Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Müasir Azərbaycan təsviri sənətinin tanınmış nümayəndəsi, xalq rəssamı, iki dəfə Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Kamil Nəcəf oğlu Nəcəfzadə 2011-ci il iyunun 29-da ömrünün 82-ci ilində vəfat edib.
Qeyd edək ki, Kamil Nəcəfzadə 1929-cu il dekabrın 29-da Lənkəran şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1943-1948-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində oxuyub, 1949-1955-ci illərdə isə Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunda ali təhsil alıb. Kamil Nəcəfzadə 1955-ci ildən etibarən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rəssam kimi əmək fəaliyyətinə başlayıb. O, 40-a yaxın bədii, tammetrajlı filmin tərtibatçısı olub. K. Nəcəfzadə müxtəlif illərdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin və Azərbaycan Rəssamlıq Akademiyasının professoru olub, ömrünün sonunadək yaradıcılıqla pedaqoji fəaliyyəti uğurlu şəkildə əlaqələndirib.