"Azərbaycan gəncliyi vətənpərvərdir və öz dövlətinə sədaqətlidir"

"Azərbaycan gəncliyi vətənpərvərdir və öz dövlətinə sədaqətlidir"
SOSİAL
13:56 18.10.2021
483
Hər bir ölkədə xalqın gənc nəsli onun gələcəyinin təminatçısıdır. Əgər bir xalqın gənc nəslində milli mənlik, təhsil, tərbiyə, vətənpərvərlik hissləri inkişaf edibsə, o xalqın gələcəyinin parlaq olacağı deməkdir. Azərbaycan xalqının gənc nəslin əksər müsbət potensialları özündə cəmləşdirmiş bir nəsildir. Gənclərimizdə milli mənlik şüuru və vətənpərvərlik hissləri yüksək səviyyədədir. Elə təkcə 44 günlük Vətən müharibəsi dövründə biz buna şahidlik etdik. Azərbaycanın vətənpərvər gəncləri vətən üçün könüllü olaraq döyüşlərə qatılmağa, canlarından keçməyə hazır idilər. Milli mənlik şüurunun inkişaf etdiyi gənclərimiz döyüşlərdə yüksək vətənpərvərlik hissi ilə vuruşaraq öz xalqına, millətinə, vətənin bağlı gənc olduqlarını göstərdilər.

Təkcə ölkəmizdə yaşayan azərbaycanlılar deyil, Azərbaycandan kənarda yaşayan milyonlarla həmyerlilərimiz də öz vətəninə, torpağına bağlı şəxslərdir. Bu, ondan irəli gəlir ki, onların damarında azərbaycanlı qanı axır. Onlar bu xalqın yaşatdığı hissləri yaşayır. Biz bunu hər zaman görür və hiss edirik. Ölkəmizdən kənarda yaşayan azərbaycanlılar hər zaman ürəklərinin Azərbaycanla döyündüyünü nümayiş etdirirlər. Çünki onlar milli mənlik şüurunun, vətənpərvərlik hisslərinin inkişaf etdiyi bir xalqın qanındandırlar.

Elə ölkə başçısı İlham Əliyevdə gənclər haqqında hər zaman öz müsbət fikirlərini bildirir. Prezident də gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin xüsusiliyini vurğulayır. "Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki sirr deyil ki, bu gün bəzi hallarda bəzi xarici dairələr gənclərimizin beyinlərini zəhərləmək, onlara xalqımıza yad olan dəyərləri aşılamaq istəyirlər. Buna qətiyyən yol vermək olmaz. Azərbaycan gənci Azərbaycan dəyərləri, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdır, Vətənə bağlı olmalıdır, Azərbaycan dəyərlərini hər şeydən üstün tutmalıdır, öz tarixini, ədəbiyyatını, ana dilini mükəmməl bilməlidir, fəxr etməlidir ki, Azərbaycan vətəndaşıdır. Ona görə bu məsələyə çox böyük diqqət verilməlidir. Mən gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması ilə əlaqədar gedən prosesləri müsbət qiymətləndirirəm”.

Milli mənlik şüurunun, vətənpərvərlik hisslərini inkişaf etdirmək uşaq yaşlarından, hətta uşaq doğulduğu andan etibarən təşviq edilməlidir. Hər bu Azərbaycan övladı vətən sevgisinin nə olduğunu dərk etməlidir. Nə üçün vətəni ana ilə bir tutulduğunu bilməlidir. Uşaq bunu öz ailəsində görüb, dərk edib, götürüb cəmiyyətə daxil olmalıdır. Bu hisslərlə böyüyən uşaq gələcəkdə vətəni üçün vətənpərvər bir gənc, bir əsgər, bir xalq nümayəndəsi olacaq.
 


Milli Məclisin deputatı Fəzail Ağamalı AZXEBER.COM-a açıqlamasında deyib ki, hər bir dövlətin və cəmiyyətin gücünün müəyyənləşməsində ciddi rol oynayan amillərdən biri cəmiyyətin bütövlükdə vətənə sədaqətindən keçir.

Deputatın fikrincə, vətənpərvərlik hisslərinin qorunması üçün biz hər zaman vacib olan məqamların üzərində dayanırıq:

"Vətənə məhəbbət, dövlətə sədaqət millətin ən üstün keyfiyyətlərindən biridir. 44 günlük müharibə bizi qalib millətə çevirdi. Millət olaraq artıq bir toplumun ən yüksək inkişaf mərhələsində olan millət səviyyəsinə qalxıb onu təstiq edə bildik. Bunun ən vacib şərtlərindən biri məhz uzun illər boyu əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və sonra 2003-cü ildən cənab Prezident İlham Əliyev tərəfindən olduqca diqqət yetirilən və yüksək səviyyəyə qaldırılan vətənpərvərlik, milli mənlik şüuru, torpağa bağlılıq, dövlətə sədaqət formalaşdı və güclü bir amilə çevrildi. 44 günlük müharibədə bütün dünyanı heyrətə salan Azərbaycan fenomeni özünün təsdiqini tapdı.
 
Prezident də hər çıxışında birmənalı olaraq gənclərimizin və gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi önəm verir, bunun vacib olduğunu diqqətə çatdırır. Ona görə də, biz 44 günlük müharibədə gördüyümüz həm bizim gənc qəhrəman əsgər və zabitlərimizin, həm də bütövlükdə cəmiyyətimizin vətənpərvərlik hisslərinin, milli mənlik şüurunun gələcək nəsildə də davam etdirilməsi, bunun tam ənənə xarakteri daşıması üçün vacib olan məqamların üzərində dayanırıq”.

Fəzail Ağamalı bildirib ki, vətənpərvərlik hisslərinin və milli mənlik şüurunun hər zaman qorunub saxlanılması üçün bizdə problem yaşanmayacaq:

"Vətənpərvərliyimizin və milli mənlik şüurunun hər zaman qorunub saxlanılması üçün bizdə problem yaşanmayacaq. İlk növbədə bu, millətimizin genetikasından irəli gəlir. Onun düşüncələrindən və mənəvi keyfiyətlərindən qidalanır. Bundan sonra da evdə, uşaq baxçalarında, orta və ali məktəblərdə, harada olmasından asılı olmayaraq cəmiyyətin bütün təbəqələrində ardıcıl və sistemli fəaliyyətimizi davam etdirməliyik. Cənab Prezidentin çox unikal bir sözü oldu, "Harada ki, yüksək vətənpərvərlik var, orada bizə heç kim başqa cür yanaşa bilməz və biz hər zaman qalib ölkə olaraq özümüzü qoruyub saxlaya bilərik”.

Azərbaycanın vətənpərvərlik hissləri ilə yetişmiş gəncləri hər zaman bu dövlətin qorunması və inkişafı üçün öz töhfələrini verirlər. Milli mənlik şüurunun yüksək səviyyədə inkişaf etdiyi gənclərimiz gələcəkdə də vətən üçün əllərindən gələni etməyə hazır olduqlarını sübut ediblər.
 
Aydın Nuri

Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə "Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi" mövzusu üzrə dərc olunub.
 

OXŞAR XƏBƏRLƏR