xari

'Azərbaycan iqtisadiyyatına 120 milyard dollara yaxın investisiya qoyulub'

İQTİSADİYYAT
16:07 07.02.2012
2225

Bu günədək Azərbaycan iqtisadiyyatına təxminən 120 milyard dollar investisiya qoyulub. AZXEBER.COM-un məlumata görə, bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayevin çərşənbə axşamı rəsmi mətbuatda dərc olunmuş məqaləsində deyilir.

"Azərbaycanda əlverişli biznes və investisiya mühitinin yaradılması sayəsində indiyədək ölkə iqtisadiyyatına 120 milyard dollara yaxın investisiya qoyulub", - Mustafayev deyib.

Onun sözlərinə görə, 2011-ci ildə Azərbaycan iqtisadiyyatına 20 milyard dollar investisiya yatırılıb. Bunun 7 milyardı xarici, 13 milyardı isə daxili investisiyaların payına düşür.

"İnvestisiyaların 15,7 milyard dolları qeyri-neft sektorunun, 4,3 milyardı neft sektorunun payına düşür. Ötən il ölkə iqtisadiyyatının müxtəlif sahələrinin inkişafına dövlət vəsaitləri hesabına 5,9 milyard manatlıq investisiya yönəldilib", - Mustafayev deyib.

Nazirin sözlərinə görə, bu investisiyaların 59 faizindən çoxu və ya 3,5 milyard manatı infrastruktur layihələrinə yönəldilib. O cümlədən, 1,9 milyard nəqliyyat sahəsindəki layihələrə, 900 milyon manatdan çox kommunal infrastruktura, 200 milyona yaxın suvarma və su resursları layihələrinə ayrılıb.

"Ötən il həyata keçirilən dövlət investisiyalarının 28,8 faizi və ya 1,7 milyard manat sosial yönümlü layihələrə, o cümlədən 220 milyon manat ümumtəhsil məktəblərinin, peşə liseylərinin təmiri və tikintisinə, 90 milyon manat ali məktəblərin və elmi müəssisələrin təmiri və tikintisinə, eləcə də başqa elmi xərclərə, 128 milyon manatdan çox səhiyyə obyektlərinin tikintisinə və avadanlıqlarla təchizinə, bir milyard manatdan artıq mədəniyyət obyektlərinin yenidən qurulmasına və tikintisinə, 42 milyondan artıq əlillər və şəhid ailələri üçün mənzillərin tikintisinə yönəldilib", - Mustafayev deyib.

Fevralın 7-nə olan rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir.

OXŞAR XƏBƏRLƏR