"Azərbaycan dövləti daima dini-mənəvi dəyərlərimizə sahib çıxır"

"Azərbaycan dövləti daima dini-mənəvi dəyərlərimizə sahib çıxır"
SOSİAL
14:44 30.06.2022
587
Azərbaycan Respublikası hər zaman bütün xalqların rahat, təhlükəsiz şəkildə və sakit yaşaması üçün şərait yaradır. Ölkəmizdə digər xalqların dininə, irqinə, vətəndaşlığına hörmətlə yanaşılır. Digər ölkələrin dininə hörmətlə yanaşan Azərbaycan millətlər arasında dini və ya irqi ayrı seçkiliyə yol verməyib. Bu səbəbdəndir ki, dünyanın aparıcı ölkələrinin də çoxunun Azərbaycana etimadı yüksəkdir. Hər bir ölkədə sabitliyin, firavanlığın olması üçün dini və milli tolerantlıq, digər millətlərlə münasibətlər önəm kəsb edən amillərdəndir. Ölkəmiz dünya dövlətləri ilə hər cəhətdən qarşılıqlı münasibət yaradaraq həmişə yüksək etibar qazanıb. Azərbaycanda yaşayan ayrı-ayrı xalqlar və dinlər arasında qarşılıqlı hörmət və etimada əsaslanan yüksək birgəyaşayış mədəniyyəti, dostluq və qardaşlıq mühiti hökm sürür. Dünyada nümunəvi tolerantlıq məkanına çevrilmiş ölkəmizdə multikultural dəyərlərin daha da inkişaf etdirilməsi, habelə etnik-dini müxtəlifliyin qorunması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Özbəkistana səfəri baş tutdu. Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən təşkil edilən qəbulda dedi ki, özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacaq:

"Dünən Daşkənddə, bu gün Xivədə, Ürgəncdə, Xarəzm vilayətində olmağımdan çox məmnunam. Dünən və bu gün bir daha gördüm ki, xalqlarımız bir-birinə nə qədər yaxındır. Mədəniyyətimiz, incəsənətimiz, ümumiyyətlə, xalqlarımızın kökləri birdir. Bu gün Azərbaycan dilində oxunan mahnılar, nəğmələr sanki Azərbaycan müğənniləri tərəfindən ifa olundu. Heç bir ləhcə, şivə yoxdur. Bu, nəyi göstərir? Xalqlarımızın birliyini. Siz türk mədəniyyətimizi tərənnüm edən ifaçılar, sənətkarlar və mədəniyyət ustadları bizim fəxrimizsiniz”.

Millətlərarası münasibətlərin inkişafı hər zaman dövlətin diqqətində olan məsələlərdən biridir. Bununla ölkəmiz və xalqımız dost-qardaş dövlətlərlə münasibətləri daha da gücləndirir.

"Azərbaycanda İlham Əliyevin rəhbərliyi ilə islahatlar sahəsində çox iş görülüb".

Bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatında bildirib.

"Biz çox gərgin dövrdə yaşayırıq. Əlbəttə, bu gün hər bir ölkə sabahkı gün barədə düşünür və Siz düzgün olaraq dediniz ki, bu gün xalq bizim Özbəkistanda həyata keçirdiyimiz islahatlara etibar edir və əlbəttə, bu islahatların böyük perspektivi var. Bu cür qısa müddətdə heç bir ölkədə belə nəticələrə nail olmaq mümkün deyil. Bununla əlaqədar biz öz dostlarımızla, o cümlədən Azərbaycanla elə münasibətlər qurmaq istəyirik ki, həqiqətən strateji istiqamətləri ehtiva etsin. Azərbaycanda İlham Əliyevin rəhbərliyi ilə islahatlar sahəsində çox iş görülüb. Əlbəttə, biz də bunu görür və yaxın qonşular kimi həmişə sevinirik. Biz də Siz başda olmaqla Azərbaycan xalqına arzu edirik ki, hər şey reallaşsın və bizim dost ölkəmiz olan Azərbaycan firavanlaşsın”, - deyə Özbəkistan Prezidenti vurğulayıb.

Bu, onu göstərir ki, Azərbaycan dövləti və xalqı hər zaman dostunun, qardaşının kim olduğunu bilir. Bununla da ölkəmizin əlaqələri daha da genişlənərək dünyada xüsusi nüfuza sahib olur.

Millətlərarası münasibətlərin inkişafı ilə paralel olaraq Azərbaycan hər zaman dini tolerantlığa hörmətlə yanaşıb. Dini tolerantlıq ölkəmizdə qədim tarixə malikdir. Ölkə başçısı İlham Əliyev də bu haqda bildirib:

"Azərbaycan ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə bu istiqamətdə nümunəvi ölkə kimi özünü göstəribdir. Əsrlər boyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir, dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır”.

Azərbaycan Respublikasının Konustitusiyasında da qeyd olunur ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Eyni zamanda dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.
 
Milli Məclisin deputatı Hikmət Babaoğlu AZXEBER.COM-a açıqlamasında bildirib ki, Azərbaycan dövləti daima dini-mənəvi dəyərlərimizə sahib çıxmaqla, inkişafı və qorunması üçün mümkün hər şeyi edir:

"Azərbaycanda din dövlətdən ayrı olsa da, Azərbaycan dövləti daima dini-mənəvi dəyərlərimizə sahib çıxmaqla, onun inkişafı və qorunması üçün mümkün hər şeyi edir. Azərbaycan Prezidenti öz çıxışlarında dini mədəniyyətimizi milli mədəniyyətimizin tərkib hissəsi kimi göstərir.

İstər paytaxt Bakı şəhərində, istərsə də regionlarımızda ardıcıl olaraq dini ibadət yerləri, məscidlər inşa olunur, milli mirasımız olan dini abidələrimiz davamlı olaraq təmir və bərpa edilir. Bu istiqamətdə Birinci vitse-prezident Mehriban xanım Əliyeva da çox mühüm fəaliyyət həyata keçirir. Azərbaycanın hər yerində, son dövrlərdə isə işğaldan azad edilmiş ərazilərimizdə dini abidələrimizin bərpası sahəsində görülən işlər ayrıca əhəmiyyət kəsb edir”.

Deputat bildirib ki, dini dözümlülüyümüz Azərbaycan multikultiralizminin əsaslarından birini təşkil edir:

"Şübhəsiz ki, Azərbaycan təcrübəsində dinə münasibət özünəməxsus tolerantlıqla səciyyələnir. Dini dözümlülüyümüz həm də Azərbaycan multikultiralizminin əsaslarından birini təşkil edir. Azərbaycan Prezidenti və Birinci vitse-prezident İslam dininin müqəddəs mərkəzi hesab edilən Məkkəni ziyarət etməklə, həm də şəxsi zəmində İslam dininə münasibətdə vacib nümunə göstərib. Təsadüfi deyildi ki, Prezident İlham Əliyev öz çıxışlarının birində Həcc ziyarəti zamanı müqəddəs Kəbədə etdiyi birinci duasının torpaqlarımızın işğaldan azad olunması ilə əlaqədar olduğunu bildirdi. Ağdam işğaldan azad edildikdən sonra Birinci vitse-prezident Mehriban xanım Əliyeva Ağdam Cümə Məscidinə müqəddəs kitabımızı təqdim etdi. Bu mərasimdə məscidə daxilolma mədəniyyəti və nümunəsi göstərdi.

Eyni zamanda, bu gün cəmiyyətimizdə dinin obyektiv əsaslarda dərk edilməsi üçün də Prezident İlham Əliyev tərəfindən mühüm addımlar atılır. İlahi fəlsəfəni düzgün mənimsəmək üçün universitetlər yaradılır, dini işlər üzrə xüsusi icra orqanı təsis edilir. Bütün bunlar Azərbaycan Prezidenti və Birinci vitse-prezidentin dinə olan diqqəti və qayğısının bariz təcəssümüdür”.

Aydın Nuri

Yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə "Dini və illi tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” mövzusunda dərc edilib.
 

OXŞAR XƏBƏRLƏR