Azərbaycan Gənclər Fondunun təqdimat mərasimi oldu - FOTOLAR

GƏNCLİK
15:47 08.06.2012
1650
İyunun 8-də Bakıda Azərbaycan Gənclər Fondunun təqdimat mərasimi keçirilib.AZXEBER.COM-un məlumatına görə, tədbirdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.Tədbiri açan Fondun icraçı direktoru Fərhad Hacıyev qurumun Azərbaycan Prezidentinin 2011-ci il 19 dekabr tarixli Fərmanına əsasən yaradıldığını diqqətə çatdırıb. O, bildirib ki, Fond gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılmasını təmin edəcək.F.Hacıyev, həmçinin Fondun loqosunun dizaynı ilə bağlı elan olunmuş müsabiqənin nəticələri barədə məlumat verib, bu məqsədlə 181 təklifin alındığını vurğulayıb. Müsabiqədə Avropanın bir sıra ölkələrinin gənclərinin də fəal iştirak etdiyi qeyd olunub.Sonra Fondun loqosu və saytı təqdim olunmuş, fəaliyyət istiqamətləri barədə məlumat verilib.Gənclər və idman naziri Azad Rəhimov tədbirdə çıxışı zamanı fondun yaranmasının vacibliyindən söz açıb: “Dövlət başçısı İlham Əliyev Gənclər Fondunun fəaliyyətində maraqlıdır. Bu fond Azərbaycan gəncliyinin fəaliyyətini daha da intensivləşdirəcək. Fond Gənclər və İdman Nazirliyinin tabeçiliyində olsa da, tam müstəqil və şəffaf fəaliyyət göstərəcək”.Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov isə çıxışında Gənclər Fondunun üzərinə böyük missiya düşdüyünü vurğulayıb: “Ümidvaram ki, fond bu missiyanı layiqincə yerinə yetirəcək. Dövlət daim fondun fəaliyyəti üçün köməyini əsirgəməyəcək. Gələcəkdə fonda daha çox maliyyə ayrılması planlaşdırılır”.BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Fikrət Akçura, Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli və başqaları mərasimdə çıxış edərək Fondun əhəmiyyəti haqqında danışıblar.

OXŞAR XƏBƏRLƏR