Azərbaycan kanalları və kanonlar

KÖŞƏ
20:15 21.01.2011
2731

Bir neçə il bundan qabaq görkəmli yazıçı Afaq Məsudun Avstriya haqqında qeydlərini oxuyarkən, yüksək inkişaf etmiş Avropa ölkələrində televiziyaya münasibət mənə çox maraqlı görünmüşdü. Vyanada bir çox evlərdə mənasız əşyaya çevrilərək üstünü tox basmış televiziya qutularının acınacaqlı taleyinin bizdə də təkrar olunacağı ilə bağlı gözləntilərim özünü doğrultmadı. Avstriyadan fərqli olaraq Azərbaycanda radio televiziyanı əvəzləyə bilmədi, əksinə sərnişin avtobuslarından atomobilə kimi bütün məkanların televiziyaya təchizatına üstünlük verir. Tamaşaçı uğrunda mübarizə amansızlaşdıqca, pult az silaha çevrilərək kanalları dəyişə-dəyişə kanonların dağılmasına rəvac verib. Televiziya ehtirasları hər evdə bir neçə televizorun mövcudluğunu zərurətə çevirib və hər kəsə bu sehrli qutu ilə təkbətək qalmaq imkanı verib. Vaxtilə öpüş səhnəsinə baxmaqdan çəkinən tamaşaçı heç bir xəcalət çəkmədən erotik görüntüləri seyr etmək fürsətini əldən vermir. Hətta iş o yerə çatıb ki, bəzi özəl kanallar müqəddəs nə varsa hamısına təcavüz etməyə belə özlərinə güc tapır, kanonlara məhəl qoymurlar. Televiziya kanallarının sayəsində açıldı sandıq, töküldü pambıq, intim hisslərə müqəddəs dəyərlər qurban verilir. Bəzi kanallarda şit, bayağı, səviyyəsiz verilişlərin səriştəsiz aparıcıları kumirə çevrilərək gənclərlə bərabər ağbirçək anaların, ağsaqqal kişilərin dilindən özlərinə mədhiyyələr dedirtməkdən belə çəkinmirlər. Tək-tük işıqlı verilişlər isə korlanmış tamaşaçı zövqünü oxşaya bilmədiyindən reytinq cədvəlində sürətli endirimə məruz qalır. Təbii ki, özəl kanallarda bəzən bu asınmalarla mübarizə cəhdi ilə də rastlaşmış oluruq. Lakin bugünkü mənzərə daha çox bayalılığa meyilliliyi biruzə verir.

Azərbaycan Dövlət Televiziyası və İctimai televiziya mahiyyətcə daha intellektual verilişlərə üstünlük versə də, özəl kanallar tamaşaçıların qəlbinə daha asanlıqla yol tapan şit şoularla manipulyasiya edirlər. Düşünən, ciddi mövzulara maraq göstərən, öyrənmək həvəsində olan tamaşaçıları xarici kanalların intellektual verilişləri cəlb etdiyindən, əcnəbi kanallarda öz istədiyini tapmaq istəyənlərin sayı artmaqdadır. Şübhəsiz ki, bəzi yerli və respublika səviyyəli televiziya kanallarının uğurlu verilişiləri də maraq doğurur. Bu mənada İctimai televiziya ilə ünsiyyət qurmaq istəyən tamaşaçıların fəallığı nəzərə çarpır. Varlığının 5 ili ərzində İctimai televiziyanın daimi verilişlərinin sırasında insanları ortaq məxrəcə gətirməyə səy göstərən, cəmiyyətdəki müxtəlif fikirliliyə hörmətlə yanaşan, mənəvi aşınmalara dözümsüzlük göstərən “Ortaq məxrəc”i xüsusi qeyd etmək yerinə düşər. Dəvət etdiyi auditoriyaya önəm verən, tərəfsizliyi ilə seçilən, öz iradəsini yetirməyə cəhd göstərməyən, soyuqqanlı aparıcı Vəsilə xanımın vasitəsi ilə tamaşaçı aktual problemlərin müzakirəsinə qoşulur, düşündüklərini bölüşmək imkanı qazanır. “Ortaq məxrəc” verilişinin müntəzəmliyini təmin edən onun yeni mündərəcəli, müasir tipli, məzmunlu və baxımlı olmasıdır. Rusiya və digər ölkələrin uğurlu verilişləri ilə müqayisə oluna bilən “Ortaq məxrəc” verilişinin xarici ölkələrin tamaşaçıları tərəfindən də yüksək dəyərləndirildiyi həqiqətdir və bu verilişin əhatə dairəsi və təsir gücünün göstəricisidir. Səmimiliyi şübhə doğurmayan, intellekti rəğbət oyadan həssas və mədəni davranışlı aparıcı nüfuzu qazanmış Vəsilə xanım və onun “Ortaq məxrəc” verilişi Azərbaycan Televiziya məkanında müsbət nümunə kimi artıq özünü təsdiq edib və uzun ömürlülük statusu qazanıb.

Televiziya kanonları dağıtmamalıdır. İnamlı, əqidəli, imanlı insanları auditoiyasına toplamaqdan çəkinməməlidir. Təkcə əyləndirən yox, düşündürən televiziya verilişlərinə ehtiyac daimidir. Gənclik insan ömrünün ən qısa dövrü olduğu kimi, gənclərin aludə olduğu şit, bayağı, erotik verilişlərin də zamanı məhduddur. Qüsurlardan, naqislikdən yaxa qurtarmaqda satira, yumor, məzhəkə də labüddür. Lakin kanallar istənilən halda kanonlara hörmətlə yanaşmalı, onları qorumağa çalışmalıdır. Tamaşaçı əbədiyaşar kanonlara söykənən kanallar sorağındadır. Svetlana BAYRAMOVA, 525-ci qəzet

OXŞAR XƏBƏRLƏR