178 kiloqram narkotik maddə aşkarlanıb.
Azərbaycanın Dövlət Gömrük Komitəsi 2014-cü ilin statistik göstəricilərini açıqlayıb.
DGK-dan AZXEBER.COM-a verilən məlumata görə, ötən il 10 min 811 hüquqpozma faktı aşkarlanıb.
Bu faktlardan 424-ü cinayət xarakterli faktlar olub və həmin faktlar üzrə 2 milyon 577 min manatlıq qaçaqmalçılıq əşya və predmetləri müsadirə edilib.
Bundan başqa, komitə 2014-cü ildə narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 158 fakt aşkarlayıb, ümumilikdə 178 kiloqramdan çox narkotik maddə götürülüb.
Gömrük xidmətinin itləri də ötən il fərqləniblər. Belə ki, itlərin tətbiqi nəticəsində ümumilikdə 7 kiloqramdan çox narkotik maddə aşkarlanaraq götürülüb.
Ümumilikdə ötən il 287 hüquqi və 10 min 89 fiziki şəxs (6218 nəfər xarici vətəndaş) inzibati məsuliyyətə cəlb edilib, həmin şəxslərə qarşı 1 milyon 206 min manatlıq cərimə tətbiq olunub, onların 228 min manatlıq malları müsadirə edilib.
Bundan başqa, ötən il sərhəddə qanun pozucularından 514 500 ABŞ dolları, 72 100 avro, 630 000 rus rublu, 730,6 qram qızıl, 130 ədəd qızıl zinət əşyaları, 62 kq 429 qram gümüş aşkar olunub.
Gömrükçülər həmçinin 2 milyona yaxın petarda və digər pirotexniki məhsullar, elektroşoker, odlu silah patronları, ov tüfəngləri, pnevmatik silahlar, qaz tapançaları, civə, qara kürünün ölkəyə qanunsuz keçirilməsinin qarşısını alıblar.
Sərhəddə həmçinin ölkəyə qanunsuz yollarla gətirilməsinə cəhd göstərilən 12 milyondan çox siqaret, 1 tondan çox və 5792 ədəd spirtli içki aşkarlanıb.