Makedoniyanın paytaxtı Skopyedə gənclər arasında güləş üzrə Avropa çempionatı start götürüb.
AZXEBER.COM-un məlumatına görə, çempionatın ilk günündə 50, 60, 74 və 96 kq çəki dərəcəsində gənc yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
Millimizin üzvləri ilk gündə 1 gümüş və 1 bürünc medal qazanıb. 50 kq Mübarizəyə 1/8 finaldan başlayan Ramiz Məmmədovun ilk rəqibi Rusiya güləşçisi Batır Bultayev olub. Tam üstünlüklə rəqibinə (8:0) qalib gələn güləşçimiz 1/4 finalda gürcü İrakli Şavadzeni məğlub edə bilməyib – 0:6. Rəqibinin finala yüksəlməsi Məmmədovun bürünc medal şansı verib. Həlledici görüşdə Ramizin rəqibi Türkiyə təmsilçisi Yasin Karadaşlı olub. 8:4 hesablı qələbə ilə güləşçimiz Avropa çempionatının bürünc medalını qazanıb. 60 kq Yeniyetmələrin Sinqapur Olimpiadasının qalibi Elman Muxtarov 1/16 finaldan mübarizəyə qoşulub. Ardıcıl olaraq Finlandiya təmsilçisi Cerri Pitkaneni (6:1), xorvatiyalı Kristian Simatiçi (6:1) məğlub edən Muxtarovun 1/4 finalda rəqibi almaniyalı Deniz Menekşe olub. Rəqibinə heç bir şans verməyən (5:0) Elman yarımfinala vəsiqə qazanıb. O, finala yüksəlmək üçün gürcü güləşçisi Kviça Tçitavanı (4:1) məğlub edib. Finalda Rusiya təmsilçisi Artur Süleymanova 1:7 hesabı ilə uduzan Muxtarov gümüş medalla kifayətlənib. 74 kq Hacımurad Bağmanov 1/8 finalda Rusiya güləşçisi Adlan Akiyevə 0:4 hesabı ilə yenilib.Rəqibin finala yüksəlməsi güləşçimizə təsəlliverici görüşə qatılmaq imkanı verib. Bu imkanı müsbət dəyərləndirən Hacımurad macarıstanlı Erik Silvassini məğlub edərək, bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Ancaq o, həmin döyüşdə gürcü Laşa Qobadzeni üstələyə bilməyib. 96 kq Əli Həsənov da mübarizəyə 1/8 finaldan qoşulub. Növbəti mərhələyə keçmək üçün təmsilçimiz macarıstanlı güləşçi Zkolt Toroku məğlub etməli olsa da, bu vəzifənin öhdəsindən gələ bilməyib - 2:7. Rəqibinin finala yüksəlməsi güləşçimizə bürünc medal qazanmaq şansı versə də, Əli bunu dəyərləndirə bilməyib.