Azər Həsrət bara gedən qızlar haqda dediklərinə aydınlıq gətirdi

Azər Həsrət bara gedən qızlar haqda dediklərinə aydınlıq gətirdi
SOSİAL
15:20 26.01.2026
1050
Əməkdar jurnalist, siyasi şərhçi Azər Həsrətin "YouTube” platformasında yayımlanan "Bax da” kanalına verdiyi müsahibədə səsləndirdiyi fikirlər ictimai müzakirələrə səbəb olub. Onun Bakıda fəaliyyət göstərən gecə barlarına gedən qızların əksəriyyətinin rus dilində danışması ilə bağlı açıqlaması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb və müxtəlif mövqelərdən şərh edilib.

Əməkdar jurnalist Azər Həsrət fikirlərinin tənqid olunması barədə AZXEBER.COM-a açıqlamasında deyib ki, həmin paylaşımları edənlər müsahibəyə baxmayıblar:

"Son günlər bir daha əmin oldum ki, Azərbaycan jurnalistikası sinifdə qalıb. Hətta ən aparıcı media qurumlarımızın belə paylaşımlarına baxdım və çox təəssüfləndim. Açıq-aydın hiss olunur ki, o paylaşımları edənlər müsahibəyə ümumiyyətlə baxmayıblar. Hər kəs özünə uyğun şəkildə videonu kəsib paylaşıb. Üstünə də bir başlıq atıblar və insanların böyük hissəsi həmin başlığa baxaraq fikir yürüdür. İnformasiya texnologiyalarının bu qədər əlçatan olduğu bir dövrdə niyə bizim jurnalistikamız bu vəziyyətdə olmalıdır? Normal jurnalist hər zaman araşdırmalı, mənbəni tapmalı, videonun tamamına baxmalı idi. Axı söhbət 50 dəqiqəlik bir müsahibədən gedir”.

O söyləyib ki, müsahibədə Azərbaycan dili haqqında mühüm məqamlar var:

"Müsahibədə Azərbaycan dilinin əhəmiyyəti, dövlət dilinin qorunması, dilimizin yad təsirlərdən kənar tutulması, dövlət siyasəti və digər mühüm mövzularla bağlı nə qədər maraqlı, dəyərli fikirlər səsləndirilib. Doğrudanmı bu fikirlər kampaniya aparanların və ya onların təsiri altına düşüb məni təhqir edənlərin diqqətini çəkməyib? Əlbəttə, baxanlar üçün bunlar vacib məqamlardır. Baxmayanlar isə sadəcə olaraq düşüncəsiz davranıblar. Dezinformasiya dövründə hər şeyə şübhə ilə yanaşmaq lazımdır”.

Əməkdar jurnalist qeyd edib ki, barlarda yaşananları dilə gətirmək üçün mütləq barlara getmək lazım deyil: 

"Mənim barda olub-olmamağıma gəldikdə isə harada nə baş verdiyini öyrənmək artıq çətin məsələ deyil. Məsələn, media nümayəndələri İran haqqında xəbər yazanda mütləq İranda olurlar? Hansı dövrdə yaşayırıq biz? İnformasiya, kommunikasiya texnologiyaları və süni intellekt dövrüdür. Harada nə baş verdiyini öyrənmək artıq çətin məsələ deyil. Mən də cəmiyyətin içində olan bir insanam. Müxtəlif insanlarla ünsiyyətdəyik, müxtəlif mənbələrdən məlumat alırıq. Biz orta əsrlərdə yaşamırıq ki, hər şeyi mütləq gedib gözümüzlə görək. XXI əsrdəyik, informasiya bolluğu dövründəyik. Bu qədər açıq mənbə varkən mənim kimi bir adamın belə məsələlərdən xəbərdar olması sual doğurmamalıdır”.

A.Həsrət vurğulayıb ki, həmin videoda kiminsə ünvanına ağır bir söz deyilmir:

"Həmin videoda kiminsə ünvanına ağır bir söz deyilmir. Amma yalan başlıqlar atılır ki, "Azər Həsrət bu şəxsləri təhqir etdi”. Bütün bu yalan məlumatlar Moskvaya həvəslə "köpəklik” etmək istəyənlərin kampaniyasıdır. Başqa bir şey ola bilməz. O videoda rusdilli qızların təhqir olunmasıyla bağlı bir cümlə belə yoxdur”.

O bildirib ki, rus dilini belə müdafiə edənlər düşüncəsi korlaşmış bir sürüdür:

"Prezident İlham Əliyev yanvarın 5-də televiziya kanallarına verdiyi müsahibədə də dövlət dilimizin əhəmiyyətindən, ana dilimizin qorunmasından danışdı. Bizim də söhbətimiz məhz həmin 50 dəqiqəlik müsahibə və bu mövzu ətrafında idi. Amma bizi təhqir edənlər bunu görmək istəmədilər. Bu hadisə 20 Yanvar faciəsinin ildönümündən dərhal sonra baş verir. Həmin faciəni bizə yaşadanlara bir kəlmə deməyənlər, indi rus dilini guya mənim üzərimdən "müdafiə” edirlər. Bu insanlar öz ana dilinə qarşı yad və işğalçı bir dili üstün tutan, manqurtlaşmış bir sürüdür”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR