Azərbaycan-Almaniya münasibətləri bütün sahələrdə uğurla inkişaf edir

Azərbaycan-Almaniya münasibətləri bütün sahələrdə uğurla inkişaf edir
SİYASƏT
08:30 17.03.2023
678
Azərbaycanın Avropada etibarlı tərəfdaş kimi münasibətlərini ildən-ilə inkişaf etdirdiyi ölkələrdən biri də Almaniyadır. Azərbaycan və Almaniya arasında əlaqələr yüksək səviyyədədir.

Martın 13-də Berlində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub. Dövlət başçısı tədbirdə çıxış edib. Ölkə rəhbəri çıxışı zamanı bildirib ki, Azərbaycan beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən layihələrin həyata keçirilməsini tamamlamaq üzrədir və yeni kreditlər götürməyi planlaşdırır. Son iyirmi il əsasən enerji sektoru sayəsində sürətli iqtisadi artım illəri olmuşdur. İndi isə hədəf iqtisadiyyatımızın daha çox şaxələndirilməsi üzərində işləməkdir. Çünki ÜDM-in tərkibinə gəldikdə, ÜDM-in əksər hissəsi qeyri-enerji sektorunun payına düşür, lakin biz hələ də əsasən neft və qazı ixrac edirik.

Hazırda Azərbaycan qazı Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan və İtaliyaya çatdırılır. Bu ildən qazın Rumıniyaya da çatdırılmasına başlanılmışdır. Cari ilin sonunda Macarıstana ilk qaz təchizatını həyata keçirmək fikrindəyik. Hazırda Albaniya Hökuməti ilə Albaniyanın qaz təchizat şəbəkəsinin yaradılması və gələcəkdə Albaniyaya Da qaz ixracatını təmin etmək üçün danışıqlar aparılır. Bizə qaz sifarişini edən ölkələr sırasında, eyni zamanda, Çex Respublikası, Monteneqro, Bosniya və Herseqovina, Xorvatiya və digər ölkələr var. Avropada yaranmaqda olan interkonnektorlar da çox mühüm rol oynayır. Nə qədər çox interkonnektor olarsa, bir o qədər də bizim Avropa məkanında qaz ixracat coğrafiyası genişləndirilə bilər. Uzunmüddətli kontraktlar imzalanmalıdır. Avropada yaşıl keçidə meyillər çox yüksəkdir və bu səbəbindən Azərbaycan uzunmüddətli kontraktlarda maraqlıdır.
Səfər çərçivəsində aparılan müzakirələr münasibətlərin yüksək səviyyədə olduğunu və əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensialın mövcudluğunu göstərir. Bu görüşlərdə və daha sonra ölkə rəhbərləri səviyyəsində verilmiş açıqlamalardan aydın görünür ki, Almaniya Azərbaycanı özünün etibarlı tərəfdaşı kimi görür və Azərbaycan hökuməti ilə müxtəlif səviyyələrdə və müxtəlif istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Hər bir Avropa dövləti kimi Almaniya da Asiya qitəsi ilə iqtisadi əməkdaşlığın gücləndirilməsində maraqlıdır. Bu əməkdaşlığın daha da inkişaf etdirilməsi məhz Cənubi Qafqazda təhlükəsizliyin bərqərar olunması ilə birbaşa bağlıdır. Bu bağlılığı şərtləndirən əsas səbəb isə Azərbaycanın bölgədəki geostrateji mövqeyi və regional layihələri ilə qarşılıqlı faydalı əməkdaşlığa verdiyi mühüm töhfələrlə bağlıdır.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında artan rolu uğurla reallığa çevrilən layihələrdən, eyni zamanda, imzalanan sənədlərdən aydın görünür. Son zamanlar enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artıb. İstər Azərbaycanın Avropa dövlətlərinə, istərsə də həmin ölkələrin dövlət başçılarının Azərbaycana səfərlərinin ardıcıl xarakter alması diqqətdən kənarda qalmır.

Azərbaycan – Avropa İttifaqı arasında təxminən 30 ilə yaxın qarşılıqlı münasibət mövcuddur. Avropa ittifaqı 90-cı illərdən etibarən öz təsir sahəsini genişləndirmək siyasəti tətbiq edir. 


Naftalan şəhər sakini Samir Qocayev

OXŞAR XƏBƏRLƏR