Azərbaycan hərbçisinin meyitinin ermənilərdə olduğu - Təsdiq edildi

SOSİAL
18:04 18.04.2016
2665
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bu gün erməni KİV-lərində azərbaycanlı hərbçinin meytinin onlarda olmaması barədə yaydığı məlumata aydınlıq gətib.
Komissiyadan verilən məlumatda bildirlir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bir daha bəyan edir ki, aidiyyəti beynəlxalq təşkilatların vasitəçiliyi ilə əldə edilmiş razılaşmaya uyğun olaraq tərəflərin nəzarəti altında olan hərbçilərin meyitlərinin qarşılıqlı repatriasiyasının pozulmasında məsuliyyət tam şəkildə Ermənistan tərəfinin üzərinə düşür.
Hadisənin xronologiyası da qeyd edilənləri sübut edir. Belə ki, 16 aprel 2016-cı il tarixdə saat 09:15-də Ermənistana məxsus https://news.am/rus/news/322696.html saytında bir Azərbaycan hərbçisinin meyitinin tapılması barədə məlumat yayılmışdır. Məlumat yayıldıqdan dərhal sonra Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə əlaqə yaradılmış və dəqiqləşdirilməsi barədə məsələ qaldırılmışdır. BQXK tərəfindən həmin gün, saat 10:00-11:00 radələrində Komissiyaya verilmiş məlumata əsasən, bu qurum məsələni araşdırmış və Azərbaycan hərbçisinin meyitinin erməni tərəfinin əlində olduğunu təsdiq etmişdir.
Aparılmış danışıqlara uyğun olaraq Azərbaycan hərbçilərinin nəzarəti altında olan ərazidə tapılmış bir Ermənistan hərbçisinin və ermənilər tərəfindən tapılmış bir Azərbaycan hərbçisinin meyitlərinin 17 aprel 2016-cı il tarixdə, saat 10:30-da qoşunların təmas xəttində repatriasiyası barədə razılıq əldə edilmişdir.
Lakin 16 aprel 2016-cı il tarixdə, saat 22:30- radələrində Ermənistan tərəfi beynəlxalq təşkilatlara onlarda Azərbaycan hərbçisinin meyitinin olmadığını bildirmiş, guya səhv etdiklərini bəyan etmişlər. Aid olduqları dini mənsubiyyətlərinə görə azərbaycanlının və erməninin meyitinin fərqləndirilməsi üçün saniyələrin tələb olunduğunu nəzərə alsaq, erməni tərəfinə bu iş üçün 12 saat vaxtın tələb edilməsi başa düşülmür. Bu hal Ermənistan tərəfinin yeni çirkin oyun planlaşdırmasının göstəricisi olmaqla yanaşı, beynəlxalq humanitar hüquq normalarının pozulmasının bariz nümunəsidir.
Dövlət Komissiyası erməni tərəfinin çirkin təxribatlarına şəraitin yaradılmaması üçün aidiyyəti beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmış, itkin düşmüş insanların sonrakı taleyinin aydınlaşdırılması kimi humanitar problemin həllində prinsipiallıq nümayiş etdirməyə çağırmışıdır.
Bildiririk ki, məsələ Dövlət Komissiyasının gündəlik diqqət mərkəzindədir. Hazırda aidiyyəti beynəlxalq təşkilatların vasitəçiliyi ilə axtarış tədbirləri Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən davam etdirilir. Axtarışın nəticəsi barədə ictimaiyyətə əlavə məlumatlar veriləcəkdir.

OXŞAR XƏBƏRLƏR