Əvvəllər meyit qıtlığı olmurdu, amma hazırda kafedrada meyit qıtlığı var. Bir qrupa bir meyit düşür”.
Aynur deyir ki, anatomiya kafedrasına kimsəsizlərin meyitləri gətirilir. Bu meyitlərin əldə olunmasında kafedraya polis işçiləri köməklik göstərir. Kimsəsizlər öləndə polis onları anatomiya kafedrasına gətirir. Bu köməyə görə polislərə pul ödənilir. “Anatomiya kafedrasında sümük, əzələ, daxili orqanları keçirik. Meyit təşrih olunur, orqanlar və əzələlər istifadə olunur. Bizə meyit göstəriləndə onun haqqında şəxsi məlumatlar məxfi saxlanılır”.
«Kafedra müdirinin icazəsi olmadan, kimsə danışa bilməz»
Mövzu ilə bağlı Tibb Universitetinin Anatomiya kafedrasına müraciət etdik. İnsan anatomiyası kafedrasının müdiri Vaqif Şadlinskindən müsahibə almaq istədiyimizi deyəndə, kafedranın qapıçısı xələtsiz içəri keçməyin qadağan olduğunu dedi: “Xələti komendantdan götürüb müsahibə ala bilərsiniz”. Bu zaman korpusun mühafizəçisi anatomiya kafedrasının müdiri Vaqif Şadlinskinin razılığı olmadan içəri keçə bilməyəcəyimizi dedi. Mühafizəçi 70 yaşlarında olan qapıçının üstünə qışqıraraq “Sən deyirsən ki, müsahibə ala bilərsən. Bilirsən ki, buna görə iki dəqiqəyə sənin əmrini yazıb, işdən azad edə bilərlər?” dedi.
Bir müddət sonra komendant gəlib dedi ki, Vaqif müəllim H.Əliyevin doğum günü ilə bağlı təşkil olunan iclasdadır. Kafedradan mövzu ilə bağlı başqa bir şəxslə danışa biləcəyimizi soruşanda mühafizəçi “Vaqif müəllimdən başqa onların hamısı heç kimdir” dedi: «Vaqif müəllimin icazəsi olmadan, onların heç biri danışa bilməz».
Kimsəsizlər nə deyir?
O, Politexnik İnstitutuna gedən yolda dayanır. Yolun kənarında tikinti üçün hasara alınan yerə söykənib, beli bükülü vəziyyətdə, əlində əsa ayaq üstə durmağa çalışır. Yetmiş yaşlarında olan Şeyx Məsim Ağa oğlunun ucbatından bu vəziyyətə düşdüyünü deyir. Oğlu onu aldadıb, evini sataraq onu küçədə qoyub. Qızı atasını evinə dəvət etsə də, Məsim Ağa “Qız ələ baxandır” deyib, ora getməyib. Məsim Ağa əvvəllər küçədə gecələsə də, indi yatmağa yeri var.
Küçədə yaşayan kimsəsizlərin meyitinin Tibb Universitetində tələbələrin təcrübəsi üçün istifadə edildiyini deyəndə, təəccübləndi. “Allah bizim taleyimizi min il qabaqdan yazır. Allah necə yazıbsa, elə də olmalıdır. Onlar Allahın işinə əl atırlar deyə, millətimizin 70 faizi sürünür. Belə qalmaz. Allah bizə rəhm eləsin”.
Nəfəsini dərib əlavə edir ki, “vaxtilə mən Ramanıda S. Vurğun adına açılan əlillər evinə yardım eləmişəm. İndi hər dördüncü gün gedib S. Vurğuna, Şıxəli Qurbanova yasin oxuyuram”.
Xəstəxana kənarında gecələyən Sara Əliyevanın isə iki oğlu var. Sara Əliyeva onların heç biri ilə yaşamır. O, polislərin küçədə ölənlərin meytlərini ATU-ya aparlmasının düzgün olmadığını deyir. “Mənim uşaqlarım var, onlar mənim meyitimi götürərlər, imkan verməzlər onlara”.
İki il öncə Türkiyənin Trakya Universitetinin anatomiya kafedrasının rəhbəri, professor Oğuz Taşkınalp “Anadolu” agentliyinə müsahibəsində Azərbaycanın meyit ixrac edən ölkələr siyahısında ilk yerdə olduğunu deyib. “Rusiya və Azərbaycan bioloji material ixrac edən ölkələrin başında gəlir. Bu ölkələrlə əldə ediləcək anlaşmalarla təqribən 1000 dollara bioloji material ala bilərik”. Bioloji material isə, sahibsiz və kimsəsiz insanların meyitləridir.
İlqar Altay: «Bizim camaatın yiyəsi var»
İctimai Təhqiqatlar Mərkəzinin rəhbəri, kriminalist, tibb elmləri namizədi İlqar Altay bəzi ölkələrdə şəriət və qanunların meyit təşrihinə icazə vermədiyini deyir. “Bizdə orqanların satılmasının qarşısı alınır. Meyit canlı olmadığına görə o da orqan kimidir. Azərbaycan qanunlarına görə ölkə daxilində orqanların verilməsi mümkündür, amma ölkədən meyitlərin daşınmasını, verilməsini tənzimləyən qanun yoxdur”.
İlqar Altay Rusiyada meyitdən bioloji material kimi istifadə etməkdə heç bir problemin olmadığını bildirir. “Bir neçə il bununla bağlı Rusiyada işləmişəm. Rusiyada meyitlərin istifadə olunması ilə bağlı problem yoxdur, çünki kimsəsiz çoxdur”.
Kriminalist İ.Altay meyitlərin 1000 dollara satılmasını mümkünsüz sayır. O, qiymətlərin bahalı ola biləcəyini düşünür. “Mən inanmıram ki, bir meyiti 1000 dollara yükləyib xaricə aparalar. Meyitin yanında iki-üçü adam da onu aparır. Birlikdə bu daha çox vəsait tələb edir. Adi böyrək köçürməsinin qiyməti 200 min dollardır”.
Azərbaycanda tələbələrin meyit qıtlığı yaşamasını inkar etməyən İ.Altay bizdə kimsəsizlərin olmadığını deyir. “Azərbaycanda yaşayan qeyri-millətlərdən ölənlərin meyitlərini ola bilsin ki, aparırlar, amma bizim camaatın yiyəsi var»
.// Bizimyol.az