Gürcüstan milli komandasının və “Bakı” klubunun sabiq futbolçusu Georgi Demetradze dekabrın 12-də azadlığa buraxılacaq. Demetradze amnistiyaya düşüb.Hazırda 36 yaşında olan eks-forvard 2011-ci ilin yazından həbsxanadadır. O, kriminal avtoritetlərlə əlaqədə və gizli totalizatorda iştirakda şübhəli bilinərək, 6 ilədək azadlıqdan məhrum edilmişdi.Qeyd edək ki, Georgi Demetradze son 10 ildə Gürcüstanın aparıcı klublarında, eləcə də “Feyenord” (Hollandiya), “Alaniya”, “Lokomotiv” (hər ikisi Rusiya), “Dinamo” Kiyev, “Metallurq” Donetsk, “Arsenal” (hamısı Ukrayna), “Real-Sosyedad” (İspaniya), “Makkabi” Təl-Əviv (İsrail) klublarında da forma geyinib. 2008-ci ilin sentyabrında “Bakı” ilə 2 illik müqavilə bağlayan gürcüstanlı forvard cəmi bir mövsüm sonra komandanı tərk edib. Demetradze 2009-cu ildə “zolaqlılar”ın heyətində Azərbaycan çempionu olub. O, həbs olunanadək Tsxinvalinin “Spartak” komandasında oynayıb.