"Azərbaycan dünyanın diqqətini cəlb edən platforma yaratmağa müvəffəq olub"

"Azərbaycan dünyanın diqqətini cəlb edən platforma yaratmağa müvəffəq olub"
SİYASƏT
10:47 13.03.2023
166
Martın 9-da Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu öz işinə başladı. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır.

Forumda 4 ölkənin Prezidenti, 2 Baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq Prezident, 21 sabiq Baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edib. Martın 11-dək davam edən Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə bir daha diqqət yönəldilərək görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.
X Qlobal Bakı Forumu Azərbaycan beynəlxalq nüfuzunun, dünyanı narahat edən ümumbəşəri problemlərin həllinə töhfə vermək niyyətinin daha bir göstəricisidir. Bu forumun tarixi, gündəlikdə olan məsələlərin məzmunu kifayət qədər nüfuzlu və maraqlı bir platforma kimi beynəlxalq aləmdə qəbul edildiyini söyləməyə əsas verir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Qlobal Bakı Forumunda verdiyi mesajlar sülh və təhlükəsizlik məsələsinin ölkəmiz üçün son dərəcə vacib olduğunu nümayiş etdirir. Çünki dünyada baş verən mürəkkəb və ziddiyyətli proseslər fonunda dövlətlərarası etimadın gücləndirilməsi əvvəlki dövrlərlə müqayisədə daha böyük aktuallıq kəsb etməyə başlayıb. Prezident çıxışında vurğuladı ki, biz soyuq müharibənin bitməsindən sonra bu günədək baş vermiş bəlkə də ən ciddi Şərq-Qərb qarşıdurmasının şahidi oluruq. Qeyd etmək istərdim ki, Beynəlxalq münasibətlərin xarakterinə təsir göstərən ən güclü amillərdən biri qarşılıqlı etimaddır. Bu etimadı bərqərar etmək üçün bütün dövlətlər daha məsuliyyətli davranmalı, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Təəssüf ki, bəzən bunun əksi olan addımları da müşahidə edirik. Qlobal Bakı Forumu məhz bu cür məsələlərin açıq müzakirəsinə imkan yaratdığına görə daha çox diqqəti cəlb edir.
On ildir ki, dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan Beynəlxalq Mərkəz qlobal problemlərə dair müzakirələrin təşkilatçısına çevrilib. Qlobal Bakı Forumunda bəşəriyyəti narahat edən məsələlərlə bağlı ideyalar mübadilə olunur. Bu il də Forumun mövzusu olduqca vacib və aktualdır - "Yeni dünya: Çağırışlar və ümidlər”. Müzakirələrdən aydın olur ki, dünyanın nüfuzlu siyasətçiləri yeni ümidlər yaratmaq, gələcəyə baxmaq istəyirlər. Bakı platformasında həm də mövcud yanlış və doğru addımlar təhlil edilir, daha müqavimətli şəkildə irəliyə getməyin yolları axtarılır.
Qlobal Bakı Forumunda verilən ən vacib mesaj bundan ibarətdir ki, Azərbaycanın Qafqazla bağlı baxışı inteqrasiya və əməkdaşlıqdan ibarətdir. Bu yanaşma bütün universal dəyərlər və beynəlxalq prinsiplərlə də üst-üstə düşür. Yəni, Prezident İlham Əliyevin də söylədiyi kimi, hər münaqişənin öz tarixi, öz dinamikası və sonu var. Lakin vacib odur ki, ölkələr arasında mübahisələr beynəlxalq hüquq əsasında həll olunsun, onların ərazi bütövlüyü və suverenliyi güc hesabına dəyişdirilməsin. Bu, Azərbaycanın mövqeyidir. Bu mövqe yalnız bizim məsələmizə deyil, dünyadakı bütün münaqişələrə şamil edilir.

Naftalan şəhər sakini İbadət Quliyev

OXŞAR XƏBƏRLƏR