"Azərbaycan hər şeydən öncə hərbçilərinin təhlükəsizliyini nəzərə alır”

"Azərbaycan hər şeydən öncə hərbçilərinin təhlükəsizliyini nəzərə alır”
SOSİAL
17:24 08.01.2026
96
"Azərbaycanın indiki halda Qəzzaya hər hansı sülhməramlı qüvvə göndərmək niyyəti yoxdur. Cənab Prezident bu mövqeyi yerli televiziya kanallarına verdiyi müsahibəsində də vurğulayıb. Bu yanaşma ilk növbədə ölkəmizin milli maraqlarına və regionda mövcud reallıqlara əsaslanır”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Mətin Məmmədli bildirib. 

O bildirib ki, Qəzza sektorunda münaqişə tam həllini tapmayıb:

"Mövcud vəziyyət göstərir ki, hələ də Qəzza sektorunda atəşkəs elan edilsə də, münaqişə tam həllini tapmayıb. Tərəflər arasında bir sıra prinsipial məsələlər üzrə fikir ayrılıqları qalmaqdadır və yeni müharibənin başlama potensialı kifayət qədər yüksəkdir. Belə şəraitdə Azərbaycan hərbçilərinin Qəzzada sülhyaradıcı missiyada iştirakı həm hərbi, həm də siyasi risklər yarada bilər. Azərbaycan hər şeydən öncə hərbçilərinin təhlükəsizliyini nəzərə alır”.

Şöbə müdiri deyib ki, Azərbaycan indiyə qədər bir sıra ölkələrdə sülhməramlı əməliyyatlarda iştirak edib:

"Azərbaycan indiyə qədər bir sıra ölkələrdə sülhməramlı əməliyyatlarda iştirak edib. Lakin həmin missiyaların təbiəti Qəzzadakı vəziyyətlə müqayisədə fərqli olub. Qəzza sektoru ilə bağlı isə bir sıra suallar hələ də aydın deyil. Sülhməramlıların konkret missiyası və funksiyaları məlum olmadığından, bu məsələlər tam müəyyənləşdikdən sonra Azərbaycan sülhməramlı kontingent göndərmək barədə qərar verə bilər”.

M.Məmmədli deyib ki, Azərbaycan Qəzzada davamlı sülhün əldə olunmasında maraqlıdır:

"Azərbaycan Qəzzada davamlı sülhün əldə olunmasında maraqlıdır. Ölkəmizin mövqeyi münaqişənin tam həllinə yönəlmişdir. İki dövlətli həll prinsipinə uyğun olaraq Fələstinlilərin dövlət yaratmaq hüququ tanınmalıdır. Azərbaycan bu mövqeyini indiyə qədər dəfələrlə ifadə edib və Fələstin tərəfinə humanitar yardım göstərib. Bununla belə, Azərbaycan öz milli maraqlarını hər zaman prioritet tutur”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR