Rusiyanın Yaroslavl şəhərində batut gimnastikası üzrə keçirilən Rusiya kuboku və "Rusiyanın Ümidi-1” adlı Ümumrusiya yarışları başa çatıb.
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, yarışda ölkəmiz də təmsil olunub.
Belə ki, gimnastlarımız batut üzərində, tamblinq cığırında, həmçinin ikili mini-batutda müxtəlif yaş qrupları üzrə medallar uğrunda mübarizə aparıblar.
Dünya yaş qrupu yarışlarının tamblinq cığırında qalibi Mixail Malkin Yaroslavlda da "qızıl”ı əldən verməyib. Yarışlar çərçivəsində təşkil edilmiş "Rusiya-Azərbaycan Dostluq Kuboku-2018” adlı turnirdə hakimlərdən 79,200 xal alan təmsilçimiz fəxri kürsünün ilk pilləsinə yüksəlib.
Tamblinq cığırında növbəti medalı komandamızın hesabına 11-12 yaşlı uşaqlar arasında çıxış edən Bilal Qurbanov yazdırıb. Final mərhələsində 59,800 xal toplayan gimnastımız bürünc medala layiq görülüb.
Bilalla eyni yaş qrupunda çıxış edən Hüseyn Əsədullayev 9-cu, bu yaş kateqoriyasında qızlar arasında yarışan Zeynəb Qasımlı 5-ci, 13-17 yaşlılar arasında isə Adil Hacızadə 14-cü yerdə qərarlaşıb.
Fərdi batut proqramında finala adlamağı bacaran Hüseyn Abbasov 11-12 yaşlı gimnastlar arasında 5-ci, Selcan Mahsudova isə 13-17 yaş kateqoriyasında 15-ci olub.
Qeyd edək ki, yığma komandanın üzvləri bu ilki yeni çıxış proqramlarını ilk dəfə bu turnirdə nümayiş etdiriblər.