Səfir Albaniya prezidenti Buyar Nişaninin və baş nazir Edi Ramanın salamlarını dövlət başçısına çatdırıb. O, əməkdaşlığın genişləndirilməsində xalqlar arasında mövcud yaxın əlaqələrin əhəmiyyətini qeyd edib. Albaniyalı diplomat prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünyada mövqelərinin möhkəmlənməsini məmnunluqla vurğulayıb.
Dövlət başçısı Azərbaycanla Albaniya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirib. Ölkəmizin Albaniya ilə əlaqələri genişləndirməkdə maraqlı olduğunu deyən prezident İlham Əliyev regional əhəmiyyətli birgə enerji layihəsinin önəmini qeyd edib. Dövlət başçısı iqtisadiyyatın digər sahələrində də əməkdaşlığın inkişafı üçün yaxşı imkanların olduğunu vurğulayıb.
Prezident İ. Əliyev Küveyt Dövlətinin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Ruminin də etimadnaməsini qəbul edib.
Dövlət başçısı Azərbaycanla Küveyt arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini və bu münasibətlərin dostluq prinsipləri əsasında qurulduğunu deyib. Prezident ölkələrin bütün beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləməsinin önəmini vurğulayıb. Dövlət başçısı iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün də geniş imkanların olduğunu deyib.
Öz növbəsində, səfir yenidən prezident seçilməsi münasibətilə dövlət başçısını təbrik edib. O, ölkəsinin dövlət başçısının Azərbaycanla əlaqələrin genişləndirilməsi işinə böyük önəm verdiyini deyib.(APA)