Azərbaycan İsrailin terror xəbərdarlığına cavab verdi

SİYASƏT
20:57 25.03.2015
1972

"Öz vətəndaşlarının təhlükəsizliyinin qeydinə qalmaq üzrə tədbirlər hər bir dövlətin suveren qərarıdır. Azərbaycanın hüquq-mühafizə və təhlükəsizlik orqanlarının yüksək peşəkarlıqla həyata keçirdiyi davamlı tədbirlər nəticəsində vətəndaşlarımızın və ölkəmizdə olan əcnəbi qonaqların təhlükəsizliyi təmin olunur və Azərbaycanda təhlükəsiz və sabit mühit hökm sürür".

Bu sözləri Israilin terror təhlükəsinə görə öz vətəndaşlarına bir sıra ölkələrə, o cümlədən Azərbaycana səfər etməməyə dair tövsiyəsinə münasibət bildirən XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. 

Virtualaz.org saytının İsrail mənbələrinə istinadən xəbər verdiyi kimi, martın 22-də İsrail hökumətinin Antiterror Qərargahının israilliləri hazırda xaricdə olan yəhudiləri qarşıdakı bayram günlərində bir sıra ölkələrə səyahət etməkdən çəkinməyə çağıran xəbərdarlığı yayılmışdı. Siyahıda Azərbaycan da yer alır.

Xəbərdarlıqda deyilirdi ki, İsrail vətəndaşları və hazırda xaricdə olan yəhudilər qarşıdakı bayram (Pesax, Müstəqillik Günü və Laq ba-Omer) günlərində bəzi xarici ölkələrdə potensial terror aktı təhlükəsi ilə üzləşə bilərlər.

Xəbərdarlıq 27 ölkəyə, 8 ölkə ilə həmsərhəd regiona və qanunla İsrail vətəndaşlarının səyahətinin qadağan olunduğu 6 ölkəyə aiddir.

İsrail vətəndaşlarının səyahətinin qadağan olunduğu ölkələr İran, Livan, Suriya, İraq, Səudiyyə Ərəbistanı və Yəməndir. Yüksək terror təhdidinin mövcud olduğu ölkələr isə Livan, Sudan, Somali, Əlcəzair, Cibuti, Mavritaniya və Tunisdir. Qərargah xəbərdarlıq edir ki, hazırda bu ölkələrin ərazisində olan israillilər mümkün qədər qısa müddət ərzində oranı tərk etməlidir.

Analoji xəbərdarlıq Əfqanıstana, İndoneziyaya, Burkino-Fasoya, Kot d İvuara, Toqoya, Maliyə, Malayziyaya və Pakistana da aiddir. Həmçinin Tailandın cənubu, Çeçenistan və Kəşmir də təhlükəli bölgə elan edilib. Terror təhlükəsinin ciddi və konkret olduğu ölkələrə Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, İordaniya, Küveyt, Qətər və Misir daxildir. İsraillilərə xüsusən bayram günlərində bu ölkələrə səfərdən imtina etmək məsləhət görülür.

Potensial olaraq daimi terror təhlükəsinin mövcud olduğu ölkələr sırasında həmçinin Türkiyə, Nigeriya, Keniya və Azərbaycan daxildir. Qərargah Mərakeş və Omana da səfərləri mümkün olduqca təxirə salmağı tövsiyə edir.

Qərargah siyahıda yer alan ölkələrə səfərlərdən imtina etməyə çağırmaqla yanaşı bu günlərdə xaricdə olan yəhudilərə xəbərdarlıq edir ki, həm biznes, həm əyləncə sahəsində qəfil təklifləri qəbul etməsinlər. Sutkanın qaranlıq vaxtlarında gözlənilməz və planlaşdırılmamış görüşlərə getməsinlər. İnsanların sıx toplaşdığı yerlərdən uzaq dursunlar.

OXŞAR XƏBƏRLƏR