“Azərbaycan Hava Yolları (AZAL) QSC-nin təyyarə biletlərinin ən aşağı qiymətlərini təxminən 20 faiz azaltması barədə verdiyi açıqlama müştərilərin ümidləri tam doğrultmadı”. Bu sözləri ANS PRESS-in əməkdaşı ilə söhbətində iqtisadçı alim, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, AZAL təyyarə biletlərini ən azı 40 faiz ucuzlaşdıra bilər. “Şirkətin sərnişin daşımaya çəkdiyi xərclər başqa aviaşirkətlərlə müqayisədə çox aşağıdır. AZAL yanacağı ucuz qiymətlərlə alır, tikinti və infrastruktur xərcləri üçün dövlətdən subsidiyalar alır. Təyyarələri dövlət vəsaiti ilə əldə edir. Belə olan halda şirkət niyə tam bazar şərtləri ilə işləyən avia şirkətlərdən daha baha qiymətə bilet satır?” - deyə iqtisadçı alim vurğulayır.
Vüqar Bayramov AZAL-ın bu günkü açıqlamasından misal gətirərək İstanbula biletlərin qiymətinin 277 avrodan 219 avroya salınmasını Türk Hava Yollarının ən aşağı qiyməti ilə müqayisə edir: “Tam bazar şərtləri ilə işləyən, avia benzini xeyli baha alan Türk Hava Yolları Tiflisə səfəri 170 avroya təşkil edir”.
Bu məsələ iyulun 13-də Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş iclasda dövlət başçısı İlham Əliyev tərəfindən də kəskin tənqid edilmişdi: “Aviabiletlərin qiyməti bəzi hallarda süni şəkildə qaldırılır. Sual olunur: nəyə görə? Nə üçün?.. Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir axı! AZAL dövlət tərəfindən böyük subsidiyalar alır. Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır? Nə üçün?”.
Vüqar Bayramov problemin AZAL-ın sərnişin daşımadan kənar xərclərinin böyük olması ilə izah edir: “AZAL-ın inzibati xərcləri həddindən yüksəkdir. Şişirdilmiş aparat, şişirdilmiş qiymətlər və s. sərnişin başına düşən xərcləri artırır. Yəni inzibati idarəetmədə işləyənləri sayının pilotların və xidmət sektorunda işləyənlərin sayına nisbəti beynəlxalq səviyyəyə uyğun olmalıdır. Amma belə görünür ki, bu nisbət AZAL-da dəfələrlə yüksəkdir ki, ucuz qiymətə aldığı yanacaqla, pulsuz əldə etdiyi təyyarələrlə və infrastrukturla belə, başqa şirkətlərlə rəqabət apara bilmir”.
AZAL-ın bu rəqabətdə uduzduğu göz qabağındadır. Hər gün Azərbaycandan yüzlərlə sərninşin Gürcüstana gedərək Tiflis hava limanından dünyanın müxtəlif şəhərlərinə uçurlar. Adambaşına qiymət fərqi 100 avrodan 250 avroya qədər olduğundan cütlüklər bəzən bu səfərlə 500 avroya qədər pula qənaət etmiş olurlar. Beləliklə, dövlətin AZAL-ı güclü və rentabelli, həmçinin rəqabət qabiliyyətli şirkətə çevirmək üçün xərclənən dövlət vəsaitləri istənilən nəticəni vermədən havaya sovrulur.
Bu mənzərə Azərbaycanın dövlətə bağlı biznes qurumlarının əksəriyyətində müşahidə edilir. Nazirliklərdə və digər dövlət idarələrində aparılan islahatlar dövlətə bağlı biznes qurumlarına qədər enə bilmir. Bu qurumlarda tanışlıqla işə düzələrək gününü sosial şəbəkələrdə keçirən minlərlə işçi var. Yüksək maaşlı bu idarə işçiləri dövlət şirkətlərinin xərclərini artırır.
Məsələ bundadır ki, aradan 25 il keçməsinə baxmayaraq, bu şirkətlər sovet irsindən xilas ola bilməyiblər. Sovet standartlarına görə, hər bir müəsisənin ümumi işçi sayının 25 faizi mühəndis-texniki işçilər (MTİ) olmalı idi. Qərbdə isə həmin illərdə bu rəqəm 7 faizdən yuxarı deyildi. Yəni bazar iqtisadiyyatına keçən dövlət müəssisələri daha çevik menecer qrupu təmin etməklə rentabelliyi yüksəltməli idilər. Təəssüf ki, müstəqillik illərində Azərbaycanın dövlətə məxsus biznes qurumlarında MTİ heyətinin payı getdikcə şişməyə başladı. Hazırda kim bilir, bəlkə də, bu pay 40-50 faizə qədər artıb. Dövlətə məxsus biznes şirkətləri bu barədə məlumatları açıqlamağı sevmirlər. Yəni AZAL-ın timsalında indi uçuşda və xidmətdə çalışan hər bir sadə işçinin başının üzərində bir nəfər inzibatçı olduğunu ehtimal etmək olar. Bu isə təbii ki, biletlərin qiymətini xeyli bahalaşdırır.
Vüqar Bayramov bu problemi həll etmək üçün AZAL-da ciddi islahatlar aparmağı məsləhət görür: “Düşünürəm ki, AZAL-ın səhmlərinin 49 faizi hərraca çıxarılaraq özəlləşdirilməlidir. Qalan 51 faiz isə strateji məqsədlərlə dövlətin əlində qalmalıdır. Həmin 49 faiz payı alan şirkətlər AZAL-ın işinə nəzarət edərək lazımsız xərclərin qarşısını ala bilər”.