Azərbaycan Gənclər Fondu müsabiqə elan etdi - ELAN

GƏNCLİK
17:34 04.05.2012
2865

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 dekabr 2011-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu yaradılmışdır.

Fond gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılmasını təmin edəcəkdir.

Fondun mətbuat xidmətinin rəhbəri Aynur Həsənzadənin AZXEBER.COM-a verdiyi məlumata görə, yaxın zamanlarda fəaliyyətə başlayacaq Azərbaycan Gənclər Fondu gənclər arasında Fondun loqosunun dizaynı ilə bağlı müsabiqə elan edir. Müsabiqənin keçirilməsində əsas məqsəd gənclərin Fondun fəaliyyətində yaxından iştirak etməsini təmin etmək və gənclərin iştirakı ilə Fondun vahid loqosunu hazırlamaqdır.

Müsabiqənin şərtlərinə görə özündəmilliliyi, gənclər mövzusunu, müasirliyi və inkişafı ehtiva edən loqo dizaynı qalib gələcəkdir. Münsiflər Heyəti tərəfindən ən yaxşı loqo üçün dizayn variantı seçiləcək və qalib gələn şəxs Fondun Xüsusi Diplomu və “MacBook Air” noutbuku ilə mükafatlandırılacaqdır.

Təqdim edilən materiallar orijinal olmalı və dizayn edilmiş loqo daha öncə nəşr edilmiş olmamalıdır. Bundan öncə yaradılmış dizayn və komponentlərdən istifadə edilmiş və yaxud qismən istifadə edilmiş loqo nümunələri müsabiqədə nəzərdən keçirilməyəcəkdir.

Müsabiqədə iştirak edəcək hər bir şəxs müsabiqənin əsasnaməsi ilə tanış olmalı, təqdim etdiyi loqo nümunələri (bir nəfər maksimum 3 dizayn variantı təqdim edə bilər) ilə yanaşı iştirakçı vərəqini də dolduraraq loqo təklifini hazırlayıb 25 may 2012-ci il saat 17:00-dək [email protected]/* */ elektron ünvanına təqdim etməlidir. Daha ətraflı: www.youthfoundation.az. Müsabiqə üçün təqdim edilən materiallar yüksək keyfiyyətli, “.JPG” formatda olmalıdır.

Bütün təqdim edilən loqo dizaynları Gənclər Fondunun mülkiyyəti olacaqdır. Həmçinin Fond gələcəkdə qalib gəlmiş loqonu istənilən tərzdə blanklarda, vizit kartlarında və digər məhsullarda istifadə etmək üçün müstəsna hüquqa malikdir.

Gənclər Fondu bütün gəncləri müsabiqədə fəal iştirak etməyə dəvət edir.

OXŞAR XƏBƏRLƏR