Avropa Gənclər Klubları Konfederasiyası Avropa məkanında ən aktiv beynəlxalq təşkilatlardan biridir. AZXEBER.COM xəbər verir ki, 20-dən artıq Avropa ölkəsinin təmsil olunduğu bu qurumun əsas məqsədi vətəndaş cəmiyyətinin inkişaf etdirilməsində gənclərin rolunu dəstəkləyən fəal gənclər təşkilatları arasında əməkdaşlığın gücləndirməsinə və qeyri-formal təhsilin inkişaf etdirilməsinə kömək etməkdir.
Bu günlərdə Kiprin Limassol şəhərində qurumun Baş Assambleyası və idarə heyətinin iclası başlamışdır. Ötən gün keçirilmiş yekun iclasda Azərbaycanın Konfederasiyadakı statusu müzakirəyə çıxarılmışdır.
Müzakirələr zamanı Gənclər üçün Təhsil Mərkəzinin nümayəndəsi ətraflı təqdimat etmiş və və üzv ölkələrin nümayəndələrini maraqlandıran sualları cavablandırmışdır. Daha sonra Mərkəzin nümayəndəsinin iştirakı olmadan qapalı müzakirələr aparılmış və səsvermə keçirilmişdir. Nəticəyə əsasən Gənclər üçün Təhsil Mərkəzinin Azərbaycan adından quruma tamhüquqlu üzvlüyü təsdiq olunmuşdur.
Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadənin sözlərinə görə, Konfederasiyaya tamhüquqlu üzvlükdən öncə müşahidəçi və assosiativ üzv olmaq vacib şərtdir. Təşkilatların göstəriciləri nəzərə alınmaqla, hər bir üzvlük statusunu almaq üçün ən azı 2 il gözləmək lazımdır. Lakin, Gənclər üçün Təhsil Mərkəzi bir sıra göstəricilərinə görə ötən ilin iyun ayında birbaşa assosiativ üzv qəbul edilmişdir. Üzərindən 2 il keçməmiş Mərkəzi tam hüquqlu üzv kimi bu quruma qəbul etdilər. Bu həm ölkəmizin nüfuzuna, həm də Mərkəzin effektiv fəaliyyətinə verilən qiymətdir. Yeri gəlmişkən qeyd edim ki, Ermənistan nümayəndəsinin də təmsil olunduğu Assambleyada iştirakçıların hamısı Mərkəzin lehinə səs vermişdirlər.
Qeyd edək ki, yaxın günlərdə Mərkəz, bu nüfuzlu quruma üzv olması ilə bağlı təqdimat mərasimi keçirəcəkdir.