Müstəqil və müasir Azərbaycan dövləti inkişaf dövründə mövcud olan çətinliklərin öhdəsindən məharətlə gəldi. İqtisadi inkişaf yoluna qədəm qoyan ölkəmizdə bir-birinin ardınca genişmiqyaslı layihələr gerçəkləşdirilir. Bu da Azərbaycanın inkişaf strategiyasında öz bəhrəsini göstərməklə dövlətimizin inkişafına və cəmiyyətin rifahına xidmət edən mühüm amildir.
Dövlətimizin davamlı inkişafını təmin etmək üçün Azərbaycanda bütün zəruri amillər mövcuddur. Sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolunu inamla keçərək Azərbaycan sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanınıb. Sabitlik və əmin-amanlıq bu günkü reallığı səciyyələndirən başlıca əlamətdir.
Ölkəmizin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmış, cəmiyyətdə dövlətçilik ənənələri güclənmiş, müasir sosial-iqtisadi infrastruktur quruculuğu uğurla həyata keçirilmişdir. Dünya dövlətləri arasında nüfuzuna görə lider olan Azərbaycanla birgə layihələr həyata keçirməyə maraqlı olan dövlətlər yaxşı bilirlər ki, dövlətimiz gündən-günə güclənir.
Cənubi Qafqazın lider dövlət kimi reallaşdırdığı beynəlxalq miqyaslı layihələrlə dünyanı heyrətləndirməyə davam edən Azərbaycan daha bir mötəbər tədbirə ev sahibliyi etdi. 25 noyabr tarixində ölkəmizdə "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib.
Möhtərəm Prezident cənab İlham Əliyev konfransda çıxış edərək Orta Dəhliz kimi irimiqyaslı layihəni icra etmək üçün təhlükəsizlik və iqtisadi bacarıq məsələlərinin müzakirə olunmasının vacibliyini diqqətə çatdırıb. Ölkə başçısı Azərbaycanda uzun illərdir ki, sabitliyin olmasını bizim iqtisadi inkişafımızın əsas amillərindən olduğunu vurğulayıb.
Azərbaycanda güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və hökumət siyasətimizin proqnozlaşdırılması - bütün bu amillərin olması ölkəmizi mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlərin qurulmasına gətirib çıxardıb. Buna görə siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat - bütün bu amillər çox vacibdir. Bununla yanaşı, Orta Dəhlizin bir hissəsi olan hər bir ölkənin daxildə etdikləri də vacibdir. Başqa sözlə desək, fiziki nəqliyyat və logistika infrastrukturunu yaratmaq üçün onlara aid ev tapşırığının yerinə yetirilməsi səviyyəsinin nə yerdə olması da vacibdir.
Eyni zamanda, ölkəmizin Avropa ilə Asiyanın arasında yerləşməsi Orta Dəhliz marşrutunun bağlılıq məsələlərində mühüm rol oynamağa imkan verir. Həmçinin, Azərbaycanda uzun illər ərzində yatırılmış sərmayə və görülmüş işlər nəticəsində dəmir yolları, yol infrastrukturu sahəsində böyük uğurlar əldə olunub. Həm daxili yol infrastrukturu, həm də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ölkəmizin ərazisindən keçən yüklərin də həcmini dəfələrlə artırıb. Bu səbəbdən də Azərbaycan Bakı-Tbilisi-Qarsın Gürcüstan hissəsinin genişləndirilməsinə sərmayə yatırır, yük qatarlarının sürətini artırmaq üçün yeni dəmir yolları tikilir. Bununla yanaşı, nəqliyyat-kommunikasiya layihələrinin nisbətən yeni elementi olan dəniz ticarət limanı 15 milyon tondan 25 milyon tona qədər genişləndirilir, hava limanları layihələrinin də tamamlanması prosesi gedir.
Cənab Prezident İlham Əliyev konfransda İran-Azərbaycan münasibətlərinə də diqqət çəkdi və hazırda baş verənlərin Azərbaycan tərəfindən yaradılmadığını diqqətə çatdırdı. İşğal dövründə İran hərbi qüvvələri Azərbaycanın işğal olunmuş ərazisi ilə sərhəd olan ərazidə heç vaxt hərbi təlim keçirməyib. Azərbaycanla İranın sərhəddinin 132 kilometri işğal altında olub. İran rəsmiləri, o cümlədən çox yüksək vəzifəli şəxslər Ermənistanın ərazi bütövlüyünün İran üçün qırmızı xətt olduğunu bildirirlər. Ölkə başçısı onu da bildirdi ki, İranda yaşayan azərbaycanlılar bizim millətin bir parçasıdır. Dövlətimiz Azərbaycanın və azərbaycanlıların, o cümlədən İrandakı azərbaycanlıların dünyəvi inkişafını təmin etmək üçün hər şeyi edəcəkdir. Həmçinin hər bir azərbaycanlının, eləcə də İranda yaşayan azərbaycanlıların öz doğma dilində təhsil almaq hüququ vardır. İranda erməni məktəbləri var, ancaq Azərbaycan məktəbləri yoxdur. İrandan fərqli olaraq, Azərbaycanda 340 məktəbdə tədris rus dilində aparılır, bundan əlavə, 10 gürcü məktəbi var. Lakin Gürcüstanda 200-300 minə yaxın azərbaycanlı yaşasa da, burada 116 Azərbaycan məktəbi vardır. Bu və digər mühüm faktları qeyd edən Azərbaycan Prezidenti bəyan etdi ki, düzdür, Azərbaycan bütün qonşularla sülh və dostluq münasibətlərinin qurulmasını istəyir. Lakin, Azərbaycan həmişə öz ləyaqətini, müstəqilliyini, həyat tərzini müdafiə edəcək və heç bir xarici qüvvəyə öz standartlarını və iradəsini hökumətimizə və xalqımıza tətbiq etməyə imkan verməyəcək.
Konfransda Azərbaycanın həyata keçirdiyi, eləcə də planlaşdırdığı enerji layihələri, bu layihələrin beynəlxalq əhəmiyyəti, həmçinin ölkəmizdə mövcud olan böyük nəqliyyat-kommunikasiya potensialı haqqında geniş məlumat verən cənab Prezident İlham Əliyev mövcud imkanları və bu istiqamətdə xarici ölkələrlə olan əlaqələri dəyərləndirdi. Verilən sualları cavablandıran ölkə başçısı bir daha öz fikirləri ilə təsdiq etdi ki, Azərbaycan xalqının və dövlətinin milli maraqları bütün məsələlərdən öndə dayanır. Bir sözlə, Konfransdakı çıxışı Azərbaycan Prezidentinin milli maraqlarımız naminə qətiyyətli siyasət həyata keçirdiyini bir daha təsdiq etdi. Bu konfrans bizə regionun reallıqlarını, Azərbaycanın planlarını və qonşu dövlətlərlə ünsiyyətimizi daha yaxşı anlamağa imkan verəcəkdir.
Naftalan şəhər sakini Qasım Həsənov