SədaqətƏhmədova AZADNƏBİYEVİNXATİRƏSİNƏ
Filologiya fakültəsinin birinci kursunda oxuyurdum. Orta məktəbdən – uşaqlıq dövründən birdən birə qaynar gəncliyin qoynuna düşən hər birinci kurs tələbəsi kimi, mənim üçün də ətrafımda olan hər şey maraqlı idi. Ən çox maraq doğuran isə fənlər və müəllimlərdi – hər birinin öz fərdiliyi ilə...
Ədəbiyyatşünaslıq fənnindən mühazirələri Mir Cəlal müəllim deyirdi. Seminarlar başladı, biz qruplara ayrıldıq. Auditoriyaya daxil olan müəllimin görkəmi məni sarsıtdı – qoltuq əsaları ilə gəzirdi. Sarsılmağımın səbəbi yaxın qohumumla bağlı idi -- elektrik təmirçisi idi, gənc yaşlarında yüksək cərəyan vurmuşdu, bir ayağını itirmişdi, əvvəllər qoltuq əsası ilə, sonralar çəliklə gəzirdi. Boy-buxundan da çox sevdiyim dayıma bənzəyən bu müəllimə ilk sarsıntıdan dərhal sonra qanım qaynadı, diqqətlə ona qulaq asmağa başladım. Vəziyyəti onun üçün heç bir çətinlik yaratmırdı, çox az oturardı, ya masanın yanında dayanar, ya da lövhənin qarşısında gəzişərdi. Çox iti yaddaşı vardı, hansı əsərdən danışardısa, nəşr tarixinə, nəşriyyatın adına qədər söylərdi. Sonralar, “Şifahi xalq ədəbiyyatı” fənnindən dərs deyəndə də, onun yaddaşı məni heyrətləndirmişdi: əllidən yuxarı ədəbiyyatı, bütün məlumatları ilə birlikdə, birnəfəsə söylərdi; saysız-hesabsız bayatı, holavar, oxşama, atalar sözlərini, aşıq yaradıcılığına aid nümunələri əzbər deyərdi. Nədən danışardısa, sevə-sevə danışar, o sevgini bizə də aşılayardı. Xalq ədəbiyyatının nə qədər zəngin olduğunu da, ilk baxışdan sadə görünən mənaların “astar üzündə” daha dərin mənaların gizləndiyini də ondan öyrəndim.
İlk yaxın ünsiyyətimiz mənim kurs işimin müzakirəsində oldu. M.F.Axundovun “Hekayəti-xırs quldurbasan” əsərinin təhlili necə xoşuna gəlmişdisə, sonrakı kurs işləri müzakirələrinin hamısında mütləq mənim fikrimi öyrənər, məndən əvvəl öz fikrini bildirməzdi. Yoldaşlarımı pis vəziyyətdə qoymamaq üçün gördüyüm qüsurların bir-ikisini deyər, müsbət tərəfləri də qeyd etməyə çalışardım. Hər dəfə fikrimi söyləyəndə onun baxışları işıqlanardı və bu inam məni qorxudurdu -- haçansa onu məyus edəcəyimdən qorxurdum. Bir neçə dəfə “Sən çox yaxşı tədqiqatçı olacaqsan” demişdi. Mənə böyük ümidlər bəslədiyini görürdüm, amma məni gələcəyin elmi işçisi kimi gördüyünü, məni bir tələbə kimi yetişdirmək, sonra öz yetirməsi kimi mənimlə fəxr etmək istəyini o vaxt görə bilməzdim – on yeddi yaşım vardı... Bu həqiqəti mən çox sonralar dərk etdim, məni çox sevən müəllimimin qəlbində özümə qarşı qəzəb və kin oyatdıqdan sonra...
Bir dəfə Mir Cəlal müəllim dərs deməyə gəlməmişdi, digər qrupun seminar müəllimi də yox idi, üç qrup birləşmişdi. Öz qrupumuzda fikir söyləmək çətin deyildi, yoldaşlarım vəziyyəti bilirdi, yəni, bilirdilər ki, müəllim mütləq mənim fikrimi öyrənmək istəyir, məndən mütləq tənqid gözləyir və mənim boyun qaçırmağım mümkün deyil. O biri qrup uşaqlarına vəziyyəti başa sala bilməzdim, özündən razılıq kimi qəbul edərdilər. Müzakirə olunan kurs işi isə bizim qrupa aid deyildi. Nə qədər boyun qaçırsam da, olmadı, müəllim məni xeyli ayaq üstə saxladıqdan sonra fikir söyləməyə məcbur oldum. Düşündüyümün çox az qismini demişdim, bununla belə narazılıq dərhal özünü büruzə verdi. İlk dəfə yoldaşının işini tənqid etməyin acısını yaşadım.Kurs işi müzakirə olunan qızın rəfiqəsi məni bircə cümlə ilə qınadı: “O qədər əziyyət çəkib, o boyda əsəri oxuyub...” Bilirdim ki, o qız oxuyan deyil, bəlkə heç fənnin adını da doğru-dürüst bilmirdi, kurs işini də başqası yazmışdı. Amma bunların heç birini dilimə gətirə bilmədim. Qarşıda neçə illik yoldaşlıq vardı – müəllimimin məndə gördüyü qabiliyyət yoldaşlarımla münasibətimi korlayırdı. Bunu istəmirdim -- ixtisas bölgüsündə ədəbiyyatı yox, dilçiliyi seçməyi qərara aldım.
Dərs ilinin sonu idi, imtahanlara az qalırdı. Dil müəllimi Ziynət Əlizadə ilə ədəbiyyat müəllimi Azad Nəbiyev auditoriyaya daxil oldular. Tələbələrin hamısından öz arzusunu soruşub müvafiq qrupa yazırdılar. Mənə növbə çatanda mübahisə başladı – Azad müəllim “ədəbiyyat” dedi, Ziynət xanım “dil” (Ziynət xanım iddialı və zabitəli xanım idi), axırda ikisi də eyni inamla mənə baxdı. Mən Azad müəllim üçün cavabımın nə qədər vacib olduğunu başa düşəcək yaşda deyildim ( bir az da sadəlövhlüyüm var). Əvvəlki qərarımla “dil” dedim və elə o anda, Azad müəllimin nə qədər pərt olduğunu, Ziynət xanımın ona necə qalib ədasıyla baxdığını gördüm. O vaxt da başa düşmüşdüm ki, Azad müəllimə qarşı pis hərəkət etmişəm, amma o vəziyyətin psixoloji gərginliyini və incəliklərini çox sonralar anladım. Azad müəllim mənə qarşı o qədər qəzəbli idi ki, dərhal yay təcrübəsi qrupundan adımı silmişdi (mən onun rəhbəri olduğu Quba qrupuna yazılmışdım), imtahanda məni danışdırmadı, üzümə də baxmaq istəmirdi. Ona yaxınlaşıb seçimimin səbəbini izah etməkdən belə qorxurdum. İzah edə bilsəydim də mənimlə razılaşmayacaqdı... Azad müəllim bacarığına inandığı adamsız, arxasız tələbəsinə xeyirxahlıq əlini uzatmışdı, mənə yaxşılıq etmək istəmişdi, mən isə o əldən yapışmaq əvəzinə, öz zərərimə, həmin əli, eyni zamanda onun mənə olan inamını baltalamışdım...
Yay semestr imtahanlarından birində kəsildim – çox geniş material idi, dərslik yox idi, ilboyu nə seminar, nə zaçot olmuşdı, üstəlik müəllim də qiymət yazmaqda “xəsis” idi. Mənim kəsildiyim “Antik dövr, orta əsrlər və intibah dövrü ədəbiyyatı” fənnindən çox az tələbə qiymət almışdı. Bəlkə də digər qiymətlərimin hamısının “əla” olması, onun dərsini isə “zəif oxumağım” həmin fənn müəlliminin xoşuna gəlməmişdi – payızda, hətta rektor göndərişi ilə də, mənə qiymət yazmadı. O vaxtlar birinci kursdan qalan bir kəsirlə də tələbəni ali məktəbdən xaric edirdilər, məni də çıxartdılar. Elə həmin dərs ilinin sonunda (o illərdə qəbul imtahanları ayrı-ayrı keçirilirdi) imtahan verib axşam şöbəsinə qəbul olundum.
Dərslər başlandı. Elə birinci gün Azad müəllimin dərsi oldu. Məni “görmürdü”, hirsi soyumamışdı. Bir dəfə sual verməyə cəsarət etdim – acıqlı səslə, başqa uşaqlara baxa-baxa cavab verdi. Daha onu danışdırmağa cəsarət tapmadım. İmtahanlarını rahat verirdim, mən danışırdım, o da üzümə baxmadan və əlavə sual vermədən qiymət yazırdı. Ayrı müəllim olsaydı, bəlkə də, acığını çıxardı -- Azad müəllim başqa xarakterdə insan idi, tələbkar idi, amma heç vaxt haqsızlıq etməz, tələbəni incitməzdi, orta hazırlıqlı tələbəyə də qiymət yazardı. Dərsə maraq göstərən, “bilik acı” olan tələbələr isə gözünün işığı idi.
Yuxarı kursda bir müəllimlə kurs işinə görə kiçik mübahisəmiz oldu, nəticədə kurs işindən mənə “qeyri-kafi” yazdı, sonra da demişdi ki, “iki”alanları imtahana buraxmayacam, gəlməsinlər. İmtahan vaxtı içəri girdim, onsuz da nigaran idim, Azad müəllimi də içəridə görəndə özümü itirdim. Fənn müəllimi məni görən kimi “Deməmişdim ki, kurs işindən iki alanlar imtahana gəlməsin?” dedi. Əlimdə zaçot kitabçası, qapının ağzında dayanmışdım, nə edəcəyimi bilmirdim. Qayıdıb çıxsaydım daha da pis olardı -- acığa düşsəydi, bu müəllim də məni universitetdən çıxartdıra bilərdi, arxamda dayanacaq kimsəm də yox idi. Ağır bir sükut yaranmışdı, içəridəki cavab verməyə hazırlaşan tələbələr də əllərini saxlayıb bizə baxırdılar. Gözləmədiyim halda (bəlkə də gözləyirdim...) Azad müəllim “bu tələbə savadsız tələbələrdən deyil, bəlkə imkan yaradaq, bilet çəksin?” dedi. Özünə arxa tapmış adam kimi rahat nəfəs aldım. Fənn müəllimi bir az duruxub, “Yaxşı, qoy bilet çəksin, amma necə danışsa, bir qiymət aşağı yazacam” deyəndən sonra bilet çəkdim, hazırlaşmamış cavab verdim və “yaxşı” aldım. İmtahanın axırını gözləyib təşəkkür edə bilərdim, bu da danışmaq üçün səbəb olardı, amma çəkindim, bilirdim ki, Azad müəllim məni bağışlamayıb, sadəcə olaraq, ona yaraşan böyüklüyü göstərib...
Universitet illəri çox uzaqda qalıb. Bir neçə dəfə Azad müəllimə zəng vurub danışmaq, üzr istəmək fikrinə düşmüşəm, çox vaxt cəsarətim çatmayıb, cəsarət tapanda isə, ya nömrənin dəyişdiyini öyrənmişəm, ya da başqa səbəbdən alınmayıb. Bir neçə il əvvəl ürəyi ilə bağlı problem yaşadığını eşitmişdim, şükür eləmişdim ki, salamatlıqla ötüşüb... Düşünürdüm ki, bir gün, cəsarət tapa bilsəm, haqqında ona layiq olan bir məqalə yazaram, bəlkə o zaman öz gözümdə günahımı zərrə qədər azaltmış olaram. Mən o cəsarəti tapana qədər çox sevdiyim, çox böyük hörmətlə xatırladığım və özümü qarşısında günahkar hesab etdiyim müəllimimi itirdim...
O cəsarəti vaxtında tapa bilmədiyimə görə peşmanam. Axı bu qədər hörmətlə xatırlaya bildiyimiz müəllimlərimiz o qədər də çox deyil. Gecikdim... Çox gecikdim..