Dövlətimizin başçısı daxili və xarici siyasətində hər zaman Azərbaycanın milli maraqlarına önəm verir. Bu siyasətin əsas qayəsini milli kimliyin qorunması ilə müasir ənənələrin ölkəmizdə tətbiqinin vəhdəti təşkil edir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla Azərbaycanın üçrəngli bayrağının ilk dəfə rəsmi ucaldığı 9 noyabr (1918-ci il) tarixinin Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi təsis edilməsi mühüm əhəmiyyətə malikdir. 2010-cu ildən etibarən noyabrın 9-u hər il respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Paytaxtımızın ən yüksək yerində inşa olunmuş Dövlət Bayrağı Meydanında - Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkında dünyanın ən hündür bayraq dirəyi qurulmuşdur. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.
Ümummili lider Heydər Əliyev: "Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbət rəmzidir”.
Hər bir dövlətin müstəqilliyi və suverenliyini onun dövlət rəmzləri müəyyən edir. Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdən sayılan üçrəngli bayrağımız hər bir Azərbaycan vətəndaşına yüksək vətənpərvərlik ruhu aşılayır. Şanlı üçrəngli bayrağımız bizim ən uca, ən ali dəyərimizdir. Elə bir dəyər ki, bizə mənlik, ləyaqət, güc, qüdrət verir. Bu gün dünyanın demək olar ki, əsas ölkələri ilə əlaqə və münasibətdə olan, beynəlxalq təşkilatlarda təmsil olunan dövlətimiz öz bayrağı ilə tanınır. Biz Azərbaycanlılar çox xoşbəxtik ki, bizim də bayrağımız və güclü dövlətçiliyimiz var.
Dövlət bayrağının təsviri Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsi, həmçinin "Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1331-VKQ nömrəli Konstitusiya Qanunu ilə tənzimlənir. Belə ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı eni bərabər olan üç üfüqi zolaqdan ibarət düzbucaqlı şəklindədir. Yuxarı zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Düzbucaqlının eninin uzunluğuna nisbəti 1:2-dir. Qırmızı zolağın ortasında aypara və səkkizguşəli ulduz təsviri vardır. Aypara və ulduz ağ rəngdədir. Ayparanın ucları ondan sağda yerləşən ulduza istiqamətlənmişdir. Dövlət Bayrağı, ölçüsündən asılı olmayaraq, onun rəngli və sxematik təsvirlərinə uyğun gəlməlidir.
Üçrəngli bayrağımız milli birliyimizin təcəssümü, şəhid ruhlarının daşıyıcısıdır. Bayrağa bürünmüş şəhid tabutları, şəhid itkisi yaşayan millətimizə torpaqlarımızın tezliklə düşmən tapdağından xilas ediləcəyinə hər zaman inam aşılayırdı. Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən "Türkçülük, islamçılıq və müasirlik” formulunun təcəssümüdür.
Dostlarımızı sevindirən, düşmənimizi xar edən üçrəngli bayrağımız dövlətimizin varlığını onun əzəmətini və gücünü bütün dünyaya təsdiqləyir.
Bu il 9 noyabr tarixində, Dövlət Bayrağı Günündə Azərbaycanın üçrəngli bayrağı doğma Qarabağımızda qürurla dalğalanır. Azərbaycan Ordusu Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bir daha dünyaya sübut edir, BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra etdi. Əminik ki, siyasi və iqtisadi cəhətdən möhkəmlənib bərqərar olmuş müstəqil Azərbaycanımızın üçrəngli milli bayrağı Qələbə günündən sonra daha da yüksəklərə ucalır, sancılacağı məkanların sayı daha da artır, doğma Qarabağımızın bütün guşələrində dalğalanır! Hansıki, bugün Azərbaycanın incisi sayılan mədəniyyət beşiyimiz Şuşa şəhərində uçrəngli şanlı bayrağımız dalğalanır.
Eşq olsun, Müzəffər Ali Baş Komandana! Eşq olsun, yenilməz Azərbaycan Ordusuna! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Naftalan şəhər sakini Ülfət Əliyev