Azərbaycan dilini kimlər məhv edir? - TƏHLİL

Azərbaycan dilini kimlər məhv edir? - TƏHLİL
KÖŞƏ
10:33 25.05.2012
3690
Sədaqət Əhmədova 
NEOLOGİZMLƏR,  YOXSA  TÜRK  SÖZLƏRİ
Fevral ayında dərc olunmuş “Olaylar, Mirzə Cəlil və Tükəzban xala” adlı yazımda ziyalılarımızın yazılı və şifahi nitqində kök  salmaqda olan türk sözlərindən, bu sözlərdən bir çoxunun orfoqrafiya lüğətinə də “müdaxilə” etməsindən söz açmışdım. 
Aydındır ki, dilimizdə qarşılığı olmayan, hər hansı bir elm, istehsalat, texnologiya sahəsi ilə bağlı olaraq qəbul edib işlətdiyimiz sözlərin lüğət tərkibində öz əksini tapması vacibdir. Amma bu, o demək deyil ki, yad sözləri, ağına-bozuna baxmadan, “bağrımıza basmalıyıq”. Evimizin qapısını hər yoldan keçənə açırıqmı – dil də ev (vətən) anlayışına aid deyilmi?
Ötən ay, televiziya kanallarını çevirərkən, AzTV-dən “dilin saflığı” sözləri qulağıma çatdı, dərhal həmin kanala “qayıdıb”, gözümü efirə zillədim. Verilişin peşəkar aparıcısını, qonaqların arasında isə sayılıb-seçilən insanları (millət vəkili, filoloq) görəndə sevindim – sevindim ki, mənim sözüm ağcaqanaq vızıltısı qədər əhəmiyyətli olmasa da, bu cənabları mütləq eşidən olacaq. Gözüm efirdə ola-ola, içimdə də özümü danlayırdım ki, hərdənbir yerli kanallara da baxmaq lazımdır, yoxsa bu cür, qiymətli verilişlərdən məhrum oluruq...
Amma söhbət dilin saflığını qorumaqdan yox, onu yeni-yeni   türk sözləri  ilə zənginləşdirməkdən gedirmiş... 
Həmin mövzuya yenidən qayıtmaq istəməzdim, ancaq, görəndə ki, müxtəlif məqalə və yazılarında  hörmətli elm, mədəniyyət adamları da dilimizdə türk sözlərinin “məskunlaşmasını” normal qəbul edir, düşündüm ki, nə qədər çox insan və müxtəlif peşə sahibləri bu barədə fikirlərini ifadə etsə, o qədər ümumi işin xeyrinə olar. 
Əvvəlki yazımda qeyd etmişdim ki,  1975-ci ildə nəşr olunan “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndəki  58.000 sözə, 2004-cü ildəki nəşrdə daha 22.000 “neologizm” əlavə olunub və bu əlavələrin çoxuna (elmi-texnoloji inkişafla bağlı olan sözlər, terminlər istisna olmaqla) ehtiyac yox idi. Çünki  lüğətə 2004-cü ildə əlavə olunan“yeni” sözlərin bir qismi Türkiyə türkcəsində, digər qismi yerli dialekt və şivələrdə (məhdud əhali qrupu daxilində) işlənən sözlər, rus sözlərinin “el dilində” təhrif olunmuş variantları, bəzi hallarda isə, mənası məlum olmayan sözlərdir...  Verilişdə deyilənlərdən aydın oldu ki, indi də yeni, 100.000 sözdən ibarət orfoqrafiya lüğəti hazırlanır – səkkiz il  ərzində dilimizə daha 20.000 yeni söz daxil olubmuş, onların da çoxu “ağabey”lərimizə məxsusdur... Əvvəlki yazımda dediyim bir fikri burada da təkrarlamalı olacağam – bu gedişlə, “Azərbaycan dili” anlayışını “Türk dilinin azəri qolu” anlayışı əvəz edəcək, mən isə, Türkiyə dövlətini və türk dilini nə qədər sevsəm də, bir Azərbaycan türkü olaraq, öz dilimdə oxumaq, danışmaq və eşitmək istəyirəm. 
Başqa dillərdə olduğu kimi, Azərbaycan türkcəsində də çoxlu sayda alınma sözlər var. Bunların içərisində ərəb-fars sözlərinin payı, təbii olaraq, çoxdur – ərəb sözləri dilimizə, əsasən, islam və klassik elmi ədəbiyyat, fars sözləri isə, əsasən, klassik bədii ədəbiyyat vasitəsi ilə daxil olub. Ölkədə dünyəvi təhsil ocaqlarının olmadığı dövrlərdə təhsilin mollaxana və mədrəsələrdə həyata keçirilməsi də dildə ərəb-fars sözlərinin möhkəmlənməsinin əsas səbəblərindəndir. Əsrlərlə ərəb əlifbasından istifadə olunmasını da bu səbəblərə əlavə edə bilərik... 
Ərəb-fars sözlərinin əksəriyyəti dilimizə o dərəcədə uyğunlaşıb ki, alınma olduğu, çox zaman, yada düşmür. Əlbəttə, bəzi mürəkkəb, çoxhecalı, ahəng qanununa tabe olmayan, tələffüzdə ağırlıq yaradan sözləri türkköklü sözlərlə əvəzləmək mümkündür. Amma bu əvəzləmələri türk dili hesabına etmək  zəruri  deyil – dilin öz hesabına, yaxud, dialektlərdəki sözləri saf-çürük edərək  həyata keçirmək olar. Bir halda ki, bizim bir çox hörmətli filoloq və dilçilərimiz türk sözləri ilə əvəzləmələri də məqbul hesab edir, o zaman, ciddi şəkildə, hər bir sözü lehinə və əleyhinə olan amilləri nəzərə alaraq, təhlil etmək vacibdir. 
Qeyd etmək lazımdır ki, türk dilinin özündə də, uzun illər boyu aparılan “təmizləmələrə” baxmayaraq, kifayət qədər ərəb-fars sözləri qalmaqdadır. Üstəlik, həmin təmizləmələr nəticəsində, ərəb-fars sözləri Avropa dillərindən alınan (yenə də alınma) sözlərlə əvəzlənib – bəlkə də bunu böyük irəliləyiş kimi qəbul edənlər var, ancaq, məncə, sözün hansı dildən alınması yox, dilə nə dərəcədə uyğunlaşması vacib sayılmalıdır.
Məlumdur ki, dilin formalaşması çox uzun və dərin prosesdir, zaman keçdikcə, dildə bir çox sözlərin arxaikləşməsi (köhnəlməsi), yeni sözlərin (neologizmlərin) dilə daxil olması prosesi baş verir – bunun qarşısını, istəsək də, ala bilmərik. Amma, dilçilik elminin inkişaf etdiyi, bir çox dilçi alimin fəaliyyət göstərdiyi bir dövrdə, yeni sözlərin dilin lüğət tərkibinə nizamsız, kor-koranə daxil olması müsbət hal sayıla bilməz.  
Dil –  dövləti  və milləti müəyyən edən atributlardan biridir, onun milliliyini, mümkün olduğu qədər, qorumaq hər bir ziyalının, KİV, mədəniyyət və incəsənət işçilərinin, elm adamlarının, bədii yaradıcılıqla məşğul olan insanların mənəvi borcudur.
Həmin verilişdə, məni narahat edən, bir fikir də səslənmişdi  – sən demə, xarici ölkələrdə yaşayan və yerli saytlarla tanış olmaq istəyən həmvətənlərimiz  latın qrafikasında olmayan hərfi işarələri oxumaqda əziyyət çəkirmiş (halbuki, saytlara yazılan geniş şərhlər xaricdə yaşayan azərbaycanlıların belə bir problem yaşamadıqlarını, mətnləri çox gözəl başa düşdüklərini göstərir). Bu səbəbdən, “ğ”, “ü”, “ə”, “ö”...  kimi hərfi işarələri əlifbamızdan çıxartmaq lazımdır – hərflərin  hamısını yazmağa ehtiyac yoxdur, onları təsəvvür etmək də olar. Nümunə kimi, yenə də, türk dilində “ə” səsinin olması, əlifbada isə öz əksini tapmaması faktı göstərilirdi...  
Bu fikrin müəllifi olan qonağı tanımıram, bəlkə də, dilçilikdə xidmətləri olan alimlərimizdəndir, amma onu dinləyəndə, yadıma köhnə bir televiziya tamaşası düşdü. Həmin tamaşada, Cəfər Namiq Kamalın canlandırdığı gənc rəssam qaynatasının portretini “yaradır” və uzun müddət onun qarşısında “poza verən” qaynata (Mübariz Əlixanoğlu), nəhayət, hazır olan şəklə baxanda, görür ki, sifətə aid bəzi əzalar yerli-dibli yoxdu, bəzilərinin isə yeri dəyişik düşüb. Səbəbini soruşanda, “yeni azərbaycanlı”-kürəkən cavab verir ki, bu, yeni janrdı, hər şeyi çəkməyə ehtiyac yoxdu, çəkilməyənləri “abstrakt eləmək” lazımdı... 
Ərəb əlifbasında tələffüzdə olan səslərin bir qismi (saitlər) hərflə ifadə olunmayıb, bəzi hərfi işarələr isə bir neçə səsi əks etdirir.  Məsələn: “v” (vav) hərfi  “v”, “u”, “o” səslərini, “ou” diftonqunu, tək  yazıldıqda isə “və” bağlayıcısını bildirir – belə halların yazı və oxumada hansı çətinliklər yaratdığını izah etməyə ehtiyac yoxdur.
Yeniliklər inkişafa xidmət edir, ancaq bu yenilik köhnənin xarabası üzərində qurulacaqsa, bəlkə, əvvəlcə, bir az düşünək –  yeni olan, həmin köhnəni xaraba qoymağa dəyirmi?   
OXŞAR XƏBƏRLƏR