Azərbaycansayağı Anfisa Çexova və ya TV-də “fahişəlik məktəbi”

KÖŞƏ
16:08 19.02.2011
5049

Açığı, əvvəlcə gördüklərimin və eşitdiklərimin qarşılığında nə edəcəyimi bilmədim. Əvvəl düşündüm ki, yəqin aparıcının bədəninə cərəyan qoşulub. Əndazədən çıxmış boyalı dodaqları, ağzı, gözləri elə əyilirdi ki, qadına çox yazığım gəldi. Öz-özümə dedim, ay millət vəkili, məgər sən buna görəmi TV-lərin efir vaxtını dolduran bayağı verilişlərdən, axmaq seriallardan danışırdın ki, indi lap betərini görəsən?.. Saata baxdım. Saat 9-u keçirdi. Şükür Allaha - düşündüm - deyəsən uşaqlar yatır. Daha sonra qara, torlu köynəyinin altından qırmızı alt paltarı operator tərəfindən xüsusi həvəslə çəkilən, sənəti ilə deyil, qalmaqalları ilə tanınan bir müğənni xanımın cinsi həyatı, seksi pişik, seksi pələng paltarları və daha nə bilim nələr haqqında dediklərinə qulaq asdıqca, səsimi onlara duyurub demək istəyirdim: “Ey Azərbaycan qadınları! Ay bacılar! Siz nəyin xatirinə özünüzü bu günə qoyursunuz? Kimsə sizə deyibsə ki, Anfisa Çexova ilə yarışa girin, aldanmayın! Kimsə sizə deyibsə ki, TV-də özünüzü bu günə qoysanız, sizi arzulayanların sayı artacaq, inanmayın! Desələr ki, küçədə bu verilişdən sonra nəinki qadınlar, hətta özünə hörmət edən kişilər sizin salamınızı almayacaq, inanın! Desələr ki, sizə olan maraq itdi, inanın! Ona görə inanın ki, efirdə artıq özəl həyatınızla bağlı hər şeyi danışdınız. Evinizdəki kamindən tutmuş, «Playboy» jurnalında gördüyünüz özəl paltarlarınıza kimi. İnanın ki, bura Rusiya deyil, Azərbaycandır. İnanın ki, Rusiya ciddi demoqrafik problemlərlə üzləşdiyi, kişiləri spirtli içkilərdən ayırmaq, qadınların dünyaya övlad gətirməsi üçün bu tipli verilişlərin sayını keyfiyyətinə belə diqqət etmədən çoxaldıb. Çünki oralarda vəziyyət çox pisdir. Rus xanımları artıq uzun illərdir ki, dünyaya qaraqaş, qaragöz vasyalar, nataşalar gətirir. Çünki artıq dövlət uşaq doğan qadınlara az qalıb “Milli Qəhrəman” adı versin.

Yaxşı, bəs sizlərə nə olub? Dərdiniz nədir? Özünüz cəhənnəm, artıq sizə kömək etmək çətindir, bu millətin gənc qadınlarına fahişəlik dərsləri niyə keçirsiniz?

Azərbaycanın gənc qadın və qızlarının vəziyyətini düşünən bütün dövlət və ictimai qurumlara deyirəm: «Həyəcan təbili çalın! Başıboş şöhrət ovçuları onlara Anfisalıq öyrədir. Fars rejiminin nökərləri isə başlarını deyil, gözlərini, ağıllarını, ürəklərini də möhürləyib cəhalətə sürükləyir. Laqeyd olmayın! Bunlar sizin qızlarınız, gələcək gəlinləriniz, hər yerdə üzləşəcəyiniz (məktəbdə, xəstəxanada, universitetdə, daha nə bilim haralarda) qadınlardır. Bu gün bu barədə düşünə bilərsiniz. Bu gün biz gələcək Azərbaycan analarını tərbiyə edə bilərik. Sabah halal süd əmmiş vətənpərvər, igid oğullar həyata gətirəcək xanımların tərbiyəsi ilə məşğul ola bilərik. Gələcək Azərbaycan AİLƏSİNİ qoruya bilərik. Yalnız BU GÜN! Sabah gecdir... Artıq o Anfisa olacaq.

OXŞAR XƏBƏRLƏR