Hacıbəy Heydərli,
Azxeber.com saytının baş redaktoru
Koronavirus pandemiyası ölkəmizdə pik dövrünü yaşayır. Dünən 387 nəfər virusa yoluxub, artıq hər kəsin tanışı, dostu, yaxını və ya tanıdığı, sevdiyi məşhur bir insan bu virusdan əziyyət çəkir.
Ancaq dünyanın bir olub, sosial məsafəni, izolyasiya qaydalarını qoruyub, virusa qalib gəldiyi bir zamanda biz hələ də "koronavirus var ki?” sualına cavab axtarırıq.
Bu gün Türkiyənin ən böyük "Telegram” səhifəsində bir sorğu gözümə sataşdı. "Sizcə küçəyə çıxmaq qadağası yenidən bərpa edilməlidirmi?” sualına qardaş ölkə əhalisinin 85 faizi "evet” cavabını vermişdi. Buna səbəb isə yoluxmanın dünən cəmi 100 nəfər artmasıdır.
Ancaq bizdə qadağanı bitməsini fişənglə qeyd edənlər, qadağaya görə torpaq yolla rayonlara axın edənlər çoxluq təşkil edir. Bəs buna səbəb nədir?
Məncə, əsas səbəb insanların media və dövlət qurumlarından çox whatsapp-dakı xalaların dediyinə inanmasıdır. Yadınızdadırsa, ilk günlər sosial şəbəkədə yayılan səs yazıları insanları qorxuya salmışdı, hər kəs virusun varlığına inanırdı. O səs yazıları isə kimliyi bəlli olmayan şəxslər tərəfindən yayılırdı. Daha sonra həmin səsyazıları təkzib olundu, yoluxma azaldı və sanki insanlar rahatlaşdı.
Başqa bir səbəb isə ölkədə güvənilən ziyalıların olmamasıdır. Cəmiyyətin sözünü dinlədiyi, inandığı neçə həkim tanıyırıq? "Koronavirus yayda yoxa çıxacaq” deyən Rəşid Mahmudovdan başqa biz kimə inanırıq? Qardaş Türkiyədə bu işi təkbaşına Səhiyyə Naziri Fahrettin Koca apardı, nazir sosial media baxımından mükəmməl iş apardı, hətta o qədər möhtəşəm işlər apardı ki, hazırda Türkiyədə ən çox izlənilən şəxsdir. Ancaq nazir olduğuna görə yox, uzun illər həkim kimi çalışdığı və Türkiyənin ən böyük və ən güvənilən xəstəxanalar şəbəkəsini yaratdığı üçün inam qazanmışdı.
Bu məsələdə biz TƏBİB-in faəliyyətini də yüksək qiymətləndirməliyik. Ramin Bayramlı cəmiyyət üçün yeni sima olduğuna görə dediklərini eşidib, riayət edən xeyli insan oldu. Ancaq bəzi fikirlərinin təhrif olunması və sosial şəbəkələrdə aktiv olmaması onun xeyrinə olmadı.
Hər kəs anlamalıdır ki, artıq sosial media dövrüdür. İstənilən yalan da, doğru da burada yayılır. TV-lər və saytlar nə xəbər verirsə, insanlar həmin an sosial şəbəkəyə daxil olub, şərhləri oxuyur, əgər şərhlərdə "əşşi, boş şeydir, xalamın bibisi nəvəsinin qonşusu öldü və korona yazılması üçün 3 min manat verildi” yazılırsa, insan tv və saytlara yox, o şərhə inanacaq. Çünki o şərhi yazan, onların içindən çıxıb. Təbliğatı sadə və xalqın içindən çıxan insanlar üzərindən qurmaq lazımdır, insanlar doğruları rəsmi yox, onlar kimi düşünən vətəndaşlardan eşitmək istəyir. Bu işdə isə ziyalılar, güvənilən həkimlər, professerlar, ekspertlər, din xadimləri mühüm rol oynayır.
Bizdə bu kateqoriyaya aid neçə nəfər var?
Bizə bu günlərdə yalnız bir olub, bu virusa qalib olmaq düşür. Prezident İlham Əliyevin dediyi #bizbirlikdəgüclüyük mesajı hər bir azərbaycanlı üçün əsas xətt olmalıdır. Birlik göstərsək, həm virusa qalib gələrik, həm də bizim üçün canlarından keçən həkimlərimizi bu çətinlikdən qurtararıq.