Azər Aydəmir: "8 yaşında atamı, 15 yaşında isə anamı itirdim"

Azər Aydəmir: "8 yaşında atamı, 15 yaşında isə anamı itirdim"
SOSİAL
17:42 19.08.2026
155
Aktyor Azər Aydəmir uşaqlıq və yeniyetməlik illərində yaşadığı ağır günlərdən danışıb. Sənətçi valideynlərini itirdikdən sonra tək böyüdüyünü, həmin dövrdə dostlarının və onların ailələrinin ona böyük dəstək göstərdiyini bildirib.

O, qeyd edib ki, 8 yaşında atasını, 15 yaşında isə anasını itirib. Onun sözlərinə görə, bu itkilərdən sonra həyatın çətinlikləri ilə daha erkən yaşda üzləşməli olub.

"8 yaşında atamı, 15 yaşında anamı itirdim. Yaxın dostlarım, onların valideynləri, öz əzmkarlığım, həyata sevgim və ambisiyalarımın köməyi ilə həyatdan baş çıxardım. Tək uşaq idim. O vaxt nənəm, bibim, xalam mənə mənəvi dəstək olurdular. Maddi cəhətdən isə daha çox dostlarımın dəstəyini görürdüm", - deyə aktyor bildirib.

Sənətçi 15 yaşında kifayət qədər formalaşdığını və həmin yaşda həyata daha erkən atıldığını vurğulayıb:

"15 yaşında kifayət qədər formalaşmışdım, boyum da təxminən indiki kimi idi. Həyata daha erkən yaşlardan atıldım. Mənə iki il daha lazım idi ki, bir az da formalaşım. Daha sonra avtomobil sahəsində işləməyə başladım".

Azər Aydəmir dostlarının həyatındakı rolundan da danışıb. O bildirib ki, illər keçməsinə baxmayaraq, həmin insanlarla münasibətləri bu gün də davam edir.

"İndiyə qədər o dostlarla birgəyik, uşaqlarımız da bir-birini tanıyır. Dost baxımından çox yarım olmuşam. Onların arasında məndən kifayət qədər yaşda böyük olanlar da var idi".

Aktyor həmin dövrdə yaşadığı bəzi hadisələri tam xatırlamadığını da qeyd edib. Onun sözlərinə görə, insan beyni ağır və xatırlamaq istəmədiyi hadisələri müəyyən qədər bloklaya bilir:

"İnsan beyni elədir ki, xatırlamaq istəmədiyi şeyləri bloklayır, unudur, beyində şüurdan silir. Müəyyən fraqmentlər yadda qalır. Bir şey dəqiq yadımdadır ki, dostlarımın və onların ailələrinin dəstəyi ilə pis günləri ötürdük".

Azər Aydəmirin uşaqlıq illəri və həyatının çətin dövrü ilə bağlı səmimi etirafları diqqət çəkib.
 
///sfera.az///
OXŞAR XƏBƏRLƏR