Azərbaycanda narkomanların sayı durmadan artır (ARAŞDIRMA)

MARAQLI
20:19 27.06.2011
3633

Baş nazirin müavini Əli Həsənov jurnalistlərə ölkə üzrə 26 minə yaxın şəxsin narkotik istifadəçisi olduğunu açıqlayıb. Keçən ilə nisbətdə istifadəçilərin sayı 2500 nəfər artıb. Dövlət rəsimisi bunun konkret rəqəm olmadığını, faktiki sayın bundan da çox olduğunu vurğulayıb. Əli Həsənov deyib ki, son 12 ildə dünyada narkotik istehsalı 78 faiz artıb. Baş nazirin müavini narkotiklərlə mübarizə modelinin köhnəldiyini də qeyd edib. O, narkotiklərlə mübarizə üzrə qanunları nsərtləşdirilməsin7in vacibliyini vurğulayıb.
Bu yaxınlarda BMT-nin komissiyası narkotiklərdən istifadənin leqallaşdırılmasını təklif edib. BMT -nin keçmiş baş katibi Kofe Annan, Meksika, Kolumbiya və Braziliyanın keçmiş prezidentlərinin daxil olduğu Komissiya narkotik istifadəçilərinə qarşı kəskin mübarizə nəticəsində qələbənin mümkün olmadığı qənaətindədir. Komissiya üzvləri düşünür ki, kəskin mübarizə yalnız cinayətlərin artmasına yardımçı olur.

Afət Məmmədova: «Müalicənin effektivliyi şəxsin özündən və sosial mühitdən asılıdır»

Azərbaycan Narkoloji Dispanserində 152 xəstə müalicə alır. Onlardan 57 nəfəri narkomaniyadan, qalanları isə alkoqolizmdən müalicə olunur. Bu haqda Dispanserin Təşkilat-Metodik Şöbəsinin müdiri Afət Məmmədova qəzetimizə məlumat verib. Afət Məmmədova müalicənin effektivliyinin şəxsin özündən və sosial mühitdən asılı olduğunu deyir. “Xəstə müalicə olunur, amma qısa müddətdən sonra yenidən narkotik maddə istifadəçisi olur. Buna qısamüddətli remisiya deyirlər. Xəstə var ki, müalicədən uzun müddət sonra narkotik qəbul edir. Buna uzun müddətli remisiyada olan xəstə deyirlər. Bəzi xəstələr isə, müəyyən müddət orta remisiyada qalır. Bunların hər üçü qısa, orta və uzun müddətli müalicənin effektivliyindən xəbər verən amillərdir. Narkomaniya xroniki xəstəlikdir. Xroniki xəstəlik olduğuna görə xəstənin vəziyyətdən tam çıxması üçün onun psixologiyası, sosial mühiti nəzərə alınanda tam effektivlik əldə olunur”. Dispanserdə xəstənin qanının yuyulması, psixoterapiya aparılması, müəyyən psixiatrop dərmanlardan istifadə etməklə əhval-ruhiyyəsinin, davranışının bərpasına çalışılır.
A. Məmmədova Əli Həsənovun açıqladığı statistikanı dəqiqləşdirərək narkotik istifadəçilərinin sayının 25 min 489 nəfər olduğunu bildirdi. Şöbə müdiri statistikadan kənarda qalan şəxslərin olduğunu da etiraf edir. O, qanunvericiliyə əsasən narkotik istifadəçisinin yalnız könüllü şəkildə müalicəyə cəlb olunduğunu deyir.

“Təkrar narkotik qəbul eləyənlər çox olur”

Şöbə müdiri dispanserdə müalicədən sonra təkrar narkotik asılılığını bərpa edən şəxslərin çox olduğunu açıqladı. “Xəstəliyin təkrar yaranması ehtimalı çoxdur. Bunun statistikası aparılmır. Təkrar narkotik qəbul eləyənlər çox olur”. Həkimlər dispanseri tərk edən şəxslərin həyatı ilə maraqlanmır. Afət Məmmədova bunu həmin şəxslərin cəmiyyətdən kənarda qalmaq istəyi ilə bağlayır.
A. Məmmədova dispanserə 18-40 yaş qrupunda olan şəxslərin müraciət etdiyini açıqlayır. Heroin və tiryəkdən daha çox istifadə olunur. “Narkomaniya cavanlaşmış xəstəlikdir”.

Zülfiyyə Mustafayeva: «İstifadəçilərin reabilitasiyası üçün rəsmi səviyyədə heç bir addım atılmır”

“Hüquqi İnkişaf və Demokratiya” İctimai Birliyinin sədri, Azərbaycanda “Zərərin Azaldılması Şəbəkəsi”nin eksperti Zülfiyyə Mustafayeva rəsmi statistikanın real vəziyyətdən fərqləndiyinin çox gec etiraf olunmasından təəssüflənir. “Narkotik istifadəçilərinin sayının dəqiq aparılması, onlara reabilitasiya, qayğı, qulluq proqramlarının həyata keçirilməsi üçün çox təəssüf ki, rəsmi səviyyədə heç bir addım atılmır”. 
Zülfiyyə Mustafayeva heroinin qiymətinin artmasından narahatdır. O düşünür ki, bu amil sintetik narkotiklərdən istifadəni genişləndirəcək. ”Sintetik narkotiklərdən müalicə heroindən olan asılılığın müalicəsindən çətindir”.

“44 min nəfər vena daxili narkotik istifadəçisidir”

Birlik sədri keçən il rəsmi statistikya görə 23 min narkotik istifadəçisinin olduğunu deyir. Onlardan 15 min nəfəri vena daxili narkotik istifadəçisi olub. Z. Mustafayeva bu rəqəmi real hesab etmir. “Keçən il “Zərərin Azaldılması Şəbəkəsi”nin həyata keçirdiyi layihə çərçivəsində bir neçə rayonda vena daxili istifadəçilər arasında sorğu keçirilmişdi. Həmin araşdırmaların nəticəsinə görə 44 min nəfərin vena daxili narkotik istifadəçisi olduğu aydınlaşmışdı. Bu araşdırma bütün ölkə ərazisində aparılsa, biz çox böyük rəqəmlərlə üz-üzə gələ bilərik”

“Bu heyətdə orta məktəb şagirdləri də var”

Zülfiyyə Mustafayeva Narkoloji Dispanserin açıqladığı yaş qrupu əsasında şagirdlərin narkotik maddələrdən istifadə etdiyinə aydınlıq gətirdi: “Narkoloji dispanserin qaydalarına görə ora müalicəyə qəbul olunan adamlar bir neçə illik təcrübəsi olan şəxslərdir. İstifadəçi 18 yaşda dispanserə gəlirsə, bu artıq həmin şəxsin 13-14 yaşından narkotik istifadəçisi olduğunu göstərir. Təbii ki, bu proses orta məktəb illərindən başlayır. Orta məktəblərdə yüngül narkotiklərdən başlayırlar və get-gedə ağır maddələrə keçirlər. Ağır narkotiklər isə birbaşa cinayətkarlığa yol açır. Hər bir narkotik istifadəçisinin arxasında iqtisadi cinayətkarlıq dayanır”.

Dozanı aşmaq

Ekspert deyir ki, istifadəçi müəyyən müddətdən sonra yenidən narkotik qəbul etdikdə, bir neçə narkotik maddəni venaya vurduqda, narkotiklə birgə alkoqol içdikdə “dozanı aşma” baş verə bilər.
Ölkədə “dozanı aşmaq”la ölən narkotik istifadəçilərinin statistikası aparılmır. Birlik sədri beynəlxalq təşkilatın layihəsi əsasında 2004-2006-cı illərdə aparılan statistikanın nəticəsini açıqlayır. “Azərbaycanda dozanı aşma halları baş versə də, bu bizim ölkəmizdə qapalı mövzudur. Azərbaycanda dozanı aşmaqdan 44 nəfərin dünyasını dəyişdiyi məlum olmuşdur. İndiyə qədər o statistikada heç bir dəyişiklik yoxdur. Ölüm şəhadətnaməsi alınarkən bu müxtəlif adlarla qeydiyyatdan keçir. Hər cür xəstəlik yazılır, amma “dozanı aşma” yazılmır. Bizim narkotik istifadəçiləri arasında apardığımız sorğu hər bir narkotik istifadəçisinin heç olmasa bir dəfə dozanı aşma halı ilə üzləşdiyini göstərir. “Naloqson” dərmanı dozanı aşma zamanı insanın həyata qayıtmasına kömək edir. Bizə hələ məlum deyil ki, ölkəyə gətirilən dərmanlar içərisində “Naloqson” varmı?”
Ekspert deyir ki, HİV-ə yoluxan narkomanların sayı ilə bağlı keçən ilki statistika dəyişməyib. “Azərbaycanda HİV-ə yoluxanların 60 faizindən çoxu venadaxili narkotik istifadəçiləridir”.

Qanunvericilik insan hüquqlarını pozur


Birlik sədri deyir ki, BMT və digər beynəlxalq təşkilatlar ölkələrə bu sahədə qanunvericiliyi yumşaltmağı, narkotik maddələrin daşınması, satışı, istifadəsi hallarına fərq qoyulmasını tövsiyə edir. Amma bizim qanunvericilik bu mübarizədə daha sərtdir. “Narkotik istifadəsinə görə insanı həbs etmək, cəzalandırmaq onun hüquqlarını pozmaq deməkdir. Bizi Cinayət Məcəlləsindəki cəza qayğılandırır. Məcəllədə istifadəçi və daşıyıcıya fərq qoymadan mütləq cəza nəzərdə tutulur. Bu insan hüquqlarını pozmaq, insanın müalicə imkanlarının qarşısını almaq deməkdir. İstifadəçilər cəzaçəkmə müəssisəsinə göndərilir. Məhkəmənin hökmündə də qeyd olunur ki, orada müalicə alacaqlar. Bizim qurumlarda reabilitasiya imkanları varmı? Bizim ölkədə bir dənə də olsun reabilitasiya həyata keçirilmir. Biz bu məsələni dəfələrlə rəsmi qurumların nümayəndələri qarşısında qaldırmışıq, amma heç bir faydası yoxdur”.

“Metadon” çarəsi

Z. Mustafayeva narkotik istifadəçilərinin “Metadon” vasitəsilə asılılığı azalda biləcəklərini deyir. Bu vasitə ilə onlar yaşamlarını bərpa edə bilərlər. «Metadon» əvəzedici terapiya sayılır. “Metadon” heroinin sintetik, kimyəvi formasıdır. Bu müalicə deyil. Əgər şəxsin arzusu varsa, o həmin dozanı azalda-azalda asılılığı götürə bilər. O, “Metadon”-u damara vurmur, beləliklə orqanizmi qoruyur, hepatitə, infeksion xəstəliklərə yoluxma ehtimalını, baş verə biləcək cinayət hadisələrinin qarşısını aradan qaldırır. O hər səhər bir stəkan “metadon” içib gedir, öz həyatın davam edir”.

Sevinc Vaqifqızı, BİZİM YOL

 

OXŞAR XƏBƏRLƏR