Sentyabrın 22-dən 25-dək Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyi ilə bağlı tədbirlər keçiriləcək.
APA-nın məlumatına görə, yubiley tədbirləri çərçivəsində Bakıda Avropa Milli Kitabxanaları Konfransı (CENL) beynəlxalq təşkilatının 27-ci illik görüşü və Avrasiya Kitabxanalar Assambleyası (BAE) əməkdaşlıq təşkilatının XV iclası gerçəkləşəcək. Tədbirlərdə 40-dan çox ölkədən milli kitabxana direktorlarının, ümumilikdə 65 nəfər qonağın iştirakı gözlənilir.
Qonaqlar sentyabrın 23-də III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılış mərasimində də iştirak edəcəklər. 15-dən artıq ölkənin milli kitabxanası öz eksponatlarını sərgi-yarmarkada nümayiş etdirəcək. Sərgi-yarmarkanın sonunda kitablar Azərbaycan Milli Kitabxanasına hədiyyə olunacaq.
Sentyabrın 25-də Azərbaycan Milli Kitabxanasının Rusiyanın B.N.Yeltsin adına Prezident Kitabxanası və Serbiya Milli Kitabxanası ilə əməkdaşlığı barədə memorandumların imzalanma mərasimi, həmçinin Azərbaycan Milli Kitabxanasının "Nadir kitablar və kitabxananın muzeyi" şöbəsinin açılış mərasimi olacaq.