağa məcbur etdi. Eyvanım  Biləcəri yoluna baxırdı, insanların güllə yağışı altında üzü aşağı qaçmaqlarını gördüm. Asfaltın üstündə meyitlər səpələnmişdi,  elə bil, cəhənnəm gözlərim qarşısında canlanırdı. Al qana bulanmış insanların faciəvi görüntülərini bu günə qədər unuda bilmirəm. 
Bəlkə də, o insanların içində mən də olacaqdım, əgər güllələrin alovunun mənə tərəf istiqamət götürdüyünü görüb özümü yerə yıxmasaydım. Səhərə yaxın düşdüm küçəyə.  9-cu mikrorayon bütünlüklə al qərənfillərə bürünmüşdü. İnsanlar küçələrdə özlərini götürüb yerə çırpırdılar gördükləri, yaşadıqları faciənin təsirindən. Getsin, bir də heç vaxt qayıtmasın o günlər.  Xalqımız belə bir imtahanı sonuncu dəfə vermiş olsun. Bu gün vətənə başsağlığı verirəm. Başın sağ olsun, vətən. Allah hamımıza səbr versin. Amma Allah o günləri yaddaşımızdan silməsin.  O, günahsız insanların – uşaqların, qadınların, qocaların, gənclərimizin günahsız qanına əli batanları da unutmayaq. 
Hər ilin 20 Yanvar günü, siz dünyaya yenidən gəlirsiniz, əziz şəhidlərimiz. Hər il yenidən doğulursunuz bizim üçün. Ruhunuz şaddırmı, bilmirəm. Bir onu bilirəm ki, qəlbimizdəsiniz. Biz də sizinləyik, lap o gün 1990-cı ilin 20 Yanvar günü olduğu kimi...mənbə: 1937.az

OXŞAR XƏBƏRLƏR