“Azərbaycan münaqişədən sülhə keçidin mümkün olduğunu göstərdi” - Deputat

“Azərbaycan münaqişədən sülhə keçidin mümkün olduğunu göstərdi” - Deputat
SİYASƏT
13:14 12.03.2026
261
Bakı şəhərində keçirilən XIII Qlobal Bakı Forumu zamanı çıxış edən İlham Əliyev dünyada artan münaqişələrin və yeni gərginlik ocaqlarının beynəlxalq təhlükəsizlik sisteminə ciddi təhdid yaratdığını bildirib.

Dövlət başçısı qeyd edib ki, beynəlxalq hüquq normalarına əməl olunmaması, dövlətlərin ərazi bütövlüyünün pozulması və beynəlxalq təşkilatların qərarlarına məhəl qoyulmaması qlobal nizamın əsaslarını sarsıdır. Prezident həmçinin vurğulayıb ki, forumun gündəliyi geniş olsa da, əsas diqqət regionda və dünyada mövcud təhlükəsizlik və sabitlik məsələlərinə yönəldiləcək. Eyni zamanda, İlham Əliyev vurğulayıb ki, təhlükəsizlik məsələləri istənilən ölkənin gündəliyində birinci yerdə olmalıdır. 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev AZXEBER.COM-a bildirib ki, Prezident çıxışı ilə Azərbaycanın əldə etdiyi bu təcrübəni beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı:

"Cənab Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunda çıxışı zamanı əsasən beynəlxalq hüquqa hörmətin və dövlətlərin ərazi bütövlüyünün qorunmasının qlobal təhlükəsizlik və sabitlik üçün ən vacib məsələlərdən biri olduğunu vurğuladı. Eyni zamanda Azərbaycanın bu proseslərdə keçdiyi yolun - münaqişədən sonra sülhə keçidin mümkün olduğunu göstərdi. Prezident öz çıxışı ilə Azərbaycanın əldə etdiyi bu təcrübəni beynəlxalq ictimaiyyət üçün nümunə olduğunu nümayiş etdirdi. Hər bir post-münaqişə dövrü üçün bu model tətbiq oluna bilər”.

Parlamentari qeyd edib ki, Azərbaycan məğlub tərəfə sülh təklifi ilə müraciət edir:

"Forum zamanı Azərbaycanın işğal, etnik təmizləmə və ağır münaqişə mərhələlərindən keçmiş bir dövlət kimi suverenliyini və ərazi bütövlüyünü güc yolu ilə bərpa etməsindən də danışıldı. Beynəlxalq qətnamələrin qəbul olunmasına baxmayaraq, onların icra olunmaması ciddi fəsadlara səbəb olub. Bu gün isə elə bir vəziyyət yaranıb ki, Azərbaycan məğlub tərəfə sülh təklifi ilə müraciət edir. İlham Əliyev beynəlxalq təşkilatların qərarlarına məhəl qoyulmamasının beynəlxalq nizamın əsaslarını sarsıtdığı vurğuladı. Beynəlxalq hüquq normalarına əməl olunmadıqda dövlətlərin ərazi bütövlüyü pozulur. Buna görə də beynəlxalq qurumlar qəbul edilən qətnamələrin həyata keçirilməsi üçün daha ciddi və qəti addımlar atmalıdır”. 

Deputat vurğulayıb ki, dünyada beynəlxalq güclər beynəlxalq hüququ üstələyir:

"Dünyada  gərginlik və təhlükəsizlik beynəlxalq hüququn zəifləməsi ilə əlaqəlidir. Beynəlxalq güclər beynəlxalq hüququ üstələyir. Bunu isə yenidən bərpa etmək lazımdır. Əks halda yeni münaqişə ocaqları yarana bilər. Uzunmüddətli qarşıdurmalar qlobal təhlükəsizlik sisteminə daim təhlükə yaradır və beynəlxalq sabitliyi zəiflədir. Son dövrlərdə baş verən hadisələr Rusiya‑Ukrayna müharibəsi və Yaxın Şərqdəki gərginliklər bunu bir daha göstərir. Prezidentin apardığı siyasətin əsas istiqamətinin Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin qorunması, ölkə vətəndaşlarının rifahının təmin edilməsi və regionda sülhün bərqərar olunmasıdır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR